Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anıldı

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

05.04.2023 10:15
20
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətindən danışıb.

Bildirib ki, tarixə nəzər saldıqda bütün dövrlərdə azərbaycanlılar erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin mart qırğınları məhz belə soyqırımı aktlarından biridir. Ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 30 mindən artıq azərbaycanlını  qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 15-20 min azərbaycanlı xüsusi amansızlıqla öldürülmüşdü.

Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətləri açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. AXC hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında yalnız Bakıda daşnaklar tərəfindən (bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə) 15 mindən çox günahsız  müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Bu qırğının təşkilatçısı S.Şaumyan Moskvaya göndərdiyi 13 aprel 1918-ci il tarixli məktubunda yazırdı: “Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

S.Möhbalıyev deyib ki, 1918-ci ildə azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər, Bakı da daxil olmaqla, bütün Azərbaycanı işğal etmək niyyətində idilər. Dəhşətli soyqırımının qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmışdı. Ona görə xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız tamamilə yad istiqamətə köklənmişdi.

Azərbaycan xalqı özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya çatdırmaq və hüquqi-siyasi qiymət vermək mümkün olmuşdur. Xalqımızın üzləşdiyi soyqırımı ilə bağlı ən mühüm siyasi sənəd Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmandır. Bu fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Azərbaycan tarixinə yeni baxışın, tariximizin yenidən araşdırılmasının əsasını qoyan bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.

Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Prezident İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirir.

S.Möhbalıyev bildirdi ki, bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi. Minilliklərə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bununla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoyuldu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi. Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.

AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanaraq regionun inkişafına təkan verəcək. İnanırıq ki, yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarında məskunlaşacaq və orada əbədi xoşbəxt yaşayacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir-birinin ardınca yeni tikilən obyektlərin açılışlarını ediblər.

Bu gün Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş aparır. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi erməni millətçiliyinin və şovinizminin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğunu qəbul edəcək və Azərbaycan xalqına qarşı törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcək.

AHİK sədrinin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxışında 1918-ci il martın 30-dan may ayına qədər Bakı şəhəri və quberniyanın bölgələrində azərbaycanlılara qarşı erməni silahlı dəstələri tərəfindən törədilən qırğınları masştabına görə ən böyük qətliam hadisələrindən biri adlandırıb.

Deyib ki, yalnız Quba qəzasında (Quba, Xaçmaz, Qusar, Şabran, Xızı) 122 kənd tamamilə məhv edilmişdir. Talanlar və yanğınlar törədilmiş, müsəlman və digər etnik qruplardan olan əhali kütləvi şəkildə qətlə yetirilmişdir.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqda uyuyanların 1918-ci ildə qətlə yetirildiyi təsdiq edilmişdir. Qətlə yetirilənlər arasında 3000 nəfər yəhudi əsilli dinc əhali də olmuşdur.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən xarici ölkə nümayəndələri bir daha erməni vandallığının şahidi olurlar.

Hikmət müəllim dedi ki, Azərbaycan xalqı gələcək nəsillərə heç vaxt düşmənçilik və qisasçılıq hissləri aşılamayıb. Biz sovet dönəmində də beynəlmiləlçilik ruhunda böyümüşük. Amma ermənilər yox. Çox təqdiredici haldır ki, indi orta məktəb dərsliklərində 31 Mart soyqırımı haqqında müəyyən materiallar tədris edilir. Biz də bu təbliğatı zəiflətməməliyik.

Həmkarlar İttifaqı olaraq bizim Respublika Komitəsinə istər MDB, istərsə də digər ölkələrdən gələn qonaqlara bu haqda müfəssəl məlumatlar verilir. Ötən illər ərzində Ukraynadan, Belarusdan, Tatarıstandan, Türkiyədən gələn qonaqlarımızı Quba məzarlığı ilə tanış etmişik.

Xarici səfərlərdə də erməni soyqırımı və Qarabağ məsələsi daim diskussiyalarımızın əsasını təşkil edir. Hələ 2018-ci ilin dekabr ayında Danimarkada Beynəlxalq Həmkarlar İttifaqının IV Dünya qurultayında ermənilərin törətdiyi soyqırımı haqqında 4 dildə - türk, ingilis, fransız və rus dillərində çap etdirdiyimiz, tarixi faktlara söykənən broşüraları AHİK-in beynəlxalq şöbəsinin işçilərinin fəallığı ilə qurultay iştirakçılarına paylaya bildik və bu iş bu gün də tərəfimizdən davam etdirilir.

Sonra Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Cavid Məmmədov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Mahir Aşurov ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixindən və məqsədlərindən, bu siyasətin acı nəticələrindən, 1918-ci il Mart soyqırımından, həmçinin 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qüdrətindən, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən danışıblar.

Tədbirin yekununda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlərin dərindən araşdırılması, qaldırılan bütün problemlərin qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilməsi ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto