Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İllik proqnozlar nə vəd edir?

Bir məqamı da unutmaq olmaz, 2023-cü ildə Azərbaycanın iqtisadi inkişaf proqnozları olduqca dinamik və nikbindir.

01.03.2023 11:50
15
A+
A-

2023-cü ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalıb. Belə ki, 2023-cü ilin yanvar ayında ölkədə 9,6 milyard manat ÜDM istehsal edilib ki, bu da dəyər etibarilə azalmadır. ÜDM-in azalmasına əsas təsir göstərən amil cari ilin yanvar ayında neft-qaz ixracında və gəlirlərində kəskin azalmanın baş verməsidir. Yanvar ayında Azərbaycan xaricə 1 milyard 592,3 milyon dollar dəyərində neft-qaz məhsulları ixrac edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 1,8 dəfə və ya 44% azdır. Halbuki 2022-ci ilin yanvarında Azərbaycan xaricə 2 milyard 854,5 milyon dollarlıq neft-qaz məhsulları ixrac etmişdi. Ancaq buna baxmayaraq, qeyri-neft-qaz sektorunda ÜDM 1,7 faiz artıb.

Bəzi iqtisadçılar ÜDM-də azalmanı az qala tənəzzülün başlaması kimi təqdim edirlər. Bu, təbii ki, qəbulolunmazdır. Çünki makroiqtisadi göstəricilər bir ay üzrə deyil, yarımillik və yaxud illik göstəricilər əsasında təhlil olunur.

Yanvar ayında ÜDM-in azalmasının səbəblərinə gəlincə, bu, bütün ölkələrin iqtisadiyatı üçün xarakterikdir. Təbii ki, yanvar ayı növbəti ilə keçid mərhələsi olduğuna görə, büdcə gəlir və xərclərinin təmin edilməsi prosesini nizamlamaq adətən fevralın ilk həftəsində mümkün olur. Sözsüz ki, bu amillər yanvar ayında iqtisadi sektorlarda, xüsusilə də dövlət təşkilatlarında tələbat və istehlakı müvəqqəti ləngidir, məcmu istehlak azalır. Ancaq sonrakı aylarda təmin olunan maliyyə mənbələri və fiskal artımlar sayəsində iqtisadi aktivlik və məcmu tələb də artır. Bu baxımdan ÜDM-in artımı da adətən fevral-mart ayından başlayır. Ona görə də biraylıq ÜDM-in azalması fonunda əlavə dəyərin kiçilməsi qənaətini formalaşdırmaq iqtisadi savadsızlığın nümunəsi sayıla bilər. Bundan başqa, iqtisadi tənəzzülü təkcə ÜDM-in azalması ifadə etmir. Bunun üçün bir neçə iqtisadi göstəricinin azalması qeydə alınmalıdır. Azərbaycanda yanvar ayında ÜDM-in qeyri-neft sektorunda 1,7 % artım baş verib. Yəni qeyri-neft ÜDM-i ümumi ÜDM-i (1,5%) üstələyib. Bu da onu göstərir ki, iqtisadiyyatın əsas ağırlıq mərkəzi qeyri-neft sektorudur və neft gəlirləri azalsa da, iqtisadiyyatı ayaq üstündə saxlayacaq real sektor, mənbə vardır.

Onu da nəzərə almaq lazımdır ki, iqtisadi tənəzzül təkcə ÜDM-in azalması demək deyil. Tənəzzülün əsas göstəriciləri ümumi daxili və ümumi milli məhsul, əhalinin real gəlirləri, investisiyalar, məşğulluq səviyyəsi, sənaye istehsalı, pərakəndə satış dövriyyəsi, ölkənin milli gəlir əldə etmə imkanları, tədiyə balansı və s. götürülür. Həmin iqtisadi məlumatların hamısında azalma tendensiyası qeydə alındıqda, bu, iqtisadi tənəzzül kimi qiymətləndirilir. Yanvar ayında ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edən 20-dən artıq göstəricinin mütləq əksəriyyəti üzrə yanvarda müsbət meyillər əldə edilib ki, bu da inkişafın dayanıqlılığı üçün əsas şərtlərdən biridir. 2023-cü ilin yanvar ayında əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 2,5 dəfə artıbdır.

Bir məqamı da unutmaq olmaz, 2023-cü ildə Azərbaycanın iqtisadi inkişaf proqnozları olduqca dinamik və nikbindir. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə göstəricilərə əsasən, cari ildə ölkədə ÜDM-in real artımı, 3,5 faiz olmaqla, 117,3 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in artımı, 7,3 faiz olmaqla, 67,1 milyard manat təşkil  edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft-qaz sektoru olacaq ki, nəticədə 2023-cü ildə ÜDM-in  tərkibində qeyri-neft-qaz sektorunun payı 69,2 faizə, neft-qaz sektorunun payı isə 30,8 faizə bərabər olacaq. Bu makroiqtisadi proqnozlar bir daha Azərbaycanın davamlı inkişafının təmin ediləcəyini əsaslandırır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: