Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Öldürən zəlzələ, yoxsa keyfiyyətsiz tikilmiş binalardır...

2013-cü ildə “Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul olunub. Bu gün tikinti subyektləri bu Məcəllə əsasında fəaliyyət göstərir.

22.02.2023 15:00
12
A+
A-

Türkiyədə baş verən zəlzələ nəticəsində kütləvi insan tələfatı ölkəmizdə də dərin kədər hissi ilə qarşılanıb. Nəticələr faciəvidir, həlak olan və yaralanan insanların sayı minlərlədir. Təbiətin qardaş ölkədə törətdiyi fəlakət, dünyanı, o cümlədən Azərbaycanı necə deyərlər, dönüb özünə baxmağa, qurub yaratdığı tikililərin zəlzələyə nə dərəcədə davamlı olub-olmadığını nəzərdən keçirməyə yönəltdi. Məlum olduğu kimi, ölkəmiz coğrafi baxımdan  yeraltı təkanlara həssas bölgələr sırasındadır.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov mətbuata açıqlamasında da diqqətə çatdırdı.  Dedi ki, ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin - investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. E.Əsədov bildirdi ki, ölkəmizdə ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

2013-cü ildə “Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul olunub. Bu gün tikinti subyektləri bu Məcəllə əsasında fəaliyyət göstərir. Məcəlləyə və tikinti normalarına görə, seysmik ərazilərin xəritələri müəyyən olunur. İnvestorlar tikinti işlərini həyata keçirərkən onlar üçün ayrılmış ərazinin seysmik aktivlik dərəcəsini nəzərə alırlar. Ərazidə aparılan mühəndis-geoloji işlərin hesabatı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir. Mərkəzdə geoloji-axtarış işlərinin düzgün metodika ilə aparılıb-aparılmadığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji-axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə, geoloji hesabat da daxil olmaqla, Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir.

Ondan sonra müvafiq orqanlar tikintiyə icazə verirlər. Bakı şəhərində bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər yerlərində isə yerli icra hakimiyyəti orqanlarıdır. Tikinti müddətində də Baş Dövlət Tikinti Müfəttişliyi mütəmadi olaraq yoxlamalar həyata keçirir.

Tikinti materiallarının keyfiyyəti isə Sadıq Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun ciddi nəzarətindədir. Belə ki, tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluğu yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir.

Rəis müavininin sözlərinə görə, son 1 ilə qədər  yaşayış üçün tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz  müdaxilələrdir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev  Azərbaycanda yeni tikilən binaların keyfiyyətindən razılıqla danışdı: “Bakıda və ölkəmizin digər şəhərlərində yeni tikililərdə binaların 70 faizi beton kolonlardan və divarlardan ibarətdir. Bu da zəlzələyə və digər təbii fəlakət hadisələrinə qarşı davamlılığın göstəricisidir. Təbii ki, normalara cavab verməyən bəzi nüanslar da var. Bunlar binaların bir-birinə yaxın yerləşməsi, həyətyanı ərazinin çox kiçik olması və sairədir”. Onu da qeyd etdi ki, sovetlər dönəmində və daha əvvəl tikilmiş binalara nisbətən yeni tikililər daha sağlamdır.

 Bakı və Abşeron yarımadasında istismar müddəti bitmiş 11 minə yaxın köhnə çoxmənzilli yaşayış binası var. 150-yə yaxın bina isə aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb və yaxın müddətdə sökülməsinə qərar verilib. İnsanlarda belə bir fikir formalaşıb ki, bu binalar 2000-ci il zəlzələsini görüb. Lakin bir şeyi unutmaq olmaz ki, həmin müddətdən artıq 23 il ötüb. Həm də bu binaların əksəriyyətinin istismar müddəti artıq başa çatmaqdadır. Qısa zaman ərzində bu kimi binalarda monitorinqlər aparılmalıdır. Qəzalı olanlar müəyyənləşdirilməli və söküntüsü həyata keçirilməlidir.

Türkiyədə baş verən təbii fəlakətin ölkəmizdə  əmlak bazarına təsiri necə olacaq?  Bu barədə “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun fikirlərini öyrəndik.

N.İbrahimov bildirdi ki, məlum hadisələrdən sonra bir müddətdir ölkəmizdə daşınmaz əmlak bazarında durğunluq hökm sürür, insanlar gözləmə mövqeyi tuturlar. Ola bilsin ki, yaxın müddətdə respublikamızda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binaların yoxlanılmasına dair nəticələr haqqında məlumat verilsin.

Onu deyim ki, bu hadisələr ilə bağlı mənzil bazarında aktivlik bir qədər səngiyib. Amma qiymətlərə real təsiri barədə dəqiq fikir söyləmək çətindir, bu, gələn ayın əvvəlində aparacağımız hesablamalara əsasən deyilə bilər.

Hər halda gözləmək olar ki, 2-3 aydan sonra mənzil bazarı öz əvvəlki vəziyyətinə qayıdacaq.

Əgər dövlət qurumları binaların yoxlanılmasına dair nəzarəti sərtləşdirərsə, ola bilər bu qiymətlərə təsir göstərsin. Bahalaşma indi elə də yüksək olmayacaq, çünki tikinti materialları bazarında, hələ ki, ucuzlaşma müşahidə olunur. Dəyişiklikləri hadisələrin sonrakı axarı göstərəcək. 

Nüsrət müəllim əlavə edib ki, seysmik aktivlik olan ərazilərdə inşa edilən binalara banklar da, yəqin ki, kredit verməyi məhdudlaşdıracaqlar. Bu mənada ola bilər ki, 8-9 ballıq zəlzələyə davamlı köhnə tikililərə maraq artsın. Ümumiyyətlə, binanın dayanıqlılığı həm də onun yerləşdiyi ərazidən asılıdır. Qeyd edim ki, tikintiyə başlamazdan əvvəl sahə (torpaq) alınır, ərazidə geodeziya işləri aparılır, süxur və s. öyrənilir ki, burada hansı ağırlıqda nə tikmək olar.

ETİKETLƏR: