Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda energetika sahəsində əhəmiyyətli işlər görülür

Ümumilikdə bu cür layihələrin icrası, uğurla tamamlanması ölkəmizin iqtisadi gücünü əks etdirir

15.02.2023 10:53
27
A+
A-

“Enerji məsələsi bu gün dünyada ən aktual mövzulardandır, hər bir dövlət özünün enerji təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş Azərbaycanın enerji strategiyası ölkəmizi bu sahədə lider dövlətlər sırasına yüksəldib. Fəxarətlə deyə bilərik ki, bu siyasətin dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan enerji tələbatını özünün daxili imkanları hesabına tam şəkildə ödəyir və ixrac imkanları yüksəlir. Həmçinin son zamanlar dünyada baş verən hadisələr fonunda enerji məsələsinin xüsusilə gündəmə gəlməsi ölkəmizin bu sahədə siyasətinin doğruluğunu və əhəmiyyətini bir daha ortaya qoymuş oldu”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin enerji dayanıqlılığının təmin olunması istiqamətində daha bir uğura imza atıldı: “Belə ki, fevralın 13-də müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu, ölkəmizin enerji tələbatının ən yüksək səviyyədə ödənilməsinə, ixrac potensialının genişlənməsinə böyük töhfələr verəcək. Həmçinin ekspertlərin hesablamalarına görə, İstilik Elektrik Stansiyası istifadəyə verildikdən sonra təxminən bir milyard kubmetrə yaxın mavi qaza qənaət olunacaq. Təbii ki, bu da ölkəmizin mavi qaz ixracını artıracaq, ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək. Eləcə də stansiyanın qurulması yeni iş yerlərinin açılmasına, o cümlədən Mingəçevirdə məşğulluğun artmasına, şəhərin sosial-iqtisadi inkişafına gətirib çıxaracaq”.

“Azərbaycan energetika sahəsində böyük uğurlara imza atmaqdadır. Bu istiqamətdə ölkəmizin malik olduğu bütün potensial yüksək dəyərləndirilir, yeni-yeni layihələr həyata keçirilir. Ötən il 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının və 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlləri qoyuldu. Ümumilikdə bu cür layihələrin icrası, uğurla tamamlanması ölkəmizin iqtisadi gücünü əks etdirir”, - Milli Məclisin deputatı deyib.

“Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. Məlumdur ki, hər iki ölkə ilə Azərbaycanın geniş əlaqələri mövcuddur, bir çox sahələrdə əməkdaşlıq genişlənir. Xüsusilə vurğulayım ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində vacib ölkələrdəndir, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Vətən müharibəsi zamanı bu ölkə Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda İtaliya şirkətləri abadlıq-quruculuq işlərində yaxından iştirak edir”, - AHİK sədri qeyd edib.

ETİKETLƏR: