Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Günahı harda axtarmalıyıq:

yeniyetmələrdə, məktəbdə, valideyndə, yoxsa dünyada gedən proseslərdə?

22.02.2023 14:55
264
A+
A-

 Nəçi olursan ol, hər kəs çalışmalıdır  yiyələndiyi peşənin sənətkarı olsun.  Əgər işini sevmirsənsə, yeniliklərə açıq deyilsənsə,  o sahədə qalıb işləməyin həm özünə, həm də sənətinə  bir çox problemlər yaradacaq. Məşhur alman şairi,  filosofu Yohann Volfqanq Hötenin cümlələri ilə desək, “Əlləri ilə işləyən insan işçidir. Əlləri və ağlı ilə işləyən insan ustadır. Əlləri, ağlı və ürəyi ilə işləyən insan isə sənətkardır.”  Bir çox sənətlər də var, onlar müqəddəs peşə sayılır. Bu sahənin davamçılarından sənətkarlıqla bərabər, daim fədakarlıq da tələb olunur. Müəllimlik sənəti də belə peşələrdəndir.

Dövrümüzdə bütün müəllimlər bu peşənin müqəddəsliyini qoruyub saxlaya bilirmi?

Biz yazı boyu oxucularla birlikdə bu suala cavab tapmağa çalışacağıq. Əvvəlcə real vəziyyətə nəzər salaq. Son vaxtlar təhsil ocaqlarında  şagirdlərin davranışı, onlara qarşı müəllimlərin reaksiyası təəssüf ki, öyrədənlə öyrənən arasındakı  əlaqələrdə qarşılıqlı münasibətin pozulmasının pik həddə çatdığını göstərir. Şagirdlər onların istədikləri nümunəviliyi göstərə bilmir. Demək olar ki, təhsilalanların əksər hissəsi ünsiyyəti, dinləməyi, məsləhəti, mütaliəni, hər hansı mövzuda müzakirələr aparmağı, sorğu-sualı, düşünməyi, tənqid etməyi ya bacarmır, ya da özlərini ifadə etməkdə çətinlik çəkirlər. Ən yaxşı halda gündəlik təyin edilmiş qrafikə uyğun olaraq məktəbə gedib-gəlir, qidalanır, texnoloji alətləri ilə  vaxt keçirirlər. Dərslərə mütəmadi hazırlaşmaq  həvəsləri  yoxdur. Çünki  arxayındırlar ki, məktəbi bitirməyə bir-iki il qalmış onsuz da repetitor müəllimlərin yanına gedərək oxuyub universitetə hazırlaşacaqlar. Nəticədə müəllimlərin də peşələrinə həvəsi qalmır, təhsil ocaqlarında oxumaq həvəsi olmayan şagirdlərə qarşı səbirli və təmkinli davrana bilmirlər. Təsadüfi deyil ki, son dövrlərdə müəllimlərdən “indi müəllim işləmək çox çətindir” sözlərini tez-tez eşidirik.  Yeni nəslin xarakterinin mühitin, müasir texnologiyaların  təsiri ilə  necə dəyişməsi barədə çoxsaylı məqalələr yazılır.  Bu dəyişiklik birmənalı şəkildə pislənir.

Əgər biz də yeniyetmələrimizin təhsilə, davranışına mənfi münasibət mövqeyindən yanaşsaq, onda istər-istəməz ortaya belə bir təbii sual çıxır: Günahkar kimdir? Günahı harda axtarmalıyıq: yeniyetmələrdə, məktəbdə, valideyndə, yoxsa dünyada gedən proseslərdə?

Etiraf edim ki, müəllimdə, məktəbdə günah axtarmaq mənim və mənim yaşda olan insanların həddində deyil. Hələ kiçik yaşlarımızdan beynimizə həkk ediblər ki, müəllim həmişə haqlıdır, məktəb müqəddəs yerdir.

Mütəxəssislərin də əksəriyyəti günahı məktəbdən kənarda axtarır.  Qeyd edirlər ki, müəllim-şagird arasında yaranan neqativ hallar cəmiyyətdə baş vermiş hər hansı dəyişikliklərin, sosial mühitin ailə institutuna təsirinin nəticəsidir.  Ailənin ehtiyaclarının  təmini üçün hər iki valideyn işləmək məcburiyyətində qalır. Onlar övladları ilə yalnız iş saatlarından sonra bir yerdə ola bilirlər. Bu qısa vaxt kəsiyi isə, ən yaxşı halda, övladlarının  ev tapşırıqlarının hazırlanmasına sərf olunur.  Uşaqların  valideyn, bacı-qardaş, qohum- qonşu, nənə-baba, həyətdəki yaşıdları ilə münasibət qurmağa vaxt qalmır. Sərbəst qalan saatlarını da əsrin bəlası olan internet oyunlarına həsr edirlər.

Mütəxəssislər çıxış yolunu nədə görürlər?

Araşdırmalardan  məlum olub ki, yeni nəsil uşaqları ilə rəftarda, davranış qaydalarında yeni metodlardan istifadə edilməlidir. Ev tapşırıqları olmamalıdır. Dərs məktəbdə öyrədilməlidir. Müəllimlərin şagird və tələbələrin dərs saatlarında  oturub sakitcə onları dinləmələri dövrü artıq çox geridə qalıb. Hazırkı dövrdə müəllim təkcə müəyyən mənbələrdən məlumatları şagirdlərinə ötürməklə kifayətlənməməlidir. Şagirdlərinin simasında cəmiyyəti formalaşdıran şəxslərdən biri olduqlarını bilməlidirlər.  Köhnə “ənənəvi” münasibətdən imtina edərək “şagird, tələbə mərkəzli” tədrisə keçirilməlidir. Yəni araşdıran, tənqid edən, fərdi yanaşma bacarığına malik  və oxuyan fərdlər yetişdirilməlidir.  Bunun  üçün  ən yaxşı öyrətmə metodlarından biri kimi “konstruktiv yanaşma” uyğun hesab edilir.  Konstruktiv təlim yaradıcı xarakter daşıyır. Təhsilalanlar üçün tədris-təlim prosesində öz biliklərini layihələndirməyi və özünüinkişafı təmin edən pedaqoji mühit yaradılmalıdır. Onların hər birinin dünyanı, ətraf aləmi özünün dünyagörüşü, əqidəsi əsasında dərk etməsinə, unikallığına şərait yaradılmalıdır. Şagirdlərdə təhsilə, oxumağa və digər aktivitələrə həvəs yaradılmalıdır. Bunun üçün uşaqların  məktəb və evin divarlarından kənara çıxması, hobbi və bacarıqlarının da təkmilləşdirilməsi mühüm məsələ olmalıdır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: