Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Bizim peşədə öz üzərində işləmək, inkişaf etmək şərtdir

.

01.02.2023 11:36
192
A+
A-

Səsi həyat səsi, məhəbbət səsi,

Bahara döndərər qışı nəfəsi,

Çarəsiz, köməksiz qoymaz heç kəsi,

Yıxılsan qolundan tutan həkimdir!

 

Əmək sferasında uğurlara imza atan gənclərimizdən biri də həkim Aytən Bayramovadır. O, 1993-cü il dekabrın 18-də  Bakı şəhərində anadan olub. 70 nömrəli pilot-lisey məktəbini əla qiymətlərlə bitirib. Həkimlik sənətinə isə çox sevdiyi  kimya müəlliməsinin “Aytən, sənə həkim olmaq yaraşar” cümləsindən sonra maraq yaranıb. Beləliklə, 2011-ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olub.  2017- ci ildə isə universitetin yoluxucu xəstəliklər ixtisası üzrə rezidenturasına fakültə birincisi olaraq daxil olub: “ Rezidenturada oxuyarkən 2018-ci ildə İzmir Ege Universitetində və 2019-cu ildə İstanbulun Marmara universitetində rotasiyada olmuşam. Marmara universitetində çalışarkən     COVID-19 pandemiyası yayılmağa başladı və rezident-həkimləri  kömək üçün Azərbaycana geri çağırdılar. Mən qayıtdım və burada “Yeni Klinika”da COVID-19-la mübarizəyə başlayan həkimlər sırasına qoşuldum. Pandemiya dönəmində mən də, digər həmkarlarım kimi, ağır rejimdə işləyirdim. Bu dövr həyatımda həm çətin və ağır günlərlə yadda qaldı,  həm də unudulmaz xatirələrlə. Belə ki, ömrümün heç bir dövründə bu qədər həyacan keçirtməmiş, eyni zamanda  bu qədər alxış eşitməmişdim. İndiyə kimi də  xəstələrim hal-əhval tutur, sevgi və hörmətlərini əsirgəmirlər. Mövzudan kənar olsa da, qeyd edim ki, bəlkə də bu alxışların nəticəsi idi, həyatımın özümə ləyaqətli ömür-gün yoldaşı tapdım. Xəstələrimdən birinin müalicəsi vaxtı oğlu ilə tanış olub, ailə həyatı qurdum. Ona görə də pandemiya mənim həyatımda kədərli hadisələrlə yanaşı, xoşbəxt izlər də buraxdı”. 

Aytən həkim əlavə etdi ki, 2021-ci ildə rezidenturanı bitirib və Nizami Tibb Mərkəzinin 1 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasına təyinat alıb: “Təyinatım verilənə kimi bir ay gözləməli idim. Bu müddət ərzində də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “COVID-19-a qarşı vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Gəncə şəhərində Tibb kollecində həkim və tibb bacılarına  təlim dedim. Daha sonra isə təyinatım üzrə öz işimə davam elədim. İşlədiyim müddətdə bir neçə dəfə ÜST-ün təklifi ilə TƏBİB-in təşkil etdiyi layihələr əsasında, xüsusən də “İnfeksion Kontrol Azərbaycan”, “Sağlamlıq üçün həmrəylik, təşəbbüs” layihəsi çərçivəsində tibb müəssisələrində infeksiyaların profilaktikasına nəzarətin təşkili planının hazırlanması üzrə təlimdə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil olunan Azərbaycanda Yoluxucu xəstəliklərin qarşısının alınması proqramında təlimçi kimi iştirak etdim. Bundan əlavə, Ankarada, Marmarisdə təlimlərdə olmuşam.

Həkim-infeksionist dedi: “Bizim peşədə daim  yenilikləri öyrənmək, öz üzərində işləmək, inkişaf etmək şərtdir. Məni narahat edən məsələ  bəzi, xüsusilə gənc həkimlərin xarici ölkələrdə işləməyə can atmasıdır. Tibb elminin daha çox inkişaf etdiyi ölkələrdə təhsil almaq, onların təcrübəsini öyrənmək, əlbəttə, çox gərəklidir. Oralarda yüksək gəlir də əldə edə bilərsən. Amma öyrəndiklərini öz ölkəndə tətbiq etmək insana maddi qazancdan daha ucada duran mənəvi rahatlıq gətirir, qürur hissi verir. Hesab edirəm ki, həkim olmaq ilk növbədə humanistlik, insani keyfiyyət tələb edir. Digər ölkələrdə daha komfortlu yaşam və ya iş tapan şəxs öz mövqeyini düşünür, harda daha yüksək komfort varsa ora yönəlir. Son dövrlərdə isə onların yenidən ölkəyə üz tutduqlarının şahidi oluruq. Həkimlik isə  ehtiyacı olanda bütün çətinliklərə rəğmən ölkənin, həmvətənlərinin yanında olmaqdır. Nəinki, sadəcə, xoş gündə.

 Hazırda da işlədiyim müəssisədə günlərlə növbədə qalıram. Bunu isə özüm seçmişəm, daim xəstələrlə işləmək, onların sağaldığını görmək mənə stimul verir.  Xəstələrimin hər biri haqqında evə  gedəndə də düşünürəm. Ümumiyyətlə, indiyə kimi əldə etdiyim nə uğurum varsa, hamısına görə öz zəhmətimə borcluyam. Universitet illərindən bu günə kimi oxumuşam və işləyərək təcrübə qazanmışam, yoruldum sözünü deməmişəm. İndən sonra da bu belə olacaq.

Həmsöhbətim işlədiyi müddət ərzində layiq görüldüyü Fəxri Fərman və mükafatların onun məsuliyyətini ikiqat artırdığını dedi: “AHİK tərəfindən layiq görüldüyüm “İlin peşəkar gənci” fəxri adı da mənim üçün çox dəyərlidir. Bunun üçün  AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə, Səhiyyə İşçiləri Həmkarlar İtifaqı Respublika Komitəsinin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: