Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətənim üçün, az da olsa, nəsə etmişəm

.

01.02.2023 14:38
33
A+
A-

“İlin peşəkar gənci” adına layiq görülən  gənclərimizdən biri də işində, peşəsində  fəallığı ilə fərqlənməyi bacaran, müasir və müstəqil  Azərbaycanın  işıqlanması naminə fədakarcasına çalışan  Aslanov Fadil Fərrux oğludur. Fadil Bakı şəhərində anadan olub. O,  2010 -cu ildə  İqtisad Universitetinin nəzdində olan Maliyyə İqtisad Kollecinə daxil olur. Birinci kursu  əla qiymətlərlə tamamladıqdan sonra hərbi xidmətə yola düşür.

Əsgərlik illərini fəxarətlə xatırlayan müsahibim dedi ki, Vətənə xidmətimi yüksək səviyyədə yerinə yetirərək  operator, baş operator, manqa komandiri vəzifəsinə qədər yüksəldim. Bir sıra təşəkkürnamələr və Fəxri fərmanlarla təltif olundum. 

Hərbi xidmətdən sonra Fadil təhsilini  subbakalavr dərəcəsində tamamlayıb, müxtəlif əmək sahələrində özünü sınayır. 2016- cı ildən isə “Azərişıq” ASC-nin Maştağa Elektrik Təchizatı və Satışı  İdarəsində nəzarətçi mühəndis vəzifəsində çalışır.

Ali Baş Komandan İlham Əliyevin  torpaqlarımızın azadlığı uğrunda “Dəmir yumruq” əməliyyatını başlatdığı  ilk gündən F.Aslanov ön  cəbhədə  mənfur düşmənə qarşı vuruşaraq  Füzulidən Şuşakəndə qədər döyüş yolu keçir. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  və       “Vətən müharibəsi iştirakçısı”       medalları ilə təltif olunub.

F.Aslanov  işlədiyi sahədə və Vətən müharibəsindəki  uğurlarından ruhlanaraq  ali təhsil almaq qərarına gəlir, Qərbi Kaspi Universitetinin  Dövlət bələdiyyə idarəetmə  fakültəsinə daxil olur. Universitetin ictimai həyatında da fəallığı ilə seçilib.  İştirak etdiyi “Zəfər günü” və “Şuşanın dağları” adlı tədbirlərdə öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Layiq görüldüyü fəxri addan qürur duyan peşəkar gənc qəzetimizə  bunları dedi: “Bu gün sevinc hissi keçirirəm ki, Vətənim üçün, az da olsa, nəsə etmişəm. Mən fəxr edirəm ki, lazım gələndə bir “yumruq” altında birləşən xalqın nümayəndəsiyəm!”.

 Sonda bu fəxri ada onu layiq gördükləri  üçün  üzvü olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri HİRK-ə  dərin təşəkkürünü bildirdi.

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: