Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mülki qanunvericiliyə əsasən, saxlama müqaviləsi nədir və bu müqavilənin tərəflərinin vəzifələri nələrdən ibarətdir?

.

22.02.2023 15:52
181
A+
A-

Tariyel QURBANOV, Bakı şəhəri.

- Saxlama müqaviləsinə    görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

Yük verənin (tapşıranın) vəzifələri:

Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

Tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir.

Yük götürənin (saxlayıcının) vəzifələri:

Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.

Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır.

Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

Uşağım əyani təhsil alır və ailəyə gəlir gətirə bilmir. Bu halda biz sosial yardım ala bilərikmi?

 

Seyda HƏSƏNOVA, Sumqayıt şəhəri.

-“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən:

- ailə üzvlərinin əmək qabiliyyətsiz olması;

- ailənin əmək qabiliyyətli üzvünün orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi;

- 23 yaşınadək əyani təhsil alması;

- müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;

- vəfat etməsi;

- məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

- azadlıqdan məhrum edilməsi;

- ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

2023-cü ildə ünvanlı dövlət sosial yardımı almaq üçün ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün 246 manat müəyyən edilmişdir ki, bu da ehtiyac meyarının məcmusudur.

Əgər sizin ailədən hər bir ailə üzvünə düşən orta aylıq gəlir 246 manatdan aşağıdırsa, onda müvafiq quruma ailənin orta aylıq gəlirinin ehtiyac meyarına çatdırılması üçün müraciət edə bilərsiniz. Müraciətiniz təqdim edəcəyiniz sənədlər əsasında həll olunacaq.

ETİKETLƏR: