Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

30.01.2021 16:08
22
A+
A-

 

Yanvarın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Onlayn formatda keçirilən iclası giriş sözü ilə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib.

İclasda AHİK-in “Azərbaycan Həmkarlar İttifaqları - 115 il” yubiley döş nişanının təsis olunması və əsasnaməsi haqqında məlumat verilərək bildirilib ki, yubiley döş nişanı AHİK-in İcraiyyə Komitəsi tərəfindən təsis edilir. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı fəalları, dövlət, ictimai xadimlər, beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.

İclasda “İşəgötürən tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər haqqında” çıxış dinlənilib. Qeyd olunub ki, son dövrlər ölkəmizdə sahibkarlar cəmiyyətin güclü bir hissəsi kimi formalaşıb və kifayət qədər resurslara malikdirlər. Əməkçilərin sosial məsələlərinin həllində, xüsusən işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılmasında sahibkarların iştirak imkanları ilbəil artır.

Beynəlxalq Əmək Təşkilatının  metodologiyasına uyğun olaraq, işçi qüvvəsinə çəkilən xərclər on əsas qruplar üzrə xərclərdən ibarətdir. Onların sırasında əməkhaqqı fondu və sosial ehtiyacların ödənilməsi, işçilərin yaşayış yeri ilə təminatı, peşə təhsili və mədəni-məişət xidmətlərin göstərilməsi ilə bağlı əlavə xərclər, sosial sığorta üzrə kollektiv şəkildə qəbul edilmiş konkret və könüllü üzvlük haqları, sosial müavinətlər, ezamiyyə xərcləri və işçi qüvvəsindən istifadə edilməsi ilə bağlı vergilər vardır.

Müəssisə və təşkilatlar tərəfindən işçi qüvvəsinə çəkilən xərclərin səviyyəsi iqtisadi fəaliyyət növündən asılı olaraq, xeyli fərqlənir. Belə ki, muzdlu işçilərin saxlanılmasına çəkilən ən yüksək xərclər mədənçıxarma, maliyyə və sığorta fəaliyyətinin, informasiya, rabitə və tikinti ilə məşğul olan təşkilatlarda, ən aşağı isə ticarət, istehlak texnikasının təmiri, mehmanxana və restoranlarda qeyd olunur və əksər hallarda əməkhaqqının səviyyəsi ilə bağlıdır.

İşçi qüvvəsinin saxlanılmasına çəkilən xərclər həmkarlar ittifaqlarının siyasətində daimi yer tutan məsələlərdən biridir. Ölkəmizdə dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi yardım tədbirləri işçi qüvvəsinə sərf olunan xərclərin səviyyəsinin azalmaması və strukturun pisləşməməsinə imkan yaradır. Odur ki, işəgötürənlərlə kollektiv danışıqlar aparılarkən və kollektiv müqavilələr bağlanarkən işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, onun ümumi xərclərdə payının artırılması, əmək haqqında tarif payının artırılması, həvəsləndirmə sisteminin inkişafı, eyni zamanda, əməkhaqqı fonduna daxil edilməyən xərclər üçün, xüsusilə də işçi qüvvəsinin keyfiyyətinin artırılması məqsədini daşıyan vəsaitlərin ayrılması məsələləri COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirinə baxmayaraq, öz yerini tapmalıdır.

Əməkçilərin sosial-əmək hüquqlarının məhdudlaşdırılması və layiqli əmək prinsiplərinə etinasızlıq göstərilməsi üçün pandemiya ilə bağlı çətinliklər bəhanə olmamalıdır.

İclasda müzakirə olunan məsələyə münasibət bildirən AHİK sədri diqqətə çatdırıb ki, sözügedən məsələnin daha da geniş şəkildə həyata keçirilməsi məqsədilə Əmək və Sosial Münasibətlər Akademiyasında istər həmkarlar ittifaqı respublika komitələrinin rəhbər işçiləri, istərsə də ilk təşkilatların sədrləri üçün müxtəlif müddətli kurslar təşkil edilməli, müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələri ilə görüşlər keçirilməlidir. Həmin kurslara ayrı-ayrı nazirliklərin əməkdaşları, mütəxəssisləri dəvət olunmalıdır. Sahə nazirlikləri ilə kollektiv müqavilələr bağlanarkən əmək kollektivlərinin iştirakı təmin edilməli, işçilərin sosial-məişət problemləri, əməkhaqqı və digər məsələlər başlıca yer tutmalıdır. İşçilərin əmək hüquqlarının qorunmasında, əsassız işdən çıxarılma hallarına yol verilməməsində və s. məsələlərdə həmkarlar ittifaqı təşkilatlarının mövqeyi həlledici olmalıdır. Bunun üçün isə müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının kollektiv üzvləri tərəfindən seçilməsi mühüm şərtlərdəndir. Mövcud pandemiya şəraitində, sərt karantin dövründə həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqaməti işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi olmalıdır.

AHİK sədri daha sonra Vətən müharibəsindən sonrakı dövrdə həmkarlar ittifaqları üzvlərinin qarşısında duran vəzifələrdən danışıb. Qeyd edib ki, qarşıda işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq abadlıq-quruculuq işlərində həmkarlar ittifaqlarının da görəcəyi işlər çoxdur. Rayonların, kəndlərin bərpa olunmasında, kommunikasiyaların qurulmasında, yollar salınmasında, sosial obyektlərin tikintisində və s. sahələrdə yaxından iştirak etmək hamımızın vətəndaşlıq borcu, vəzifə borcudur. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsi dövründə Azərbaycan həmkarlar ittifaqları ayrı-ayrı fondlara 10 milyon manatdan artıq vəsait keçirmiş, maddi yardımlar göstərmişdir. Biz bu işlərimizi bundan sonra da davam etdirəcək, həmişə xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın yanında olacağıq.

AHİK İcraiyyə Komitəsinin iclasında Qarabağ Dirçəliş Fonduna əlavə vəsait ayrılması haqqında qərar qəbul edilmiş, bir sıra digər cari məsələlərin də müzakirəsi aparılmışdır.

ETİKETLƏR: