Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər bir vətəndaşın yaşayış yeri məlum olmalıdır

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevdən məlumatın daha dəqiq və ətraflı izahını soruşduq.

18.01.2023 10:22
170
A+
A-

Son günlər ölkə ərazisində qeydiyyatda olduqları ünvandan digər rayon və şəhərlərə gedərək 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevdən məlumatın daha dəqiq və ətraflı izahını soruşduq. Nurlan müəllim dedi ki, sosial şəbəkələrdə yayılan 2 həftə söhbəti tamamilə yanlışdır.

İlk növbədə bu qanuna riayət etmək ona görə vacibdir ki, dövlət qurumlarından vətəndaşlarla bağlı sorğu daxil olanda həmin şəxsi qeydiyyatda olduğu ünvanda tapmaq olmur. Məsələn, şəxs şəhərlərin (rayon) birində yaşayır, digər rayonda (şəhərdə) isə qeydiyyatdadır. Səfərbərliklə bağlı və ya digər nazirliklərdən, dövlət qurumlarından, məhkəmələrdən vətəndaşa  sorğu göndəriləndə vətəndaşı qeydiyyatda olduğu ünvanda tapmaq olmur və bu zaman bir çox problem yaranır. Prosedur ona görə həyata keçirilir ki, müvəqqəti dəyişibsə belə, hər kəsin yeri məlum olmalıdır. Deməli, yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur. Bu qanunun icrasında vətəndaş özü maraqlı olub, fəallıq göstərməlidir. Lakin bir daha qeyd edirəm ki, bu, sosial şəbəkələrdə yayılan 2 həftə ərzində deyil, vətəndaş qeydiyyatda olduğu ərazidən 60 günlük digər rayona və şəhərə gedib qalacaqsa, o zaman məlumat verməlidir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri  Sahib Məmmədov dedi ki, qanunda olan bu qərarın tətbiqi mümkün olarsa, yaxşı haldır. Çətin də olsa,  qanunun  tətbiqi zamanı ilk növbədə harda nə qədər əhali yaşayır bəlli olacaq.  Məsələn, sonuncu siyahıya alınma zamanı paytaxtın faktiki əhali sayını dəqiqləşdirmək  mümkün olmadı. Çünki  Bakıda yaşayan əhalinin əksər hissəsi rayonlarda qeydiyyatdadır. Bunun səbəbləri də həllini gözləyən başqa problemlərdəndir. Məsələn, çoxmərtəbəli binalarda mənzillərin təhvili zamanı çıxarışın verilməməsini və ya gec verilməsini, Bakı ətrafındakı qəsəbələrdə plana, təhlükəsizliyə riayət olunmadan, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evləri göstərmək olar. Qanunun icrası zamanı bu, necə tənzimlənəcək bilmirəm. Bu binalarda yaşayanlar məcburiyyətdən başqa ünvanlarda qeydiyyatdadırlar.

 S.Məmmədov qeyd etdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələndə 15 gündən artıq qalırsa, mütləq miqrasiya orqanından qeydiyyatdan keçməlidir. Bizim vətəndaşlar da daxili miqrasiya etdikdə müəyyən olunmuş gündən artıq qalacaqsa, olduqları yer barədə məlumat verməlidir.

Hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, qərar qanunda varsa, icra olunmalıdır. Bu, ölkədə təhlükəsizliyin daha yaxşı təmin olunması baxımından da önəmlidir. Müharibə təhlükəsi, terror hadisələri, dövlət əleyhinə müxtəlif təxribatların törədilməsi kimi arzuolunmaz hadisələrə  qarşı mübarizə zəminində də hər bir vətəndaşın yeri məlum olmalıdır ki, yoxlamalar zamanı çətinlik yaranmasın.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: