Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnsan özünü qətiyyən motivasiyadan salmamalı, daim öz üzərində işləməlidir

Bakı Qızlar Universitetində keçən tələbəlik illərində Tələbə Gənclər Təşkilatının konfrans və tədbirlərində fəal iştirak edib.

01.03.2023 12:10
93
A+
A-

Bu gün ölkəmizdə əsası 1997-ci ildən qoyulan gənclər siyasəti dövlət strategiyasının prioritet istiqamətlərindən biridir. Bu siyasətə uyğun olaraq AHİK-in xüsusilə  istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişafına, nailiyyətləri əldə etmiş gənclərin təbliğinə yönəlmiş tədbirlər həyata keçirməsi sahəsində fəaliyyəti təqdirəlayiq haldır.

AHİK-in artıq uzun illərdir keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsi kütləviliyinə görə bu tədbirlər sırasında mühüm yer tutur. Müsabiqənin qaliblərindən biri Səyalə İmanova deyir ki,  hər bir insanın içində hansısa sahədə özünü sübut edə biləcək potensial var.

Əsas məsələ bu potensialı görmək və cəsarətlə cəmiyyətə təqdim etməkdir. Bu cəsarəti isə insanlarda hansısa  kənar təsir yaradır. Bu baxımdan “İlin peşəkar gənci” və bu qəbildən olan layihələr böyük əhəmiyyət daşıyır. Səyalə etiraf edir ki, o, hələ orta məktəb illərindən oxumağa, öyrənməyə həvəsli olub. Xətai rayonu 264 saylı məktəb-liseydə təhsil aldığı illərdə “İlin şagirdi” seçilib. Məktəbi əla qiymətlərlə bitirib.

Özünü hərtərəfli inkişaf etdirən Səyalə 33 saylı “Şuşa Qaladərəsi” uşaq musiqi məktəbində də təhsil alıb. Fortepiano ixtisası üzrə musiqi məktəbini qırmızı diplom ilə bitirib.

Bakı Qızlar Universitetində keçən tələbəlik illərində Tələbə Gənclər Təşkilatının konfrans və tədbirlərində fəal iştirak edib.

Ən yaxşılar sırasında olmaq ənənəsinə sadiq qalaraq 2014-cü ildə Bakı Dövlət Universitetini də fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildə qazandığı uğurlar, nümunə və davranışı universitet rəhbərliyi tərəfindən “Valideynə təşəkkürnamə” ilə qiymətləndirilib.

Səyalə xanım ilk pedaqoji fəaliyyətinə Bakı Qızlar Universitetində başlayıb: “Bu universitet mənə olduqca doğma məkan idi. 2018-ci il 17 sentyabrı ilk dəfə auditoriyaya tələbə kimi deyil, müəllim kimi daxil olmuşdum. Kafedra müdirim, eyni zamanda müəllimim professor İntiqam Cəbrayılov məni tələbələrə təqdim etdi. O gün öz müəllimlərimlə həmkar olduğum ilk gün idi. Həmin gün yaddaşımdan çıxmır, birinci kurs T1-18 qrupunda “Qədim dünya tarixi” fənnindən ilk dərs günüm olduğu üçun olduqca həyəcanlı idim. Həyəcandan əllərimin əsməsini tələbələr hiss etməsin deyə əlimdə qələmi bərk-bərk sıxmışdım. Əslində həmin günə 2 gün öncədən hazırlıq görmüş, evdə güzgü qarşısında məşq etmişdim. Amma bu hal auditoriyaya daxil olduğum ilk 10-15 dəqiqə ərzində baş verdi. Sonra  vaxtın necə keçdiyini hiss etmədim. Bu gün də dərsə gedəndə həyəcan və məsuliyyət hiss edirəm, məncə, bu elə belə də olmalıdır”. 

“Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür”, - Səyalə xanım Konstantin Uşinskinin fikrini sitat gətirərək dedi ki, bu sözlər  artıq onun həyat devizinə çevrilib.

Həmsöhbətim pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin dissertantıdır.

2021-ci ildən Bakı Qızlar Universitetində “Elektron Məlumatlar Sistemi” bölməsinin rəhbəridir.

Xanım çalışdığı qurum ilə bağlı məlumat verdi. Dedi ki, 12 iyul 2021-ci il tarixindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə Ali və Orta İxtisas Təhsili Alt Sistemi” (AOİTAS) yaradılmış və təhsil müəssisələrinin istifadəsinə verilmişdir:

“Ötən müddət ərzində təhsil tələbə kreditlərinin verilməsi üçün məlumatlar AOİTAS-dən təmin edilmiş, ali və orta ixtisas təhsili müəssisələrinin orta ixtisas təhsili pilləsinə, bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş şəxslərin qeydiyyatı Azərbaycan Respublikasında təhsil almaq istəyən əcnəbilərin qeydiyyatı       AOİTAS üzərindən həyata keçirilir. Bir sözlə, bölməmiz təhsilin informasiyalaşdırılmasına xidmət edir.

Bölmədə çalışan bütün işçilər öz işini sevərək yerinə yetirir. Bu isə işdə ən əsas meyardır”.

Səyalə xanım uğurlara nail olmağının sirlərini mənimlə bölüşdü: “İşdə uğur qazanmağın mənim üçün üç yolu var.

İlk növbədə, məqsədyönlülükdür. Belə ki, fəaliyyətini bəlli bir istiqamətə yönəldən, məqsədyönlü şəkildə öz üzərində çalışan şəxs hədəflərinə hər kəsdən daha tez çatar.

İkincisi, daimi özünü təhlildir. Şəxs fəaliyyətdə olduğu müddətdə özünün həm zəif, həm də güclü tərəflərini müəyyənləşdirməli və bu istiqamətdə onları formalaşdırmalıdır.

Sonda isə, güclü motivasiyadır. Fəaliyyət zamanı bir çox işlərdə iştirak  edir, uğurlu olduğu kimi, uğursuz olduğumuz  hallarla da qarşılaşırıq. Bu zaman özünü qətiyyən motivasiyadan salmamalı və daim öz üzərində işləməlidir. Mənim həyatda motivasiya qaynağım valideynlərimdir. Uğurlarımda xüsusilə anama borcluyam. Hesab edirəm ki, bütün bu amilləri özündə birləşdirən şəxs mütləq uğura yiyələnəcək, məqsəd və hədəflərinə bir-bir çatacaqdır”.

S.İmanova “İlin peşəkar gənci” adına layiq görülməyin olduqca, qürurverici və  məsuliyyətli olduğunu dedi. Bu ada layiq görüldüyü üçün AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: