Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


20 Yanvar- 20-ci əsrin faciəsi...

Azadlıq toxumunun əkildiyi o gün...

18.01.2023 10:15
145
A+
A-

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqillik uğrunda ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə  güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Fövqəladə vəziyyətin elan edilmədiyi Neftçala, Lənkəran rayonlarında isə 26 nəfər qətlə yetirildi. Bakıya yeridilmiş 60 min nəfərlik qoşun kontingentinə “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar və s. Əslində isə bu, açıq riyakarlıq, ağ yalan idi. Fakt göz qabağında idi. Əliyalın, günahsız, heç nədən xəbərsiz  Azərbaycan xalqı  və əlisilahlı qəddarlaşmış sovet  ordusu...

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma Rusiyada yayımlanan, Sovet İttifaqı Kommunist Partiyasının rəsmi qəzeti olan “Pravda” qəzeti 22 yanvar      tarixli nömrəsində yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Onların məqsədi əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır”.

Bəli, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən təcavüzkar siyasətin növbəti təzahürü idi. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyətlərini saxlamaq uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Ümummilli Lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

Bu hadisələr daim bizim yaddaşımızda qalacaq. İllər ötsə də, gənclərimiz həmin faciəli gecəni heç vaxt unutmayacaqlar. Ulu Öndər Heydər Əliyev deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan 20 Yanvar şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto