Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə hansı hallarda xitam verilir?

Şamil ƏSGƏROV, Gəncə şəhəri.

12.04.2023 15:38
34
A+
A-

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə hansı hallarda xitam verilir?

 

Şamil ƏSGƏROV,

Gəncə şəhəri.

 

- “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 11-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

- müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərtilə sığortalının təşəbbüsü əsasında;

- icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda, fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə;

- sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığortaolunana münasibətdə;

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş digər hallarda.

İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud olduqda, sığorta müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilir.

 

Sosial yardım hansı müddətə təyin olunur?

 

Sevinc MƏMMƏDOVA, Bakı şəhəri.

-“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.

Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələr nəzərdə tutulur.

Sosial yardımın məqsədi isə ünvanlılıq, ədalətlilik və bərabərlik prinsiplərinə əsaslanaraq sosial yardımın bütün aztəminatlı ailələrə təyin olunmasıdır.

Sosial yardımın təyin olunması müddəti də adıçəkilən qanunda göstərilmişdi. Qanunun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

 

Qanunvericiliklə etibarnamənin müddəti nə qədər olmalıdır?

Sevil MÜRSƏLOVA, Quba şəhəri.

 

- Mülki Məcəllənin 363-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla (bir ildən artıq müddətə verilə bilməz), etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 

 

ETİKETLƏR: