Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Oruc tutmağın tibbi faydaları

Karbohidratlı, şəkərli, aşırı duzlu qidalardan uzaq durmalıyıq. Bu məhsullar sizi həm susadacaq, həm də axşam su içdiyiniz üçün bədəndə ödəm yaradacaq.

29.03.2023 11:43
255
A+
A-

Oruc tutmağın insan orqanizminə faydaları artıq son dövrlərdə daha çox araşdırılır. Demək olar ki, dünyanın bir çox ölkəsində, hətta qeyri-müsəlman ölkələrində belə bəzi xəstəliklərin müalicəsində aralıqlı orucdan istifadə edilir.

Mütəxəssislər bildirir ki, orucdan sonra dəri həddindən artıq canlanır, parıldayır və daha gənc görünür. Bu da bir növ qaraciyərin, mədənin, böyrəklərin funksiyalarını bərpa etməsi nəticəsində mümkün olur. Oruc tutmaq şəkərli diabet xəstələrinin də səhhətinin normallaşmasına gətirib çıxarır. Bir ay durmadan tutulan oruc qandakı şəkər səviyyəsinin balansını qorumağa da kömək olur ki, bu da ən önəmli məsələlərdən biridir. Bunların hər biri immun sistemimizi gücləndirdiyi üçün artıq daha güclü olur.

Araşdırmalar göstərir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”.

Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur.

Növbəti 1 həftədə bədən artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdən xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır.

Həkim endokrinoloq Ülya Quliyeva bildirdi ki, bu dönəmi maksimum yararlı keçirmək hüceyrə içi təmizlik üçün bir fürsətdir. O, vurğuladı ki, həkimlər və mütəxəssislər funksional tibdə belə, aralıqlı orucu, yəni heç olmasa ən azı 16 saat aclığı hər zaman məsləhət görürlər. Həmin vaxt bədəndə avtofagiya prosesi gedir və beləliklə,  planlı hüceyrə ölümü baş verir. Bədəndəki xəstəliklərin, xərçəng hüceyrələrinin, toksinlərin, göbələklərin məhv olması təmin olur. Yeni hüceyrələrin yaranmasına da səbəb olur ki, bu da orqanizmi gəncləşdirir. Bədən elə qurulub ki, bədəndə detoksifikasiya, yəni təmizlənmə işi gedir. Beləliklə, bədən təmizlənmiş olur. Ona görə oruc tutmaq bədən üçün hədsiz faydalıdır. Qeyd olunduğu kimi, oruc İnterval Fasting-in bir növüdür, amma gecə yeyilir deyə, maksimum diqqətli olmaq lazımdır ki, təmizlənməni içəridə də edə biləsiniz. Az yemək, bol mayə birinci planda olmalıdır.

Həkim oruc tutanlar üçün məsləhətlər verdi: “İmsak və iftar üçün düzgün qidalanmaq, karbohidratlardan uzaq durmaq, sağlam yağlardan istifadə etmək zəruridir. Sağlam yağlar dedikdə, avokado, qoz, fındıq və digər ləpələr, kokos yağı, təmiz kərə yağı, birinci soyuq sıxım (extra virgin) zeytun yağı nəzərdə tutulur. Həmçinin protein, yəni zülal mənbəyi olan məhsullar.

Misal üçün, sahurda yumurta və bol tərəvəz ideal seçimdir. Sahurda şirniyyat qəbul etməyin, bu sizi tox tutmayacaq, əksinə, daha da çox acdıracaq. Sahurda minimum az yeməyə diqqət göstərin. Hətta bacaranlar tərəvəz suları ilə kifayətlənə bilərlər. Sizə lazım olan mayedir. Bu da su və bitkilərdəki sudan ibarətdir. Yəni bol su və tərəvəz ehtiyacı qarşılayacaq. İftarla sahur arası ən az 2 litr su mütləqdir. Orucu mümkünsə 0.5 l su ilə açın. Yeməyə keçmədən özünüzə 5-10 dəqiqə vaxt verin. Yeməkdə hər gün şorba mütləqdir. Həm sizi tez doyurub tox tutacaq, həm bağırsaqların tənbəlliyi üçün yaxşı gələcək. Şorbadan sonra mütləq fasilə verilməlidir.

İftarda isə istənilən ət və ya balıq növü ilə az bişmiş tərəvəzlər olmalıdır. Çiy tərəvəzlər köp verə bildiyi üçün, bişmiş tərəvəzlərə bu dönəmdə daha çox üstünlük verməliyik.

Karbohidratlı, şəkərli, aşırı duzlu qidalardan uzaq durmalıyıq. Bu məhsullar sizi həm susadacaq, həm də axşam su içdiyiniz üçün bədəndə ödəm yaradacaq. Karbohidratlı qidalar, əsasən də mədə-bağırsaq sistemində problemi olanlar üçün qəbizlik, qastrit, yaraları olan xəstələrə ağrı verəcək. Un məmulatları, qızarmış yeməklər, şorabalar, paket,  fast-food məhsullar onları incidə bildiyi üçün uzaq durmaq lazımdır”.

Ü.Quliyeva çox oturmamağı, hər 20 dəqiqədən bir evdə gəzməyi tövsiyə etdi. Bildirdi ki, karbohidratlar ödəmi 70% artırır. Ona görə yatmazdan əvvəl hər ayağı 10 dəqiqə fırçalamaq ödəmi atmağa kömək edəcək. Şüyüdün, cəfərinin üstünə limon sıxaraq yemək də faydalı olacaq.

“Atışdırmalarınız göyərti və tərəvəzlər olsun. Meyvə isə bir porsiya kifayət edər. Şirniyyatdan, süd məhsullarından uzaq durmağınız gərəkənlər sırasındadır. Süd məhsullarının yerinə kefir için.

Paxlagillər sizi tox tutacaq, onlar eyni zamanda əla protein və lif mənbəyidir”, - deyə Ü.Quliyeva bildirdi.

Həkim  xurmanın əvəzinə, innabdan istifadə etməyi tövsiyə etdi. İnnabda (79kkal) xurma (281kkal) ilə müqayisədə kalori daha aşağıdır. Eyni zamanda flavonoid miqdarı çoxdur, limondan qat-qat çox vitamin C mənbəyidir. Həzm üçün əla vasitədir. Diyabetlilər ondan rahat istifadə edə bilərlər. Mədə-bağırsağın güclənməsinə kömək edir, mikrofloranı dəstəkləyir, tox tutur, ödəm atmağa kömək edir.

Oruc tutan zaman halsızlıq və sairə çətinliklərlə qarşılaşmamaq üçün ilk növbədə doğru qidalanma planı, bol maye qəbulu və bəzi vitamin minerallardan dəstək önəmlidir: “Qidalanmaya mütləq vitamin D, omega 3, maqnezium daxil olunmalıdır. Xroniki dəmir çatışmazlığı varsa, mütləq orucluq zamanı dəmir əlavəsi qəbul təyin edilir. Bağırsaq problemi olanlar varsa, probiotik dəstəyi ala bilərlər”.

Günel RAFAYILQIZI

 

ETİKETLƏR:

Foto