Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ulu Öndərin 100 illiyinə həsr edilən spartakiadanın açılışı olub

Ulu Öndər iqtisadiyyatda və mədəniyyətin bütün sahələrində olduğu kimi, idmanda da yüksəlişin əldə edilməsini qarşıya vəzifə kimi qoymuşdu.

12.04.2023 12:39
28
A+
A-

Aprelin 7-də Azərbaycan Voleybol Federasiyasının İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş spartakiadanın açılış mərasimi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan idman yarışında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK) xidmət sahələrinə daxil olan müəssisə və təşkilatların komandaları iştirak edir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə 2023-cü il “Heydər Əliyev İli” elan edilibdir.

Sonra AHİK sədri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, həmçinin təhsilə, idmana olan diqqətindən və gənclər siyasətindən danışıb. Bildirib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Ulu Öndər iqtisadiyyatda və mədəniyyətin bütün sahələrində olduğu kimi, idmanda da yüksəlişin əldə edilməsini qarşıya vəzifə kimi qoymuşdu.

Ölkəmizdə ən mötəbər yarışların keçirildiyi İdman Konsert Kompleksi, Bakı İdman Sarayı, Atletika maneji, Respublika Velotreki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası, Olimpiya yığma komandaları üçün təlim-məşq bazası, Suraxanı Olimpiya Kompleksi, Buzovna qəsəbəsindəki “Gənclik” stadionu, Respublika Olimpiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin İdman Sarayı, Mingəçevirdəki “Kür” avarçəkmə bazası və onlarla digər arena məhz Ulu Öndərin təşəbbüsü ilə tikilmişdi.

Xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev respublikamızda, bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi. Ümummilli Lider Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis “Bədən Tərbiyəsi və İdman haqqında” qanun qəbul etdi. 

1994-2003-cü illərdə Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında 89 medal qazanmışlar (onlardan 32 qızıl, 22 gümüş, 35 bürünc).

Heydər Əliyev idmançıların sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə yüksək nailiyyətlər əldə etmiş idmançılar haqqında mükafat və təqaüdlərin verilməsi ilə bağlı sərəncam və fərmanlar imzalamışdır.

“İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsininz ki, bu qayğını daim hiss edəcəksiniz”- söyləyən Ümummilli Lider Heydər Əliyev axıra kimi idmançılarımızın qayğısına qaldı. Belə ki, dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 “Şöhrət” ordeni, 45 “Tərəqqi” medalı, 21 “Əməkdar müəllim”, 10 “Xüsusi Olimpiya təqaüdü” və 21 “Fərdi təqaüd” verilmişdir.

Milli Məclisin deputatı deyib ki, Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.

Prezident İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı və qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı.

Ötən son 10 il ərzində idman sahəsindəki uğurlarımıza nəzər salsaq qazanılan medalların artan tempini görürük.

Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycan dövləti I Avropa Oyunlarına hazırlıq prosesində, onun keçirilməsində mövcud potensialından maksimum istifadə etdi. Bu işdə ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın böyük fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı xüsusi qeyd olunmalıdır.

İdmançılarımız oyunların 21 qızıl, 15 gümüş, 20 bürünc medalını qazanmaqla Azərbaycanın həm də idman ölkəsi olduğunu bütün dünyaya bəyan etdilər.

Azərbaycan 2016-cı ildə şahmat üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib. Xüsusi vurğulamaq lazımdır ki, 2019-cu il çox əlamətdar bir il olmuşdur. Təkcə bu ildə idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın Dövlət Himnini dəfələrlə səsləndiriblər, bayrağımızı yüksəklərə qaldırıblar.

Azərbaycan 1996-cı ildən müstəqil bir dövlət kimi Olimpiya Oyunlarında iştirak edir. İdmançılarımız  Yay Olimpiya Oyunlarında güləş, güllə atıcılığı, boks, cüdo, taekvando, kanoe sprint və ağır atletika idman növlərində 45-dən çox medal qazanıblar. Olimpiya medallarına sahib güllə atıcılığı üzrə qadın idmançımız olan Zemfira Meftahətdinova, İradə Haşumova, güləşçilər Yuliya Ratkeviç, Mariya Stadnik, kanoe-sprint üzrə İnna Osipenko-Radomska və taekvandoçu Patimat Abakarova; kişi güləşçilərimiz- Namiq Abdullayev, Toğrul Əsgərov, Fərid Mansurov, Şərif Şərifov, Rövşən Bayramov, Xetaq Qazyumov, Hacı Əliyev, Emin Əhmədov və Sabah Şəriəti, Rəsul Çunayev; boksçular- Vüqar Ələkbərov, Ağası Məmmədov; Şahin İmranov, Lorenso Sotomayor və Məhəmmədrəsul Məcidov; cüdoçular-Elnur Məmmədli, Rüstəm Orucov və Elmar Qasımov; karateçi- Rafael Ağayev; taekvandoçu- Radik İsayev; kanoe-sprintçi Valentin Demyanenko ilə millətimiz fəxr edir.

S.Möhbalıyev deyib ki, gərgin əməyin nəticəsi olaraq Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Millət vəkili bildirib ki, 2020-ci il Azərbaycan və idman ictimaiyyəti üçün qürurlu bir il olaraq yaddaşlarda qaldı. 44 gün davam edən Vətən müharibəsində idmançılarımız, məşqçilərimiz və idman jurnalistlərimiz də könüllü olaraq döyüşlərdə iştirak etdi. Döyüşlər zamanı idmançılar arasında şəhid və qazilərimiz oldu.

S.Möhbalıyev diqqətə çatdırıb ki, AHİK-in nəzdində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi fəaliyyət göstərir. Bu quruma daxil olan idman təşkilatlarının böyük idmanda yaxşı nailiyyətləri var. I Avropa Oyunlarında Azərbaycan həmkarlar ittifaqlarının idman təşkilatlarının 11 idmançısı da iştirak edib. Xüsusi olaraq qeyd edilməlidir ki, dünya, Avropa, müxtəlif beynəlxalq və milli yarışlarda həmkarlar ittifaqının idmançıları da bir çox uğura imza atıblar. Təkcə ötən il onlar bu yarışlarda 166 medal qazanıblar.

AHİK sədri söyləyib ki, bu gün də təşkil olunan və həyata keçirilən hər bir kütləvi idman spartakiadası insanlarda sağlam həyat tərzinə və yarış rəqabətinə marağı gücləndirir. Müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın nəyə qadir olduğunu, xalqımızın əsl xarakterini, mübarizliyini tanıdır, Azərbaycanın idman ölkəsinə çevrilməsinə və tanıdılmasına imkan verir. Ən böyük faydalarından biri isə yeniyetmə övladlarımızın, gənclərimizin idmana kütləvi axınına yol açır, yüksək idmanda qalmağa, nailiyyətlər əldə etməyə stimul verir.

Bu işdə sahə həmkarlar ittifaqlarının da rolunu qeyd etməliyəm. Üzvlərimiz kollektiv şəkildə və həvəslə idman yarışlarına qatılır, həm də idmançılarımıza azarkeşlik edirlər.  Əminik ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in və “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahələrinə daxil olan müəssisə və təşkilatların spartakiadası çox maraqlı yarışlar, idman göstəriciləri ilə nəticələnəcəkdir.

Çıxışının sonunda Səttar Möhbalıyev spartakiadanı açıq elan edərək idmançılara uğurlar arzulayıb.

Tədbirdə Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə idman sahəsinin inkişafı üçün gördüyü işlərdən danışıb və təşkil olunan spartakiadanın əhəmiyyətindən bəhs edib. Deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə bir çox layihə və idman yarışları təşkil edir. Bu spartakiadanın önəmi kütləviliyin təmin olunmasıdır. Ulu Öndərin 100 illiyinə həsr olunan yarışda maraq və böyük rəqabətə şahidlik edəcəyik. Həmçinin spartakiada idman camisi, idman nəticələrimiz üçün faydalı olacaq, konfederasiyanın ayrı-ayrı məşqçi və hakimlərinin hazırladığı idmançıların gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil etməsinə əsas verəcək. Yarışa qatılan bütün müəssisə və təşkilatlara, onların komandalarına uğurlar arzu edirik.

Sonra bədii gimnastların fərdi çıxışları izlənilib və konsert proqramı təşkil edilib.

Daha sonra əvvəlki illərin spartakiadasında qalib olmuş iki minifutbol komandası arasında yoldaşlıq görüşü olub.

Qeyd edək ki, spartakiadada minifutbol üzrə 17, şahmat üzrə 21, dama üzrə 12, stolüstü tennis üzrə isə 10 komanda mübarizə aparır.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: