Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Böyük marketlərin qiymət oyunu

.

22.02.2023 15:12
47
A+
A-

Uzun zamandır sosial şəbəkələrdə bəzi  böyük marketlərdə müştərilərin aldadıldığı ilə bağlı məlumatlar yayılır. Geniş müzakirələr aparılır, lakin heç bir nəticə əldə olunmur.  Mən özüm də dəfələrlə şahidi olmuşam ki, misal üçün, marketdə satılan hansısa məhsulun üzərində “5 manat” yazılıb, kassada qiymət vurulanda isə 7 manat olduğu deyilib. Səbəbini soruşanda isə  qiymətin qalxdığını, yeni qiyməti qoymağı unutduqlarını bildirirlər. Bəzən isə heç məhsulun üzərində  qiyməti olmur.  Bəs bu kimi halların  qarşısını almaq mümkündürmü?

“Marketlərdə istehlakçıların aldadılması çox böyük bir şəbəkə tərəfindən geniş  yayılmışdır.  Bütün bunların səbəbi ölkədə  “Istehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunun köhnəlməsi, demək olar ki, qüvvədən düşmək səviyyəsində olmasıdır. Cəmiyyətdə problem olanda  onun kökünü qanunlarda axtarmaq lazımdır”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi. Bildirdi ki, keçən ilin sonlarında Milli Məclisdə, İqtisadiyyat Nazirliyində görüşlər keçirərək qanunun dəyişilməsini, yenilənməsini təklif edib. Təəssüflər olsun ki, nəticə olmayıb.

Birliyin sədri dedi ki, hər gün bizə qeyd etdiyiniz hadisə ilə bağlı 4-5 zəng gəlir. Vətəndaş telefonda bildirdi ki, noxud almaq istəyirdim, lövhədə məhsulun 3 manatdan 1 manata düşdüyü yazılmışdı.  Satıcıdan soruşdum ki, bu noxudlar endirimdədir?

- Xeyr, bunlara aid deyil, endirimli noxudlar qurtarıb,- dedi. Belə halda istehlakçı müdiriyyəti çağırmalı, qiymətin kompüter bazasında dəyişdirilməsinə nail olmalıdır. Əks halda İqtisadiyyat Nazirliyinin “195” qaynar xəttinə məlumat vermələri tövsiyə olunur.

E.Hüseynov vəziyyətin ciddiliyinin artıq fərqinə varılmalı olduğunu qeyd etdi. Dedi ki, Azərbaycan istehlakçıları almadığı məhsul üçün, xüsusən də kartla ödənişdə, ildə 5 yüz milyon manat aldadılırlar.

Mən istehlakçı hüquqlarını qoruyan sədr olsam da, hesablamışam ki, təkcə şəhərin Nizami küçəsində yerləşən “Grand Market”də 1 ildə 100 manat aldadılmışam. Bir maraqlı faktı da qeyd edim,  8 manatlıq məhsul alıb kartla ödəyib görmüşəm ki, 68 manat  yazıblar. Telefonuma gələn məbləğin çıxıldığı mesaja baxmasaydım,  elə də gedəcəkdi.  Aldığım qabıqlı qozu qoz ləpəsinin qiymətinə  vurublar. Yəni Azərbaycan istehlakçılarını kütləvi şəkildə aldadırlar. Ona görə vətəndaşlarımıza məsləhət görürəm ki, kassa çekinə diqqətlə baxın, kart ilə ödəmisinizsə telefonunuza gələn mesaja baxın. Əgər problem varsa, ticarət obyektindən çıxmadan müqayisə edin və iradınızı, təklifinizi bildirin.

Marketoloq Tural Qasımov isə bildirdi ki, müştəri məmnuniyyətinə önəm verərək, marketlər 4 əsas prinsip üzrə fəaliyyət göstərməlidir: “Birinci prinsip odur ki, supermarketlərdən alınan istənilən məhsul 15 gün ərzində geri qaytarıla bilər. İkinci prinsip, təzə məhsul etibarlılığıdır ki, müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ödəniş olaraq hədiyyə verilməlidir. Üçüncü prinsipə görə, marketin filiallarında çap  xətası ilə əlaqədar hər hansı bir məhsulun qiyməti ucuz elan edilirsə, bu qiymət kassada da keçərlidir. Dördüncü prinsip, qiymət etibarlılığıdır. Belə ki, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) ucuz olan qiymət keçərlidir”.

Marketoloq vurğuladı ki, müştərilərin hansısa bir neqativ hal yaşanan zaman dərhal supermarketin “qaynar xətt”inə zəng etməsi, supermarketin “Facebook” və “İnstagram” səhifəsinə yazaraq məlumat verməsi lazımdır. Çünki marketologiyada müştərilərin məmnuniyyəti,  hər zaman razı qalması vacibdir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: