Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Lazımsız kağız parçalarının arxasınca qaçmırıq

.

25.01.2023 10:48
8
A+
A-

Siyasi dairələrdə Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyevin yanvarın 16-20-də Davos Dünya İqtisadi Forumunda iştirakı bir çox uğurlarla yadda qaldı. Onun Avropa dövlətlərinin hökumətlərinin başçıları, şirkətlərinin rəhbərləri ilə səmimi görüşləri, iqtisadi, ticari əməkdaşlıq barədə söhbətləri yaxın vaxtlarda Azərbaycan üçün yeni perspektivlərin açılacağından xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov dedi ki, Davos görüşləri təkcə yeni əməkdaşlıq perspektivlərinə geniş imkanlar açması ilə deyil, həm də ermənilərin, onların havadarlarının puç, mənasız ümidlərinə öldürücü zərbə vurmaqla əhəmiyyətli oldu. Düşmənlərimiz bir daha yəqin etdilər ki, Avropa Şurası parlamentarilərinin və Fransa senatının qətnamələri formal, uzağı tövsiyə xarakteri daşıyan kağız parçasından başqa bir şey deyil. Dünya ölkələrinin özlərinin iqtisadi maraqları var. Bu maraqlara Ermənistan deyil, Azərbaycanla əməkdaşlıq daha çox cavab verir.

Millət vəkili vurğuladı ki, bu gün  Avropa Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu həm ölkəmizin geosiyasi mövqeyi, həm də  İlham Əliyevin şəxsiyyətinə marağı, onun nüfuzunun və ona olan rəğbətinin göstəricisidir. Davos İqtisadi Forumunun gedişatı zamanı biz bunu daha aydın şəkildə gördük. Bir sıra dövlətlərin rəhbərləri görüşlərdə   Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlı öz müsbət fikirlərini söylədilər. Bütün bunların fonunda hələ də Avropanın bizə qarşı tutduğu mövqe heç də xoşagələn deyil. Bu, Azərbaycana növbəti qərəzin, növbəti ikili standartla yanaşmanın təzahürüdür, bariz nümunəsidir. Və əlbəttə ki, bu, qəbuledilməzdir. Qeyd etmək lazımdır ki,  cənab Prezidentin Forum çərçivəsində keçirdiyi görüşlərdə “Avrasiya Orta Dəhlizi: Yoldan Magistrala” panelində, dünyanın bir çox qlobal şirkətlərinin rəhbərləri ilə görüşdə Azərbaycanın iqtisadiyyatını, gücünü-qüdrətini onların və bütün dünyanın diqqətinə çatdırdı. Hesab edirəm ki, cənab Prezidentin keçirdiyi görüşlər, verdiyi bəyanatlar, atdığı addımlar öncə Azərbaycanın Avropa ilə enerji əlaqələrinin gücləndirilməsinə öz töhfəsini verəcək və eyni zamanda bizə qarşı qərəzli mövqe tutan, şər-böhtan atan dövlətlərə tutarlı cavab olacaq.  Avropa ilə əlaqələrimiz güclənir, inkişaf edir. Ermənilərdən, onların dəstəkçilərindən fərqli olaraq Azərbaycan lazımsız kağız parçalarının arxasınca qaçmır, hər şey  işimizdə, əməlimizdədir. Ümidvarıq ki, Avropanın bütün bunlardan sonra gözləri açılar, əyrini doğrudan seçə bilər.

Leyla PƏNAHOVA

 

ETİKETLƏR: