Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Əmək Konfransının 109-cu sessiyası keçirilir

S.Babayev Azərbaycan Hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb. 

09.06.2021 08:46
19
A+
A-

2021-ci il iyunun 7-dən 19-dək Beynəlxalq Əmək Təşkilatının (BƏT ) üzv dövlətlərinin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının  iştirakı ilə virtual formatda Beynəlxalq Əmək Konfransının 109-cu sessiyası keçirilir.
Bu il konfransın gündəliyinə daxil edilən maddələr bunlardır: 
Daimi maddələr
1. Rəhbər orqan sədrinin və Baş direktorun məruzələri
- BƏT-in 2018-2019-cu illər üzrə proqramının həyata keçirilməsi
- Baş direktorun məruzəsi
Əlavə: 2020 və 2021-ci illər üzrə işğal olunmuş ərəb ərazilərində çalışan insanların vəziyyəti
2. Proqram, büdcə və digər məsələlər
 - 2022-2023-cü illər üçün proqram və büdcə layihəsi və digər məsələlər
3. Konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatlar
Konfrans və ya Rəhbər orqan tərəfindən gündəliyə daxil edilmiş maddələr
4. Bərabərsizlik və əmək dünyası (ümumi müzakirə)
5. BƏT-in ədalətli qloballaşma maraqları naminə sosial ədalət haqqında bəyannaməsi ilə bağlı sonrakı fəaliyyəti çərçivəsində sosial müdafiənin (sosial təminat) strateji məqsədinin mütəmadi olaraq müzakirə edilməsi
6. Həyatboyu bacarıq və təlim (ümumi müzakirə)
Tədbirdə BƏT-in Baş direktoru Qay Rayder pandemiya  zamanı əmək sahəsində baş verən  dəyişikliklər haqqında məruzə edib. O, Beynəlxalq Əmək Konfransının ilk virtual plenar iclasında BƏT-in Yüzillik Bəyannaməsində qeyd olunan insan yönümlü siyasətin pandemiyaya davamlı və inklüziv qlobal reaksiya üçün əsas olduğunu bildirmişdi. Baş direktor pandemiyanın cəmiyyətlərimizdə çoxsaylı və artan bərabərsizliyin nəticələrini aşkar etdiyini və zaman keçdikcə onların həll edilməməsini vurğulayıb. Pandemiyanın yaratdığı insan iztirablarının miqyası kollektiv uğursuzluqla daha da dərinləşir. 
Q.Rayder hökumətlərin səhiyyə sahəsində böhranının aradan qaldırılması, onun sosial və iqtisadi təsirlərinin azaldılması üçün etdikləri səyi və hazırlığı qeyd edib. O bildirib ki, bu konfransın keçirilməsi çox vacibdir. Bütün dünyada insanlar yenidən bərpaya ümid edir və əzmlə çalışırlar, çünki bu, səmərəli, davamlı, daha ədalətli və daha yaxşı bir gələcəyə gətirib çıxaracaq.
İyunun 8-də plenar iclasda çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev   COVID-19 pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərinə və iqtisadiyyatına, əmək bazarına, məşğulluq sahələrinə, xüsusilə sosial cəhətdən həssas qruplarına təsirlərini qeyd edib. O, mövcud vəziyyətdə bərpa və davamlı inkişaf üçün daha güclü birliyin vacibliyini diqqətə çatdırıb.
S.Babayev Azərbaycan Hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb. 
Nazir ölkənin dövlət məşğulluq siyasətinin BƏT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirildiyini bildirib. Azərbaycan Hökuməti ilə BƏT arasında əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrasının inkişafı istiqamətində hədəflərimizin reallaşmasına töhfə verdiyini bildirib. Növbəti Proqramın da əmək məsələlərinin həllində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov da çıxış edib. O qeyd edib ki, COVID -19 kontekstində bəzilərinin zənginləşməsi və eyni zamanda əksəriyyətin sürətlə yoxsullaşması prosesi baş verir. Cəmiyyətin bir qütbündə sərvətin toplanması işsizliyin, yoxsulluğun və digər hüquqsuzluğun artmasına gətirib çıxardı. 
Plenar iclaslarda sosial tərəfdaşların təmsilçilərindən ibarət nümayəndə heyətləri çıxış ediblər.
Beynəlxalq Əmək Konfransının 109-cu  sessiyasında AHİK sədrinin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir.

ETİKETLƏR: