Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərtib etdiyi “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimat mərasimi oldu

Düşmənin ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul etməklə kapitulyasiya bəyannaməsinə imza atmaqdan başqa yolu qalmadı.

15.03.2023 11:25
27
A+
A-

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimetmə mərasimi keçirilib. Tədbiri Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyev açıb. Onun təklifi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra S.Möhbalıyev geniş mətnli məruzə ilə çıxış etdi. Dedi ki, müqəddəs torpaqlarımızı 28 il işğal altında saxlamış ermənilər, bütün beynəlxalq qaydaları pozaraq, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq, “yeni müharibə, yeni ərazilər” iddiasına düşmüşdülər. Dünya ictimaiyyətinin gözü qarşısında 2020-ci il sentyabrın 27-də böyük ordu ilə genişmiqyaslı hücuma keçdilər. Ali Baş Komandan   İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu elan olunmamış müharibəyə qoşulmaq, əks-həmlə endirmək məcburiyyətində qaldı. Cəmi 44 günə düşmənin onillər ərzində qurduğu istehkamlar, digər müdafiə qurğuları, silahlı qüvvələri darmadağın edildi.

Düşmənin ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul etməklə kapitulyasiya bəyannaməsinə imza atmaqdan başqa yolu qalmadı.

Ordumuzun 44 günlük Zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində müasir müharibənin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq.

Öz siyasətini xalqın maraqları üzərində quran dövlətimizin başçısı cənab İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə qətiyyətlə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. İnformasiya müharibəsində də Prezident      İlham Əliyev ölkəmizə qarşı olan bütün hücumların qarşısını aldı. Dünyanın aparıcı mediasına verdiyi 30-dan çox müsahibə ilə ölkəmizə qarşı olan bəzi siyasi dairələrin hücumlarını darmadağın etdi.

Bu qələbə xalqın inamını özünə qaytardı, xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin nəticəsi Ali Baş Komandan cənab İlham Əliyevin dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır, nida” inamının əyani sübutu oldu.

Vətən müharibəsi həm də Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya göstərdi. Hamımız yaxşı xatırlayırıq, hələ Ermənistanın Tovuz rayonu istiqamətində təxribatı zamanı minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində qeydiyyatdan keçmişdi. Vətən müharibəsinin ilk günlərindən isə on minlərlə gənc qeydiyyata düşmüş və onların bir qismi döyüşlərə yollanmışdı. Ermənistanda fərarilik baş alıb getdiyi, gənclərin ordudan yayındığı halda, Azərbaycan gəncləri döyüşə can atırdılar. Bununla gənclərimiz yüksək vətənpərvərlik hisslərinə malik olduqlarını, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Onların simasında bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunu gördü.

Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.

Səttar müəllim qeyd etdi ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid oldu. Həmin şəhidlərimizin hamısının adı və barələrində yazılar bu kitabda qələmə alınıb.

Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq.

S.Möhbalıyev daha sonra dedi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igidlərimiz Vətən qarşısında borclarını yerinə yetirdilər. Bizim də borcumuz o insanların problemləri, qayğıları ilə maraqlanmaq, onlara əlimizdən gələn köməkliyi göstərməkdir. Biz, həmkarlar ittifaqları olaraq, çalışırıq ki, bu işləri yüksək səviyyədə həyata keçirək. Məlumat üçün bildirim ki, AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyon manatdan artıq vəsait xərclənib. Vətən müharibəsi dövründə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 36 min 890 manat ianə edilib.

Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat, Qarabağ Dirçəliş Fonduna 1 milyon 218 min 200 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 329 min 704 manat, “YAŞAT” Fonduna 669 min 876 manat ianə edilib.

Şəhid və qazi ailələrinə 4 milyon 120 min 034 manatlıq birdəfəlik yardım göstərilib. Həmçinin AHİK tərəfindən 202 şəhidin 347 övladı himayəyə götürülüb.

Sahə həmkarlar ittifaqları tərəfindən 2022-ci ildə şəhid və qazi ailələrinə 1790 yollayış verilib.

Hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 000 manat vəsait ayrılıb.

Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, 2022-ci il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.

2022-ci il noyabrın 5-də Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında, o cümlədən  Naxçıvan Muxtar Respublikasında yaşayan 5500 şəhid və qazi ailələrinə ərzaq yardımı göstərilib.

AHİK sədri çıxışının sonunda dedi: “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman Təhsil İşçiləri” kitabı İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub.

Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaqdır”.

Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü, polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək ordumuzun şücaətindən, Vətən müharibəsinin gənclərimizin vətənpərvərlik tərbiyəsində oynadığı mühüm roldan danışdılar.

Sonda kitabın təqdimatı ilə bağlı videoçarx nümayiş olundu.

Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində işləyən qazilər, həmkarlar ittifaqı təşkilatlarının sədrləri də iştirak edirdilər.

ETİKETLƏR:

Foto