Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil

“Aptek işçisinin, ağrıkəsici olsa belə, ağır preparatlı dərmanları xəstəyə təklif etmək ixtiyarı yoxdur.

25.01.2023 14:34
112
A+
A-

Son vaxtlar tez-tez yerli televiziya kanallarında dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Həmçinin məşhur şəxslərin sosial şəbəkə hesablarından  müxtəlif dərman və qida əlavələrini reklam etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul ediləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva dedi ki, ümumiyyətlə, elə dərman vasitələri var ki, onların apteklərdə satışı yalnız reseptlə mümkün olur, amma reseptsiz satılan dərman preparatlarının da sayı olduqca çoxdur. Lakin bu o demək deyil ki, hər hansı bir dərman reseptsiz verilirsə, insanlar həkim məsləhəti olmadan onu qəbul edə bilərlər. Əfsuslar olsun ki, belə hallara çox təsadüf edirik. Məsələn, bir vətəndaşımız xəstələnirsə, bu zaman dərhal  qonşusu, dostu, qohumu ilə məsləhətləşir. Həmin şəxslər isə özünün bu xəstəliyi olarkən hansı dərman preparatlarını qəbul edib yaxşılaşdığı haqda məlumat verir. Və o da həkim məsləhəti olmadan gedib həmin dərmanları alır. Bu isə bir çox hallarda həmin xəstədə fəsadlar yaradır. Çünki dərmanların qəbulu fərdidir, mütləq həkim məsləhəti ilə olmalıdır. Ona görə ki, yanaşı xəstəliklər, alergik reaksiyalar ola bilər.

 Millət vəkili vurğuladı ki, apteklərdə həkim resepti olmadan yalnız başağrısına qarşı dərmanlar verilə bilər: “Aptek işçisinin, ağrıkəsici olsa belə, ağır preparatlı dərmanları xəstəyə təklif etmək ixtiyarı yoxdur. Çünki aptek işçisi, sadəcə, satıcıdır, dərmanların adını əzbər bilir və 6 ay kurs keçdikdən sonra işə başlayır”.

K.Əliyeva onu da qeyd etdi ki, reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. Reklam varsa, hər hansı bir şəxs reklama inanıb  həkim məsləhəti olmadan alıb onu istifadə edəcək. Xüsusən də əczaçılıq sahəsi ilə məşğul olan sahibkarlar sanki insanların üzərində təcrübə aparırlar. Onların əlavə gəlir, qazanc arzusunun zərərini əhali canı bahasına ödəyir. Təəssüflər olsun ki, bir çox həkimlərimiz də bilərəkdən və ya bilməyərəkdən bu prosesə qoşulurlar, firmalarla, apteklərlə əlbir işləyirlər. Müvafiq qurumlar bu sahəyə ciddi nəzarət etməlidirlər.

Valideynlərin bu məsələyə həssas yanaşmasını, çox diqqətli olmalarını tövsiyə edirəm. Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə, soyuqdəymə əleyhinə dərmanlar daha çox reklam olunur. Kimsə alıb bu dərmanların müsbət təsirini görürsə, bu o demək deyil ki, hər kəsə eyni təsir edə bilər.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə təəssüf hissi ilə qeyd etdi  ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək zərərli dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir.

Ağır xəstəliyə tutulmuş insan hansı dərmanı desən, sonuncu qəpiyini ona verib alacaq. Vətəndaş bilməlidir ki, dərmanla bağlı reklamların hamısı, demək olar ki, aldadıcıdır. Bu, aldadıcı reklamların nəticəsidir ki, Azərbaycan aptek şəbəkəsinə görə bəlkə də dünyada birinci yerdədir: “Bunun nəticəsidir ki, klinikalarda insanlar növbəyə durublar. Yəni kim necə bildi, o cür bunu reklam etməklə həkimləri və istehlakçıları aldadır. Onu da qeyd edək ki, dünyada saxta dərman dövriyyəsi təxminən 30 faiz həcmindədir. İnternet üzərindən alınan dərmanların 70 faizi saxta olur. Baxmayaraq ki, onlar hamısı ciddi reklam olunur. Reklamın biznesdə çox böyük rolu var, istehlakçını aldatmaq, ondan pul qoparmaq yollarından biridir. Düşünürəm ki, hökumət elə iş aparmalıdır ki, dərman reklamına qadağa qoyulsun. Yeri gəlmişkən, onu da qeyd edim ki, Avropa ölkələrində dərmanların reklam edilməsi qadağandır”.

E.Hüseynov belə dərman vasitələrinin reklamını həyata keçirən qurumun da məsuliyyət daşıdığını xüsusilə vurğuladı. Əlavə etdi ki, vətəndaş TV-də reklam olunan dərmanı alıb, ziyanını görürsə, dərhal məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır.

 

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: