Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kommersiya hüquqi şəxslərin təsisçiləri barədə məlumatlar hansı hallarda verilə bilər?

.

25.01.2023 15:15
33
A+
A-

Kommersiya hüquqi şəxslərin təsisçiləri barədə məlumatlar hansı hallarda verilə bilər?

     Ramiz HƏSƏNOV, Bakı şəhəri.

- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 15-ci maddəsinə əsasən, Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:

-qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına;

- “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;

- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə;

 - “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada icra məmurlarına;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;

- “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa;

-həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);

-təsisçilərin (iştirakçıların) vərəsələrinə;

-barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

 

40 ildən çox əmək stajım var. 1987-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşam. Lakin pensiyam hesablananda bu, nəzərə alınmadı. Bu, düzgündürmü?

 

V.N.OKROÇANOŞVİLİ, Qax şəhəri.

- Əmək pensiyası “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara verilən aylıq pul ödənişidir. Adıçəkilən qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının:

- yaşa görə əmək pensiyası;

- əlilliyə görə əmək pensiyası

- ailə başçısını itirməyə görə əmək pensiyası olmaqla 3 növü mövcuddur.

Bu pensiya növlərinin heç birində əməkhaqqı və gəlirlərdən başqa, hər hansı bir fəxri ada, orden və medala, eləcə də fəxri fərmana görə pensiyanın üzərinə əlavə hesablanması nəzərdə tutulmur.

Düzgün olaraq SSRİ Ali Sovetinin fəxri fərmanına görə sizin əmək pensiyanıza heç bir əlavə məbləğ hesablanmamışdır.

 

İşləməklə yanaşı, təhsil alıram. Mənə ödənişli təhsil məzuniyyətləri və zaman veriləcək?

 

Səma RAMAZANOVA, Gəncə şəhəri.

 

- Ödənişli təhsil məzuniyyətlərinin verilməsi Əmək Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir. Maddəyə əsasən, işləməklə yanaşı, təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:

- müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

- dövlət imtahanlarını vermək üçün;

- diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

 

Hansı hallarda iş vaxtından artıq işlərə yol verilir?

 

Səlim BABAYEV, Sumqayıt şəhəri.

İş vaxtından artıq işlərə müstəsna hallarda yol verilir. Bu hallar Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən müəyyən edilir. Belə ki, iş vaxtından artıq işlərə yalnız qanunvericilikdə nəzərdə tutulan aşağıdakı müstəsna hallarda yol verilir:

- dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

- su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

- başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

- işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

- əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

ETİKETLƏR: