Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müraciətlərin 97,1%-i müsbət həllini tapıb

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməmişdən əvvəl bir qrup həmkarlar ittifaqı işçisinə “AHİK-30” yubiley döş nişanları təqdim edildi.

18.04.2023 23:15
27
A+
A-

Aprelin 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “Həmkarlar ittifaqı təşkilatlarının 2022-ci il üzrə statistik hesabatı”, “2022-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili”, “2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2023-cü il üçün təhsil planı”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2022-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri”, “Azərbaycan həmkarlar ittifaqlarının 2022-ci il üzrə gender statistikası”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən Respublika müsabiqəsinin 2022-ci il üzrə yekunları”, həmçinin digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməmişdən əvvəl bir qrup həmkarlar ittifaqı işçisinə “AHİK-30” yubiley döş nişanları təqdim edildi.

Məsələlərin müzakirəsi zamanı bildirilib ki, ötən il Azərbaycan həmkarlar ittifaqlarına 162 078 ərizə və şikayət daxil olub. Müraciətlərin 97,1%-i müsbət həllini tapıb. Həmçinin keçən il 248 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib. Onlardan 47-si Konfederasiya sədrinin qəbulunda olub və qaldırılan bütün məsələlər müsbət həllini tapıb. İşə bərpa ilə əlaqədar həmkarlar ittifaqlarına daxil olan 222 müraciətdən 132-si müsbət həll olunub. Eləcə də AHİK-ə 32 təşəkkür məktubu ünvanlanıb.

İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.

Həmçinin iclasda məlumat verilib ki, 2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslara həmkarlar ittifaqlarının 575 kadr və fəalı qatılıb. 2023-cü ildə isə 701 nəfərin Akademiyanın kurslarına cəlb edilməsi nəzərdə tutulub.

İclasda bildirilib ki, AHİK-ə üzv olan 27 həmkarlar ittifaqında 1 102 484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirən 14 202 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 60 birləşmiş və 501 şəhər, rayon komitələri fəaliyyət göstərir. Həmkarlar ittifaqı üzvlərinin sayında 2021-ci illə müqayisədə ötən il 0.05 % artım olub, 8 sahə üzrə 44 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Ötən il işəgötürənlərlə 122 saziş, 11746 kollektiv müqavilə bağlanıb.

Qeyd olunub ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2022” adı uğrunda keçirilən müsabiqədə 2150-dən artıq müəssisə və təşkilat iştirak edib ki, onlardan da 48-i qalib olub.

Ümumilikdə 15809 işçinin, o cümlədən 4062 qadın işçinin çalışdığı müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil etmişdir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair 256 yoxlama həyata keçirmişlər.

Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 117 dəzgah, avadanlıq aşkar olunmuş və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilmişdir. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid  606 adda bənd əlavə edilməsinə nail olunmuşdur. Həmkarlar itttifaqı komitələrinin 123, əməyin mühafizəsi komissiyalarının 92 iclasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri müzakirə edilmişdir.

İcraiyyə Komitəsi “AHİK-in nəzdində Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin yeni tərkibini təsdiq etdi.

Daha sonra gündəlikdəki digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

Konfederasiya sədri həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər, qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran S.Möhbalıyev bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

ETİKETLƏR:

Foto