Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yol qəzaları:

diqqətsiz sürücülər, yoxsa məsuliyyətsiz piyadalar?

01.02.2023 11:58
19
A+
A-

Az qala elə bir gün yoxdur ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Ya avtomobilin bir başqa avtomobillə toqquşması, ya da maşının piyadanı vurması haqqında məlumatlar, demək olar ki, adi hala çevrilib. Yaxşı, bəs bunun günahkarı kimdir: diqqətsiz sürücülər, yoxsa məsuliyyətsiz piyadalar?

Sualımıza cavab tapmaq üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusilə mühüm tapşırıqlar üzrə əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev və nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə söhbət apardıq.

Mübariz müəllim öncə baş vermiş qəzaların statistikasına toxundu: “Qaldırdığınız məsələ son dərəcə aktualdır. 2022-ci il ərzində baş vermiş 1668 yol-nəqliyyat hadisəsindən 683-ü piyadaların vurulması ilə nəticələnib. Vurulan şəxslərdən 364 nəfəri həlak olub. Bu, çox ciddi bir rəqəmdir və ciddi də narahatlıq doğurur. Əlbəttə, qəzaların qarşısını almaq istiqamətində bir sıra təşkilati, hüquqi, əməli tədbirlər görülür. Bu tədbirlərin əsas aparıcı lokomotivi isə ölkə Prezidentinin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”dır. Həmin Dövlət Proqramında hökumətin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin üzərinə bu sahədə təbliğat, təşviqat işinin aparılması vəzifələri qoyulub. Ancaq düşünürəm ki, bu məsələdə təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşür. Baxın, sürücü ilə bağlı hansısa intizam məsələlərini nizamlamaq mümkündür. Yəni sürücü qayda pozuntusu etdiyi təqdirdə ona intizam və inzibati cəza tədbirləri tətbiq etmək olur. Amma piyadalarla bağlı bunu etmək heç də asan deyil. Piyadalar ən az müdafiə olunan hərəkət iştirakçılarıdır. Onların içərisində hər kateqoriyaya məxsus insan var: uşaq, gənc, yaşlı, təqaüdçü və sair. Onlarla inzibati metodlarla danışmaq mümkün deyil, ümumiyyətlə, effektiv nəticə vermir. Ona görə də bu məsələ ilə bağlı öncə təhsil müəssisələrində təhsilalanlara biliklər verilməli, vərdişlər aşılanmalıdır. Bəzən elə bir vətəndaş olur ki, işıqforla tənzimlənən yolda yerdə piyada keçidi, yəni xalq arasında “zebra” dediyimiz xətləri gördükdə özünü atır yolun ortasına. Yaxınlaşıb izah etməyə çalışırsan ki, bu yol işıqforla tənzimlənir. Deyir, axı yerdə piyada keçidi xətləri var. Bir sözlə, hələ də primitiv yol-hərəkət qaydalarını bilməyən vətəndaşlarımız var. Bu, çox acınacaqlı bir vəziyyətdir. Bu cür insanlar həm özləri üçün, həm də sürücülər üçün çox ciddi təhlükə yaradır”.

M.Ağayev dedi ki, son günlər piyadaların vurulması ilə baş verən yol-nəqliyyat hadisələrinə baxanda görürük ki, bunun böyük əksəriyyəti piyada keçidlərinin yanında baş verir. O piyada keçidləri ki, dövlət ora kifayət qədər vəsait xərcləyib: “Baxırsan ki, 20-30 metr qabaqda piyada keçidi var, ancaq biri yolu keçmək üçün özünü maşınların arasına atır. Axı, belə olmaz!

İşıqforla tənzimlənən yolda “zebra”nın qarşısına çatdıqda maşını saxlayıb piyadaya yol verməyə çalışırlar. Bəzən piyadalarda da çaşqınlıq yaranır və yolu keçmək istəyərkən başqa maşın tərəfindən vurulur.

Elməddin müəllim qəzaların bir neçə səbəbini göstərdi. Dedi ki, piyadalarla bərabər, əksər sürücülər də yol hərəkəti qaydalarını bilmir.

Ekspert keçidlər üçün yerlərin seçilməsini də qeyri-qənaətbəxş sayır. Bildirdi ki, yerüstü keçidlər müəyyənləşdirilərkən əhalinin rahatlığı, daha çox hansı istiqamətdən əhali axını gələ biləcəyi nəzərə alınmır. Bu da qayda pozuntusuna, bəzi hallarda isə qəzalara gətirib çıxarır.

“Yol hərəkəti haqqında” qanuna görə, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr olmalıdır: “Ancaq, təəssüf ki, bəzi yerlərdə gərək bir neçə dəfə qəza olsun ki, aidiyyəti qurumlar ondan sonra gəlib orada piyada keçidləri təşkil etsinlər. Belə yollardan Bakı-Sumqayıt yolunu, Buzovna qəsəbəsi ərazisini, Mərdəkan yolu, Heydər Əliyev prospektini, “Şəfa” stadionunun qarşısını misal çəkə bilərəm.

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna da toxunmaq istəyirəm. Qanun çox qəliz dildə yazılıb. Mən 15 ildir ki, bu işin içindəyəm, ancaq oxuyarkən bəzi hallarda özüm də başa düşmürəm. Məcbur olub tanış hüquqşünaslardan qanunu mənə izah etmələrini xahiş edirəm. Əgər bu işin peşəkarı olaraq mən bu gün çıxılmaz vəziyyətdə qalıramsa, bəs adi vətəndaş nə etsin? Ona görə də düşünürəm ki, bu məsələyə yenidən baxılması vətəndaşlarımızın qanunlarımızı daha yaxşı bilməsinə şərait yaradar”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: