Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Büdcədə neft sektoru üzrə vergi daxilolmaları artırıla bilər

Büdcədə dəyişiklik zamanı ilk növbədə vergi gəlirlərinin artımı üzrə proqnoz dəyişəcək, vergi daxilolmalarının məbləği təxminən 10 faiz artacaqdır.

29.03.2023 12:11
15
A+
A-

Hökumət neftin 2023-cü ildə dövlət büdcəsində təsdiq edilmiş hazırkı qiymətini artırmağı düşünür. Bu barədə Baş nazir Əli Əsədov hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib. Baş nazir qeyd edib ki, hazırda büdcədə neftin bir barelinin satış qiyməti 50 dollar təşkil edir və mövcud ssenarilər may ayında qiymətin artırılması barədə mümkün qərar verilə bilər. Hazırda nikbin gözləntilər var və neftin qiymətinin sabit qalacağına dair proqnoz qiymətləndirmələrdən sonra konkret qərar veriləcək. Müvafiq iqtisadi dövlət qurumları həm 2023-cü ilin birinci rübü üzrə mövcud büdcə daxilolmalarını, proqnozlaşdırılmış maliyyə-fiskal potensialı təhlil etdikdən sonra neftin baza ssenarisi üzrə dəyişikliklər layihəsini hökumətə təqdim edəcək.

Büdcədə neftin qiymətinin nə qədər artırılacağı barədə isə hələlik konkret rəqəmlər bəlli deyil, bunun üçün dünya bazarlarında yanacağın satış qiymət-indeksləri təhlil ediləcəkdir. Hazırda neftin dünya bazar qiyməti təxminən 72-78 dollar civarındadır. “Brent” markalı neftin bir barelinin qiyməti 75 dollar, “Azeri Light” markalı neftin qiyməti isə 78 dollar təşkil edir. Beynəlxalq enerji agentliklərinin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə neftin orta bazar qiyməti 78-82 dollar civarında olacaq. Bu ssenarilər isə Azərbaycan hökumətinin neftin büdcə qiymətinin ən azı 10 dollar artırmasına imkan verir. Yaxın aylarda neftin qiymət əmsalları nəzərə alındıqdan sonra büdcədəki qiymət müəyyənləşəcək. Hökumətin bir barel üzrə qiyməti təxminən 60 dollara qaldırması istisna edilmir.

Belə olan halda Azərbaycanın iqtisadi artım mənbələri də genişlənə bilər. İlk növbədə 2023-cü  ildə ÜDM-in tərkibində neft-qaz  sektorunun payının artması istisna deyil. Xatırladaq ki, dekabrda təsdiq edilmiş büdcə layihəsində 2023-cü il üzrə ÜDM-in  tərkibində qeyri-neft-qaz  sektorunun payı 69,2  faiz, neft-qaz sektorunun payı 30,8 faiz proqnozlaşdırılıb.

Hazırda büdcədə neftin dünya bazarında satışı orta hesabla 75 dollar təşkil edir ki, bu da 50 dollar üzrə gəlirlərin büdcəyə köçürülməsini, qalan 25 dolların isə Dövlət Neft Fonduna yığılmasını təmin edir. Nəticədə Neft Fondunun aktivləri artmaqdadır. Neftin büdcədəki qiyməti 60 dollara qaldırılsa Neft Fondunun aktivləri təsir edə bilər, ancaq Fonddan büdcəyə transfertlərin həcmi də 2023-cü ildə azaldığından bu boşluq hiss edilməyəcək.

Neftin büdcə qiymətindəki korrektələr, sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərində də dəyişiklik ediləcəkdir. Hazırda dövlət büdcəsinin xərcləri 33,3 milyard manat təşkil edir, neftin büdcə qiyməti dəyişəcəyi halda, gəlir və xərclər ən azı 1 milyard manat artırıla bilər.

Büdcədə dəyişiklik zamanı ilk növbədə vergi gəlirlərinin artımı üzrə proqnoz dəyişəcək, vergi daxilolmalarının məbləği təxminən 10 faiz artacaqdır.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirlərinin 53 faizi və ya 16,3 milyard manatı neft sektorunun, 47 faizi və ya 14,4 milyard manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 69,2 faizi və ya 11,3 milyard manatı Dövlət Neft Fondundan transfertin, 30,8 faizi və ya 5 milyard manatı isə vergi orqanlarının payına düşür. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsində daxilolmaların 8 milyard 385 milyon manatı qeyri-neft sektorunun, 5 milyard 17 milyon manatı neft sektorunun payına düşür. Beləliklə, neftin büdcədəki qiymətinin artırılması sayəsində vergi orqanlarının xətti ilə neft daxilolmalarının proqnozu da yüksələcəkdir. Hazırda neft sektoru üzrə vergi daxilolmalarında Dövlət Neft Şirkətinin payı 1 milyard 650 milyon manat,  “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə xarici konsorsiumun mənfəət vergisi 492 milyon manat, “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə isə mənfəət vergisi 2 milyard 875 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, vergi orqanlarının həmin sahələrdən daxil olan neft gəlirləri təxminən 1milyard manat artaraq 6 milyard manatadək yüksələ bilər. Büdcənin gəlir və xərcləri artırıldıqda bir sıra sahələrdə də xərclərin həcminin artırılması istisna deyil. Sözsüz ki, ilk növbədə azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına ayrılmış vəsaitlərin məbləği artırılacaqdır. Hərbi xərclər də bu sıradadır. Ötən ilin ortalarında büdcədə dürüstləşmə aparılarkən də əsas artım sahələri kimi azad edilmiş ərazilər və müdafiə ilə bağlı xərclər prioritet götürüldü.

Yeni büdcə dürüstləşmələri zamanı büdcədə sosial müdafiə və təminat xərclərinin də artırılması mümkün ola bilər. Bu sahədə xərclərin 300-400 milyon manat artırılması üçün mənbələrin mövcud olması da buna imkan verir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: