Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta nədir və bunun üçün müqavilə hansı qurumla bağlanılır?

.

01.03.2023 14:46
60
A+
A-

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta nədir və bunun üçün müqavilə hansı qurumla bağlanılır?

Rəmzi ABBASOV, Bakı şəhəri.

-İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortaolunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir;

Qeyd edilən hallardan icbari sığorta müqaviləsi  - icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır.

İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

İcbari sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.

Sığortalı bu göstərilən tələbləri nəzərə alaraq sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz.

İcbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

İcbari sığorta müqaviləsi  sığortaolunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” qanunu ilə müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığortaolunan və ya faydalanan şəxs qarşısında qeyd olunan axırıncı qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.

Əvəzçilik üzrə  işləyən işçilərə əməkhaqqı necə ödənilməlidir?

 

Fərqanə MUSAYEVA,

Gəncə şəhəri.

 

- Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən,  əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.

 

Yaşayış binasında lifti zibilləyən şəxs hər hansı məsuliyyətə cəlb edilə bilərmi?

 

Əli MƏMMƏDOV, Bakı şəhəri.

- İnzibati Xətalar Məcəlləsinin 393-cü maddəsinə görə, yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

ETİKETLƏR: