Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bələdiyyələrin vergi yığımına və xərclərinə nəzarət artırılır

.

22.02.2023 16:05
65
A+
A-

Hökumət bələdiyyələrin vergi yığımı potensialının artırılması və bu qurumların topladığı vergilərin büdcəyə köçürülməsi imkanlarının yaxşılaşdırılması, eləcə də bu sahədə maliyyə şəffaflığının gücləndirilməsi məqsədilə elektron ödəniş kanallarına çıxışı asanlaşdırmaq niyyətindədir. Bələdiyyələrin nağdsız ödəniş sisteminə inteqrasiyasını təmin edən “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi, yerli özünüidarəetmə orqanlarının portala qoşulması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət Vergi Xidməti və Mərkəzi Bank tərəfindən yerli özünüidarəetmə orqanları ilə birgə bu istiqamətdə əməkdaşlığı davam etdirilməkdədir.
Vergi Xidməti tərəfindən bir neçə il əvvəl yaradılmış Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) imkanları artırılıb və sistem tam onlayn rejimdə HÖP infrastrukturuna inteqrasiya olunub. Bu sistemin əsas məqsədi bələdiyyələrdə avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması və mövcud informasiya sisteminin VÖEN altsistemindəki yerli vergilərinin ödəyiciləri olan fiziki şəxslərin özlərinin və əmlaklarının uçotunun aparılmasını təmin edən xüsusi proqram tərtibatının həyata keçirilməsindən ibarətdir. Sistemə əsasən, bələdiyyə vergi və rüsumların ödənişləri ilə bağlı aparılmış əməliyyatlarla bağlı müvafiq hesabat sənədləri üzrə portalda elektron üzləşmə aparılır və bu haqda BVİS-ə məlumat verilir. Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) tələb olunur. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edirlər. Bu isə nəticədə şəffaflıq və hesabatlılıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Yəni həm bələdiyyə vergisini ödəyən vətəndaş və sahibkar onun köçürdüyü pulun təyinatı və tam məbləği barədə bütün məlumatlara sahib olur, həm də vergi orqanları bələdiyyələrin topladıqları ümumi məbləğ, büdcəyə köçürülməsinin təmin edilməsi vəziyyətini izləyə bilir.
Hazırda bələdiyyə vergi və ödənişlərini Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən və mobil istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparmaq mümkündür. Beləliklə, nağdsız ödəniş sisteminin işləkliyinin artırılması sayəsində ölkədə mövcud olan 1607 bələdiyyə orqanından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Bu sistemin sayəsində bələdiyyələr üzrə nağdsız ödənişlərin həcmi və dövriyyəsi artıb. Ötən il Hökumət Ödəniş Portalında təxminən 60 % həcmində vəsait nağdsız olmaqla tranzaksiya edilib. Nəticədə 2022-ci ildə də bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması qeydə alınıb. Belə ki, ötən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə təqribən 2 milyon manat çox vəsait daxil olub. Ümumilikdə son 2 ildə yerli büdcələrə torpaq və əmlak vergisindən 6,5 milyon manata yaxın əlavə vəsait daxil olub ki, bu da 2020-ci illə müqayisədə 50% çoxdur.
Bələdiyyələr tərəfindən icarəyə verilmiş torpaqların icarə haqlarından əldə olunan gəlirlərdə də artım baş verib. Belə ki, 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat artıb. Ümumilikdə 2021-ci və 2022-ci illərdə 457 bələdiyyə üzrə 3.906 icarə müqaviləsi üzrə toplanmış icarə haqlarının artımı 1,5 milyon manat təşkil edib.
Ancaq buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə də ucqar rayonlarda bələdiyyələrin HÖP-ə inteqrasiyası təmin edilməyib və onlar nağdsız ödəniş kanallarından kənarda qalıb. Bələdiyyələr bunu həmin ərazilərdə internet imkanlarının yaxşı olmaması, sistem xətaları ilə əsaslandırmağa çalışsa da, bir çox hallarda bunun məqsədli şəkildə edildiyi istisna deyil. Bu isə vergi və torpaq icarəsi haqlarının, digər yığımların nağd qaydada toplanmasına səbəb olduğundan maliyyə hesabatlılığını şübhə altına salır. Bir müddət əvvəl Milli Məclisin Regional siyasət komitəsinin üzvü Tahir Rzayev bu məsələyə toxunarkən bildirib ki, bələdiyyələrin vergiləri nağd şəkildə toplaması ciddi problemlərin olmasından xəbər verir.
Qeyd edək ki, “Yerli vergilər və ödənişlər haqqında” qanunun 12.3-cü maddəsinə əsasən, bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Həmin qanunun 11.4-cü bəndində isə vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Məhz bu kimi problemlərin hələ də qalmasını nəzərə alan vergi orqanı Bələdiyyə Vergi İnformasiya Sistemindən kənarda qalmış digər yerli özünüidarəetmə orqanlarının da bu sistemə inteqrasiyası, ödənişlərin tam şəkildə nağdsızlaşdırılması, eləcə də yerli gəlirlərin xərclənməsində şəffaflığın təmin edilməsi istiqamətində birgə iş aparılır.
Növbəti mərhələdə bütün bələdiyyə orqanlarının bu sistemə qoşulmasının başa çatdırıması nəzərdə tutulur. Rayonlarda elektron ödəniş sistemlərinə qoşulmaqda çətinliklərlə üzləşən bələdiyyələrin mövcud rəqəmsal infrastrukturlarla təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Digər yerli özünüidarəetmə orqanlarının bu sistemdən yararlanaraq onlayn kargüzarlıq, vergilərin ödənilməsinin və bəyannamələrin təqdim olunmasının elektron qaydada həyata keçirilməsi təmin olunacaq. Ümumilikdə yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə “Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə inteqrasiyasının başa çatdırılması nəzərdə tutulur. Bütün bələdiyyə ödənişlərinin Hökumət Ödəniş Portalına inteqrasiyası isə ölkənin bütün regionlarında ödənişlərin qəbulunun təmin edilməsinə imkan verəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: