Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pul qazanmaq özlüyündə bir elmdir

Yadınızda saxlayın ki, təcrübə ağlınızın potensialına meydan açır və sizi müdrik edir.

15.03.2023 12:47
160
A+
A-

Təbii ki, hamı yaxşı, təminatlı ömür yaşamaq istəyir. Lakin heç də hamı belə bir həyata nail olmaq yollarını bilmir. Bilməyə cəhd göstərməyənlər də olur. Onlar imkanlı və ya imkansız olmaları ilə barışır və bunu alın yazısı və ya Allahın qisməti kimi yozurlar. Halbuki pul qazanmaq özlüyündə bir elmdir. Təəssüf ki, məktəblərdə və universitetlərdə bu elm öyrədilmir. Maliyyə təfəkkürünün inkişafı üçün kifayət qədər uzun müddət lazımdır. Pul nəzəriyyəsini, investisiyaların və maliyyə bazarının necə işlədiyini öyrənməyə başladıqda xərclərə baxışınız dəyişəcək.

Robert Kiyosakinin “Varlı ata, kasıb ata” kitabı insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə daha çox pul qazanmaq üçün işləməkdən əlavə ağıl işlətmək, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşmaq və ondan səmərəli istifadə etmək vacibdir.

Bir çoxu fikirləşir ki, yüksək maaş bütün maddi problemlərimizi həll edəcək. Amma əslində problemlər pulun çoxluğu və ya azlığı ilə həll edilmir. Problemlərin həllindən ötrü əsas məsələ “pul necə qazanılır” sualına cavab tapmaq lazımdır. Əksər insanlar pul qazanmağın, ehtiyat vəsait toplamağın yolunu çox işləməkdə, əziyyətlərə qatlaşmaqda görür. Bu, gələcəkdə pul qazanmaq təfəkkürünü maddiləşdirmək naminə ilkin kapital toplamaq baxımından yaxşıdır. Amma müəyyən müddətə qədər. Sonra elə etməlidirlər ki, pul özü onlar üçün işləsin və əlavə pul gətirsin. Bunu bilmək üçün də biz iki maliyyə terminini bilib dərk etməliyik. Birinci - aktivlər, ikinci isə - passivlər. Aktivlər sizə pul gətirir. Passivlər isə pulunuzu alır.

Hər şey həm aktiv, həm passiv ola bilər. Məsələn, sizin avtomobiliniz var və hər ay sizdən 200 manat xərc tələb edir. Deməli, avtomobiliniz sizin büdcə üçün passiv rol oynayır. Yox, əgər avtomobiliniz var və onu hər ay kirayə verməklə əlavə 200 manat qazanırsınızsa, onda o, aktiv hesab olunur. Aktivlərə misal kimi özəl biznesi, pul gətirən daşınmaz və daşınan əmlakları, şirkət səhmlərini və sairəni nümunə gətirə bilərik. Passivlər isə, sizin üçün həyati əhəmiyyəti olmadığı halda, alınan əşyalardır. Məsələn, bahalı telefon, maşın, daha böyük ev, kreditə götürülən məhsullar və s. Bunların fərqini bilmək zəruridir.

Kreditlə alınan əşyalara gəldikdə isə, siz özünüzə aylıq əlavə xərc yaradıb ondan asılı olacaqsınız və maddi vəziyyətinizin inkişaf etməsi sual altında qalacaq.

Tədqiqatlar göstərir ki, ilkin yatırım heç də həmişə istənilən nəticəni vermir, maliyyə itkisi ilə üzləşmək ehtimalı istisna olunmur. Bundan qorxmaq lazım deyil. Ən pis halda itirdiyiniz pul əvəzinə yaxşı əyani təcrübə qazanacaqsınız. Bu təcrübə sizə itirdiklərinizin əvəzini artıqlaması ilə qazanmaq imkanı verəcək. Hər halda razılaşarsınız ki, qazanılan təcrübə aldığınız və ya kreditə götürdüyünüz “daha böyük” televizorda izləyəcəyimiz yerli verilişlər və seriallardan həyatınıza daha böyük dəyər qatacaq.

Yadınızda saxlayın ki, təcrübə ağlınızın potensialına meydan açır və sizi müdrik edir.

Pulun düzgün bölüşdürülməsində digər vacib bacarıq nizam-intizamdır. Xərclərinizə ciddi şəkildə nəzarət etməyə və ayrılmış büdcədən kənara çıxmamağa başlasanız, pulu saymağa və kartdakı balansa nəzarət etməyə öyrəşsəniz, nəticəyə təəccüblənəcəksiniz. İnsanların 80%-dən çoxu maaşlarını israfçılıqla xərcləyir, sonrakı günlərdə qarşılaşa biləcəkləri ehtiyacları nəzərdə tutmadan istədikləri hər şeyi alır. Əhalinin yalnız 20%-i pulunu ölçü-biçi ilə xərcləyir. Belələri, özündə şüurlu istehlak vərdişini inkişaf etdirərək büdcəni artırmış olur.

Ortaya təbii sual çıxa bilər: əgər istədiyim kimi xərcləməyəcəyəmsə və istədiyim hər şeyi almayacağamsa, onda o pulu niyə qazanıram? Əlbəttə, hər kəs istəyir hər şeyin ən yaxşısı onun olsun. Burda qeyri-adi hec nə yoxdur. Məsələ xərcləməməkdən yox, yığa bildiyiniz pula nisbətdə nə qədər xərcləməyinizdən gedir. Deyək ki, ayda ailəyə 1000 manat gəlir gəlir. Ay ərzində gündəlik tələbatlarınızı ödəmək üçün 500 manat yetərlidir. Artıq qalan 500 manatdan 150-200 manatına hansısa istədiyiniz əşyanı ala bilərsiniz. Büdcənizdə qalan 300-350 manatı yığıb hansısa aktivə yatırım etmək olar. Müəyyən vaxtdan sonra bu yatırımınızın nəticəsində gəlirinizi, deyək ki, 1000 manatdan 1500 manata qaldırmaq şansınız yaranacaq.

Hər kəs müəyyən qədər zaman ayıraraq gəlir və xərclərini dəqiq hesablayıb bu qaydanı tətbiq edə bilər.

Pul qazanmaq mövzusunda danışarkən bir məsələni də diqqətdən qaçırmaq olmaz. Milyonçu kimi düşünmək üçün milyonlara sahib olmaq lazım deyil. Lakin milyonlara sahib olmaq üçün mütləq milyonçu kimi düşünmək lazımdır.

“Milyonçu kimi düşünmənin sirləri” kitabının müəllifi T.Harv Eker sıfırdan milyonçuya çevrilmişdi. Sonra pullarını uğurlu idarə edə bilmədiyinə görə, tamamilə müflis olmuşdu. Daha sonra bütün yaşadıqlarını və səhvlərini təhlil etmişdi. Varlana bilən və varını daha da çoxaltmağı bacaran insanların kasıb insanlarla düşüncə tərzinin müqayisəsini aparmışdı. 17 əsas fərqi müəyyən etmişdi. Bu fərqlərdən birinin əyani nümunəsini biz gündəlik həyatımızda da görürük. Məsələn, bazarlığa gedirik və alacağımız məhsulların ən ucuzunu tapmaq üçün bir-bir qiymətləri soruşur, satıcılarla danışıqlar aparırıq. Hər dəfə də qiyməti aşağı salmağa çalışırıq ki, büdcəmizə 20-30 qəpik qənaət edək. Bu, kasıb düşüncə tərzidir. Biz 20-30 qəpik qənaət etməkdən ötrü 1 saat vaxt sərf ediriksə, deməli, bizim 1 saatımızın dəyəri elə 20-30 qəpik dəyərindədir. Varlı düşüncədə olan insan isə vaxtının dəyərini dərk edir. Fikirləşir ki, hansısa yolla mən vaxtımdan necə istifadə etməliyəm ki saatımın dəyəri 100 manat və ya 1000 manat olsun. Bunun üçün hansı işlər görməliyəm? Hansı addımlar atmalıyam, özümü necə inkişaf etdirməliyəm? Təzə nələr öyrənməliyəm və s. Beləliklə, varlı və kasıb düşüncəli insanlar arasındakı ilk fərq odur ki, varlı düşüncəli insanların maddi hədəfləri böyük, kasıb düşüncəli insanların maddi hədəfləri isə kiçik olur.

Bir çox mütəxəssisin müəyyən etdiyi standart gəlirin ən azı 10%-nə qənaət etməkdir. Bu, yaxşı bir başlanğıc nöqtəsidir. Daha ağıllı insanlar, çətin də olsa, başlanğıcdan irəli doğru getməyi bacarar və gəlirlərini zamanla artıra bilər. Onu da qeyd etmək lazımdır ki, pulu, sadəcə, bir valyuta formasında yığıb saxlamaq təhlükəlidir. Nəzərə almaq lazımdır ki, əmanətlər inflyasiya səbəbindən zamanla dəyərsizləşə bilər. Buna görə əmanətinizi müxtəlif valyutalara çevirmək faydalı olar. Eyni zamanda analitiklərin fikrincə, effektiv əmanət üçün ilkin şərt yığılan vəsaitləri ağıllı idarə etməkdir. Bu, depozit, əmanət hesabı, səhm və istiqraz bazarı ola bilər.Yalnız qənaət etmək deyil, həm də pul yatırmaq qərarına gəlsəniz, rahat qocalığı təmin etmək üçün bunu necə düzgün edəcəyinizi öyrənin.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto