Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları”

Giriş sözü söyləyən Egitim-Bir-Sen və Memur-Senin sədri Ali Yalçın tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib, iştirakçılara belə bir aktual mövzu ətrafında məhsuldar müzakirələr aparmağı arzulayıb.

09.06.2021 09:20
9
A+
A-

 

Türkiyənin Egitim-Bir-Sen-in təşkilatçılığı ilə “Pandemiya dövründə təhsilin bütün sahələrində İKT-dən istifadənin üstünlükləri və çatışmazlıqları” mövzusunda “Cisco Webex Meetings” platforması üzərindən onlayn beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Malaziya, Litva, İndoneziya, Sinqapur, Serbiya, Cənubi Afrika Respublikası, Bolqarıstan, ümumilikdə 30 ölkənin təhsil üzrə həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib.
Giriş sözü söyləyən Egitim-Bir-Sen və Memur-Senin sədri Ali Yalçın tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib, iştirakçılara belə bir aktual mövzu ətrafında məhsuldar müzakirələr aparmağı arzulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov söz alaraq öncə tədbir iştirakçılarına AHİK sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyevin salamlarını çatdırdı.
O, COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda təhsil prosesinə yaratdığı çətinliklərdən danışdı. Təəssüflə qeyd etdi ki, pandemiya bütün dünya əhalisinin gündəlik həyatının ayrılmaz bir parçasına çevrilib: “UNESCO və Dünya Bankının məlumatına görə, COVID-19 pandemiyası səbəbindən dünyada 1.5 milyarddan çox şagird təhsildən kənarda qalıb. Əksər ölkələr onlayn/distant təhsilə keçib. Bu sistem inkişaf etməkdə olan ölkələrdə özünü bir o qədər də doğrultmur. Həmin ölkələrdə təhsil alanlar İKT-nin geniş tətbiq olunmadığına görə bu təhsil formasından normal istifadə edə bilmirlər. Dünyada uşaqların və yeniyetmələrin 53 %-nin evində kompüteri, 47 %-nin isə internetə çıxışının olmadığı faktları qeydə alınıb. Həmçinin aparılan araşdırmalar sübut edib ki, yaşlı nəslin İKT-dən kifayət qədər istifadə edə bilməməsi distant təhsil prosesində çətinliklər yaradıb”.
COVID-19 pandemiyasının Azərbaycanın təhsil sisteminə təsirlərindən söz açan S.İmanov vurğulayıb ki, pandemiyanın diktə etdiyi şərtlər ölkəmizdə də təhsil sahəsində ciddi çətinliklər və öhdəliklər yaradıb, operativ qərarların qəbul olunmasını zəruri edib: “Ötən ilin mart ayından ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində əyani tədrisin, təlim-tərbiyə prosesinin bütün formaları dayandırıldı. Bütün növ kütləvi tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Bundan sonra növbəti addım olaraq teledərslər təşkil edildi, TİMS platforması üzərindən “Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən böyük milli onlayn platforması şagirdlərin istifadəsinə verildi və ölkədə, demək olar ki, pedaqoji prosesin bütün formaları tamamilə distant formaya keçdi”.
Pandemiya dövründə ATİAHİ RK-nın gördüyü işlərdən danışan S.İmanov bildirib ki, Respublika Komitəsi koronavirusun yayıldığı ilk günlərdən infeksiyanın qarşısının alınması, ittifaq üzvlərinin bu çətin günlərdə sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb: “Ölkədə ilk koronavirusa yoluxma halı qeydə alındıqdan dərhal sonra Respublika Komitəsi də məsafəli iş rejiminə keçib, bütün mədəni-kütləvi tədbirlər ləğv edilib, ilk təşkilatlarla Respublika Komitəsi arasında çevik onlayn əlaqənin qurulması üçün təxirəsalınmaz addımlar atılaraq maddi-texniki baza formalaşdırılıb, bütün yerli təşkilatlarda mövcud köhnə kompüter avadanlıqları yeniləri ilə əvəzlənib. Vaxtaşırı olaraq ilk təşkilatlarla onlayn konfranslar təşkil edilərək yerlərdəki vəziyyət analiz edilib”.
S.İmanov pandemiya dövründə İKT-dən istifadədə yaşanan problemlərdən danışaraq əlavə edib ki, ölkənin ucqar rayonlarında internetin bütün təhsil alanlar və müəllimlər üçün əlçatan olmaması, 44 günlük Vətən müharibəsi dövründə milli təhlükəsizliyin təmin edilməsi məqsədilə internetə tətbiq olunan məhdudiyyətlər təhsil prosesinin həyata keçirilməsində çətinliklər yaradıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin hərbi təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan bütün torpaqlarını azad etdi. Müharibə dövründə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq edildi ki, bu da davamlı təhsilin təmin edilməsinə öz mənfi təsirlərini göstərdi”.
Pandemiya dövründə bəşəriyyət fiziki və mental olaraq əziyyət çəksə də, qeyd olunmalıdır ki, təkcə ana təbiət bu görünməz virusdan bəhrələnib. Belə ki, ekologiya, çox qısa müddətdə olsa da, səs çirklənməsi, işıq çirklənməsi və toz çirklənməsi kimi ekoloji problemlərdən azad olub.

ETİKETLƏR: