Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sürət həddi aşağı salındı qəzaların da sayı azalacaqmı?

“Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır.

29.03.2023 11:51
85
A+
A-

“Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də yüksək sürət həddinin aşılmasıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb. Artıq Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət  həddi də endirilib. Sürət yolun 110km\saatlıq riyadlarında 90 km\saata, 90 km\saatlıq riyadlarda  isə 70km\saat olaraq dəyişdirilib.

Məlumata görə, maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.  Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Lakin vətəndaşların bəziləri bu qərarın daha çox tıxac yaradacağını düşünür,  narazılıqlarını bildirirlər. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev   bildirib ki, “Əvvəllər yüksək sürətin tıxacı aradan qaldırmağa xidmət etdiyinə inanılırdı. Lakin hazırda ekspertlər düşünürlər ki, sürətin endirilməsi yollarda stabil ötürücülüyün bərpası üçün ən optimal çıxış yoludur”.

O bildirib ki, buna misal olaraq, Finlandiyanı nümunə gətirə bilərik:

“Finlandiya təhlükəsizliyi ilə tanınır. İstər orada, istərsə də Avropanın digər şəhərlərində şəhərdaxili sürət həddi 30-50 km\saat təyin edilib. Yol hərəkəti təhlükəsizliyi baxımından bu təcrübə tətbiq edilir və müsbət effekt də görülür. Bu səbəbdən düşünürəm ki, bu təcrübənin Bakı yollarında tətbiq edilməsi tıxacların nəinki artmasına, əksinə, azalmasına xidmət edə bilər”.

Sürət həddinin endirilməsi tətbiq edilən ölkələrdə piyadavurmaların sayı kifayət qədər azdır. Bakıda yol-nəqliyyat hadisələrinin 63 faizini piyadavurmalar təşkil edir. Düşünürəm ki, şəhərdaxili yollarda sürət həddinin endirilməsi praktikası müsbət nəticə verə bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirdi ki, Bakı şəhəri və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi keçmişdə buraxılan ciddi səhvlərin düzəldilməsidir. Vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər olmamalıydı. Yaxud da bu səhv çoxdan aradan qaldırılmalı idi. Nəhayət ki, edildi.

Ekspert onu da qeyd etdi ki, iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi gücləndirmək üçün dövlət proqramında nəzərdə tutulan digər işlər-yol tikəndən başlamış, yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və sair məsələlər də öz həllini tapmalıdır.

“Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər, yəni DYP və BNA müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox vaxt itirilməsinə yox, piyada, sürücü, sərnişin üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət mühitinin yaradılmasına xidmət edəcək”.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: