Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Qızların təhsilinə dəstək” layihəsindən gözləntilər

Hazırda ali məktəb tələbələri arasında qızların sayı oğlanları üstələyir.  Bu, çox qürurverici vəziyyətdir.

15.03.2023 12:41
49
A+
A-

Martın 2-də Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov açılış nitqi ilə çıxış edərək fondun fəaliyyət istiqamətləri haqqında  məlumatları diqqətə çatdırıb.

Fondun fəaliyyəti dövründə əhəmiyyət verdiyi məsələlərdən birinin gənc qızların təhsilinə dəstək olduğunu qeyd edən Elnur Nəsibov bildirib ki, qızların təhsilinə yönələn layihələrin həyata keçirilməsi həm sosial, həm səhiyyə, həm də təhsil sahəsində bir sıra müsbət dəyişikliklərə səbəb olur.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qadınların ölkənin iqtisadi baxımdan inkişafına göstərdiyi təsirlərdən bəhs edərək onların təhsil və elmdə təmsilçiliyinin vacibliyini vurğulayıb. Qızların təhsilinin vəziyyətinə diqqət çəkən nazir ali təhsil qazana bilmək üçün kiçik yaşlardan müəyyən bilik bazasının formalaşdırılmasının önəmini qeyd edib.

Daha sonra çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların təhsilinə dəstək” layihəsinə diqqət çəkərək vaxtilə təsadüfən yaranan bir ideyanın qısa müddət ərzində reallığa çevrilməsinin sevindirici olduğunu bildirib.

Komitə sədri layihənin başladığı dövrdə Dövlət Komitəsinin regionlarda fəaliyyət göstərən mərkəzləri  vasitəsilə aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 11 qıza dəstək göstərildiyini vurğulayıb.

Sonra Təhsilin İnkişafı Fondunun şöbə müdiri Nərgiz İsmayılova “Hənifə Məlikova- Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının təsis olunması haqqında məlumat verib. Bildirilib ki, təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə yönəltmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov qeyd edib ki, təhsilin inkişafı, eləcə də gender bərabərliyinin təmin olunması YAP-ın proqramında prioritet məsələ kimi qoyulub və bundan sonra partiya üzvü olan sahibkarların da bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacaq.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirdi ki, bu, ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin gənc qızların təhsilinə dəstək vermək üçün birgə fikirləşdiyi layihədir və onlar arasında bağlanmış niyyət protokoluna əsasən bu layihəyə start verildi.  Sonra isə bu işin davamı Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsilin İnkişafı  Fonduna həvalə edilib. Layihənin çərçivəsində artıq bir neçə tədbir həyata keçirilib.

Xatırlatmaq istərdim ki, cəmiyyətimizin təhsil və maarifçilik tarixində dönüş nöqtəsi olan, Bakıda müsəlman Şərqində ilk dünyəvi Qızlar məktəbi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin minbir əziyyəti nəticəsində 1901-ci il oktyabrın 7-də  fəaliyyətə başlamışdır. Hələ o zaman H.Z.Tağıyev “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” demişdir. Bu hadisə çevrilişə səbəb olmuş və bir neçə il sonra Bakıda artıq qız məktəblərinin sayı artmışdır. Bu işıqlı yolun davamı kimi günümüzdə oğlan və qızlarımız bərabər imkanlar daxilində təhsil alır və dövlətimizin, cəmiyyətimizin inkişafına töhfə verirlər.

Bu layihənin isə ən əsas məqsədi odur ki, təhsilə həvəsi olan və gələcəkdə təhsili, savadı vasitəsilə xalqımızın həm iqtisadi, həm mədəni həyatına, inkişafına dəstək verəcək maddi imkanları zəif olan gənc qızlarımızı müəyyən etmək və onlara dəstək olmaqdır. Artıq Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarına, həm hüquqi, həm qeyri-hökumət təşkilatlarına, sahibkarlara məlumat verilib və bu layihəyə dəstək olmaları tövsiyə olunub.

Hazırda bir neçə qurum bu çağırışa qoşulub. O qurumlardan biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. AHİK Təhsilin İnkişafı Fonduna ilk ianəsini 10 min manat məbləğində edib və martın 2-də keçirilən tədbirdə sədrimiz, millət vəkili Səttar Möhbalıyevə  sertifikat təqdim olunub. Fond toplanmış ianə hesabına hələlik Masallı, Neftçala, Biləsuvar, Tərtər, Qusar, Göyçay, Ağdam, Füzuli və sair müxtəlif rayonlardan olan maddi durumu oxumaq üçün kifayət etməyən, qəbul imtahanlarında yüksək bal toplayan 25 tələbə qıza 10 ay müddətində hər ay 200 manat məbləğində yardım göstərəcək. Gələcəkdə bu sayın daha da artması planlaşdırılır.

 M.Cəfərzadə dedi ki, yeri gəlmişkən, təhsildə gənclərə dəstək təşəbbüsü sahəsində həmkarlar ittifaqının ənənəsi və böyük təcrübəsi var. 1995-ci ildən bu günə qədər bizim xidmətimizdə olan ali məktəblərin hər birindən 4-5 nəfər əlaçı və yaxşı oxuyan, eyni zamanda həmkarlar ittifaqlarının fəalı olan tələbələrə aylıq təqaüd veririk. Yəni o tələbələr dövlət hesabına aldıqları təqaüddən əlavə, AHİK-in də təqaüdünü alırlar. Bu proqram içərisində qızlarla bərabər oğlanlar da var.

Növbəti günlərdə  2022-2023-cü ilin qış imtahan sessiyasının nəticələrinə görə təhsildə fərqlənən, ictimaiyyətçi 60-dan çox tələbəyə  AHİK-in  təqaüdünü hörmətli Səttar müəllim özü təqdim edəcək.  O tələbələrin  isə əksəriyyəti qızlardır.

Həmçinin hər tədris ilində təxminən 250-280 tələbəyə təşkilatımızın vəsaiti hesabına gündə bir dəfə pulsuz yemək verilir. Ondan əlavə, biz keçirilən müxtəlif müsabiqə və yarışlarda, bədii yaradıcılıq festivallarında tələbələrə dəstək göstəririk.

Hazırda ali məktəb tələbələri arasında qızların sayı oğlanları üstələyir.  Bu, çox qürurverici vəziyyətdir.

M.Cəfərzadə bu layihəni AHİK-in yüksək qiymətləndirdiyini vurğuladı. Əlavə etdi ki, qızlarımız təhsilli olduqda güclü olur, düzgün, müstəqil qərar verərək  erkən nikahdan, zorakılıq əlamətlərindən, intihar hadisələrindən uzaq olurlar.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: