Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Say saxtakarlığı

dil çaşıb düzünü deyər

18.01.2023 10:53
69
A+
A-

Son vaxtlar sosial şəbəkələrdə  Ermənistanın “Vətəndaş Müqavilə” partiyasının deputatı Vigen Xaçatryanın açıqlaması gündəmdədir. O, mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın və separatçıların “dövlət naziri” Ruben Vardanyanın Qarabağda 120 min erməni sakinin yaşaması barədə iddialarını yalanlayıb.  Hakim partiyanın üzvü olan Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını deyib. O, eyni zamanda Qarabağın erməni əhalisi ilə Bakı arasında birbaşa dialoqun tərəfdarı olduğunu bildirib.

Ermənilərin bir-birindən kəskin şəkildə fərqlənən rəqəmlər səsləndirməsi Xankəndidə və ətraf ərazilərdə yaşayan əhalinin sayını şübhə altına qoyur. Hansı statistik rəqəm daha inandırıcıdır?

Politoloq İlyas Hüseynov isə burada diqqətçəkən məqamın ilk dəfə rəsmi səviyyədə Qarabağdakı ermənilərin həqiqi sayının etiraf edilməsi olduğunu vurğuladı. Əlavə etdi ki, son vaxtlara qədər Qarabağda 120 min erməninin yaşadığı deyilir və müxtəlif saxta dəlillərlə bunu “sübut etməyə” çalışırdılar. Hər vasitə ilə inandırmağa çalışırdılar ki, guya Qarabağda ermənilərin sayı çoxdur. Ancaq hakim partiyanı təmsil edən deputatın açıqlaması göstərdi ki, bu günə qədər Qarabağda yaşayan ermənilərin sayı şişirdilib.

Hazırda Laçın-Xankəndi yolunda ekoloqların başlatdığı aksiya bir sıra məqsədləri üzə çıxarır. Xüsusilə vurğulamaq lazımdır ki, separatçılar arasında da fikir ayrılıqları genişlənir və baş verənlər onlar arasında parçalanmaları daha da sürətləndirir. Elə ilk günlərdən 120 min  erməninin humanitar blokada vəziyyətində yaşaması ilə bağlı fikirlər də tamamilə qəbul olunmazdır. Vaxtilə SSRİ prezidenti Mixail Qorbaçov 120 min rəqəmini saxta olaraq dövriyyəyə buraxdı, lakin bu cür saxtakarlıq elementləri də SSRİ-nin özü kimi çox sürmədi. Məlumdur ki, həmin ərazidə 15-20 min erməni yaşayır və hətta Rusiyanın təhrif olunmuş mənbələrinə baxsaq görərik ki, orada 40-50 min erməni haqqında qeydlər var. Maraqlıdır ki, korrupsiyaya bulaşmış erməni lobbisinin təsiri altında olan siyasətçilər də 120 min rəqəmini utanmadan yazırlar.

Politoloq dedi ki, separatçı rejimdə seçkilər keçirməklə Ruben Vardanyanın uzaqlaşdırılması planı hazırda gündəmdədir. Lakin bu məsələnin özü də  Ermənistan və separatçı rejim üçün uçurumları nümayiş etdirəcək. Seçkilərdə legitim səs vermək hüququ olmayan şəxslərin  həqiqi sayı da üzə çıxacaq.  Yalandan rəqəmlərlə absurd seçkilər keçirtmək ermənilərin adətidir. Ola bilsin ki, separatçı rejimdə keçirilən seçkinin nəticəsini, Ermənistan başda olmaqla, digər dövlətlər də tanımasın. Bu günə qədər olan saxta seçkilərin nəticələrində həm də  seçici siyahıları formalaşırdı, bu da bizə imkan verir ki, orada olan insanların sayını müəyyən edə bilək. Vigen Xaçatryanın çıxışı, bütün proseslər onu göstərir ki, Ermənistanda saxtakarlıqlar, onların ifşaları ard-arda düzülür və ermənilərin iç üzünü bütün dünyaya göstərir. Hazırda onların son ümid yeri Azərbaycandır və çarəsizlikdən bizdən kömək istəyirlər. Lakin, düşünürəm ki, daxildə yaşanan iğtişaşlar daha da artacaq və yaxın zamanda ermənilər özləri -özlərini bitirəcəklər.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: