Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həyatın ilk pilləsi uşaq bağçalarından başlayır

Bu pillənin məsuliyyəti valideynlərin üzərinə düşür

01.02.2023 11:55
174
A+
A-

Uşaq bağçaya gedəndə onun həyatı kəskin şəkildə dəyişir. Psixoloji travma almaması üçün adaptasiyanı düzgün təşkil etmək və onu nəzarət altında saxlamaq lazımdır.

Uşaq psixoloqları xəbərdarlıq edir: əks halda uşağın orqanizmində və psixikasında arzuolunmaz dəyişikliklərin baş verməsi riski yüksəlir.

Zahirən, bu, valideynlərin fikrincə, səbəbsiz intizamın pozulması, kaprizlər, göz yaşları, isterika və digər davranış normalarının pozulmasında özünü göstərir.

“Neyroloqoped” Uşaq İnkişaf Mərkəzinin rəhbəri, neyropsixoloq və loqoped Yelena Ksenjukla müsahibəmiz bu mövzuda oldu. O dedi ki,”Bir çox valideyn uşaq bağçasının sosiallaşma və kommunikasiya baxımından faydalı olduğu təsəvvürünə malikdirlər. Bu, yanlış təsəvvürdür. Əgər siz uşağınızın sosiallaşmasını istəyirsizsə, bunun üçün ən gözəl seçim kiçik qruplardır. Kiçik qruplar dedikdə nəyi nəzərdə tuturuq? Uşağınız istər evdə, istər parkda, oyun meydançasında oynayarkən daha öncədən tanıdığı, birlikdə vaxt keçirdiyi yaşıdları ilə ünsiyyətdə olmalıdır. Siz bunun üçün şərait yaratmalısız. Bu, sosiallaşma üçün kifayətdir. Qrup sabit olmalıdır, yəni hər dəfə eyni uşaqlar və həmyaşıdları ilə birlikdə olmalarına üstünlük verilməlidir”.

Ekspert maraqlı bir faktı da bölüşdü. Dedi ki, əslində uşaq bağçaları nisbətən böyük yaşda olan uşaqlar üçün nəzərdə tutulub.

Neyropsixoloji Cəmiyyətin gəldiyi qənaətə görə, uşaqların bağçaya təxminən 4 yaşından getməyi tövsiyə olunur, yəni uşaq psixikası ünsiyyət tələb etdikdə. Bunu necə anlamaq olar? Rollu oyunlara marağı artanda. Rollu oyun uşaqların özlərinə rol təyin etdikləri, həmin rolu mənimsəyib canlandırdıqları bir oyun növüdür. Özünü başqa biri və ya başqa bir şey kimi göstərməkdir. Misal üçün, nağıl qəhrəmanı kimi fərqli biri, müəllim, ata və ya ana rolu ola bilər.

Bu, uşağın sosial qruplara qoşulmaq üçün yetişdiyini göstərir. Üç yaşına qədər uşağın anaya böyük ehtiyacı olur. 3 yaş dönəmində bağçaya     getmək ən uğursuz vaxtdır. Çünki 3 yaş körpənin həyatında dönüş məqamıdır. Alimlərin əksəriyyəti insanın bu yaşını ikinci doğum dövrü və 3 yaş böhranı hesab edirlər. Həmin yaşda uşaq valideynləri ilə separasiya dövrünü yaşayır. Bütün ayrılıq böhranlarından keçməlidir ki, normal adaptasiya ilə, isterika çıxarmadan, uşaq komandasına qoşula bilsin. Problem uşaqda deyil, problem uşağın bağçaya getməyə hazır olmamasındadır.

Ona görə də hər bir valideyn məsələnin ciddi olduğunu dərk etməli və məsuliyyətli yanaşmalıdır. Əgər ana həqiqətən işə çıxmaq məcburiyyətindədirsə və uşaq bağçasına üz tutursa, körpəsini buna öncədən bacarıqla hazırlamalıdır. Birincisi, uşağın gigiyena və özünəxidmət bacarıqlarını inkişaf etdirmək lazımdır. Bağçaya getməzdən üç ay əvvəl uşağı bağça rejiminə uyğun yaşamağa öyrətməyə çalışın (səhər oyanma vaxtı, səhər yeməyi, məşğələlər, gəzintilər, nahar və yuxu saatları)”.

Y.Ksenjuk bildirdi ki, uşağın bağçaya öyrəşməsi üçün bir qədər vaxt lazımdır. Çünki öyrəşdiyi mühitdən yeni mühitə düşən və yeni qaydalara riayət etməli olan uşaq üçün bu elə də asan proses deyil.

Adaptasiya 4 ay davam edir. İlk vaxtlar uşaqlar tez-tez, demək olar ki, hər 2 həftədən bir xəstələnirlər və bu, normal haldır. Uşaqlar xəstələnəcək,  neçə dəfə xəstələnsə də, sağalacaq və beləliklə, immunitetini gücləndirəcək. Uşaq xəstəlikləri uşaqlıqda keçməlidir və buna hazır olmaq lazımdır. Gələcəkdə məktəb vaxtı xəstələnməmək üçün.

Adaptasiya yaxşı getməzsə, uşaq böyük qruplardan qaçmaq üçün psixoloji olaraq bir ssenari formalaşdırıb, bağça və məktəbdən qorxacaq. Təəssüf ki, bu qorxuları gələcəkdə ancaq psixoloqla terapiyada həll etmək lazım gələcək. Ancaq dərk etmək lazımdır ki, uşaq kollektivdən və ya müəssisədən deyil, bağçaya getmək istəyərkən yaşadığı emosiyalar ilə üzləşməyə qorxur. Bu, təklik, anadan ayrı qalma, komandaya qəbul olunmamaq qorxuları ola bilər. Buna görə də uşağın adaptasiyanı uğurla keçməsini təşkil etmək zəruridir.

Əgər uşaq anadan ayrılmağa çətinlik çəkirsə, daha yaxşı olar ki, ata və ya ən az emosional bağlılığı olan şəxs onu uşaq bağçasına aparsın. Uşağın özü ilə sevimli əşyalarını, oyuncaqlarını götürməsinə icazə verin, bunun vasitəsilə ev, ailə ilə emosional əlaqə hiss etsin. Onu bağçadan götürəcəyiniz vaxtı (hadisəni) göstərin, məsələn, nahar edəcəksən, mən də səni götürmək üçün gələcəm. Həmişə vədləri vaxtında yerinə yetirin, uşaqlar sizə etibar etsin. Vida rituallarınızı yaratdığınızdan əmin olun - pəncərədən əl etmək, qucaqlayın, üç dəfə öpün və s.

Əsas sizin pozitiv və sakit olmağınızdır, gözlərinizdə yaş və narahatlıq olmamalıdır. Çünki körpə ananın hisslərini dərhal oxuyur və hiss edir. Vidalaşma ilk həftə 20 dəqiqədən çox olmamalıdır, sonra bu müddət 5-7 dəqiqəyə endirilməlidir.

Uzun müddət vidalaşdıqda uşaq ağlayır, narahat olur, stres hormonu ifraz edir. Vida ritualı uzun çəkərsə, hormon daha çox artar və sinir sistemi bir o qədər çətin və uzun müddətə bərpa olunar.

Uşaq bağçaya getmək istəmədiyi üçün onu danlamaq, bacarıqsız adlandırmaq, digər yaşıdları ilə müqayisə etmək və ya onları örnək göstərmək olmaz.

Bağça haqqında danışarkən xoş ifadələr işlətməyiniz faydalı olacaq. Hələ kiçik yaşlarından övladınızda öyrənməyə, yeni mühit, yeni insanlar kəşf etməyə həvəs yaradın. Bağçaya getdiyi müddət ərzində isə müəllimlərlə daim əlaqədə olmağı unutmayın.

Uşaq bağçasının, şübhəsiz, üstünlükləri var. Uşağınız uşaq bağçasında özünü ifadə edə bilən oyunlar oynayaraq, şeirlər və hekayələr oxuyaraq danışaraq sağlam bir şəkildə dil inkişafını tamamlayır. Dili yaşamaq, danışmaq, dinləmək və qarşılıqlı əlaqə qurmaqla istifadə etmək imkanı var.

Bağça yaşını övladınızın inkişafındakı qızıl dövr kimi görməlisiniz. Ən əsası səbirli davranıb övladınıza dəstək olun, düzgün istiqamətləndirin, ömürlük münasibətlər və müvəffəqiyyət üçün möhkəm zəmin hazırlayın!

 

Günel QULİYEVA

ETİKETLƏR: