Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları”

mövzusunda tədbir keçirilib

10.05.2023 10:02
34
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda tədbir keçirilib.

Öncə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri və əməkdaşları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.

Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş üzrə Kommunikasiya şöbəsinin əməkdaşı Əli Pənahov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da tədbirdə iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib. Ardınca Ümummilli Liderin siyasi fəaliyyətindən və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

AHİK sədri, Milli Məclisin deputatı    Səttar Möhbalıyev çıxış edərək Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, həm sovet, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən, verdiyi qiymətli tövsiyələrdən danışıb.

Dedi ki, onun ilk xilaskarlıq missiyası ötən əsrin 60-cı illərin sonuna, 70-ci illərin əvvəllərinə təsadüf edir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı dərin böhran içərisində idi. Bu çətin və mürəkkəb dövrdə respublikanın güclü, bacarıqlı təşkilatçıya, cəsarətli bir rəhbərə ehtiyacı var idi. Belə bir rəhbər də Heydər Əliyev oldu.

Heydər Əliyev sayəsində l970-ci ildən Azərbaycanın həyatında əsaslı sıçrayış dövrü başlandı. Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi yüksəliş baş verdi: pambıqçılıq, üzümçülük perspektivli və rentabelli sahələrə çevrildi. 1970-ci ildə respublikada milli gəlirin artım sürəti əvvəlki ildəkindən dörd dəfədən də çox, 1966-1969-cu illərdəki göstəricilərdən təqribən iki dəfə artıq olmuşdu.

Keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Dahi öndərin Bakı Məişət Kondisionerləri, Bakı Dərin Özüllər zavodlarının inşası naminə göstərdiyi səylər də xüsusi qeyd olunmalıdır.

Gəncə şəhərində Çini Qablar Zavodu açıldı, Ağstafaçay, Sərhəng su anbarları istifadəyə verildi,  Yuxarı Xanbulançay  su anbarının tikintisi başa çatdrıldı.

1970-1985-ci illərdə Azərbaycanda ümumilikdə 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Əgər XIX əsrdən 1969-cu ilədək (yəni təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə (yəni cəmi 14 ildə) onların sayı 1048-ə çatdırılmışdı. Respublikamızın əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə respublikamız keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilirdi.

Azərbaycan sənayesinin inkişafında elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunaraq 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən idi. 14 ildə 376,1 min ailəyə yeni mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin təzə mənzillə təmin edilməsi demək idi.

Ulu Öndərin atdığı cəsarətli addımlardan biri də Sovet hökumətinin ən sərt dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi.

Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək üçün yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Azərbaycana rəhbərliyinin ilk illərində, xüsusən də ötən əsrin 80-ci illərində gənclərimizin keçmiş ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi isə Ümummilli Liderin Azərbaycanın gələcəyi üçün üzərinə götürdüyü tarixi missiya ilə bağlı idi: “Mən 14 iyun 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra ilk növbədə təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı”.

Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində bu dövrdə 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən çox şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir.

Heydər Əliyev 1982-ci illə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Beləliklə, ona nəhəng bir ölkənin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, xarici siyasətini həyata keçirmək, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaratmaq kimi məsuliyyətli və çətin vəzifələr etibar olundu.

Heydər Əliyev 22-yə yaxın nazirliyin, komitənin, agentliklərin fəaliyyətini yönəldirdi. Baykal-Amur Magistralı kimi nəhəng bir layihə də Heydər Əliyevin nəzarətində idi.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, özünü və ailə üzvlərini riskə ataraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilir. Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində blokada şəraitində olan muxtar respublikada sabitlik təmin edildi.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Məclisdə dalğalandı, “Sovet Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarıldı, ölkənin cənub sərhədlərinin toxunulmazlığı təmin edildi.

Xalqımız 1993-cü ildə ağır günlərini yaşayan Azərbaycan dövlətini xilas etmək üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi.

Həmin illərdə ordu quruculuğu sahəsində də mühüm işlərə başlanıldı. Genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Nəticədə Azərbaycan Ordusu Ermənistanın hərbi hücumlarını dayandırdı. Ardınca Heydər Əliyevin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu “Horadiz” əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun bir kəndi işğaldan azad edildi. Bu qələbə xalqın itmiş inamını özünə qaytardı.  

Heydər Əliyev 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra əvvəlki rəhbərliyin həmkarlar ittifaqları ilə bağlı qeyri-qanuni sərəncamlarını ləğv etdi, həmkarlar ittifaqlarının mülkiyyətini özünə qaytardı.

1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu. Azərbaycanda bu qanunla yanaşı, həmçinin əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının Milli Məclis tərəfindən ratifikasiyası  həmkarlar ittifaqlarının normal işləməsi üçün münbit şərait yaratdı. Əmək, sosial, iqtisadi məsələlərlə bağlı qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Bütün bunlar Azərbaycan həmkarlar ittifaqlarının Heydər Əliyevin ölkə prezidentliyinə namizədliyini birmənalı şəkildə dəstəkləməsini şərtləndirdi.

Əminliklə deyə bilərik ki, Azərbaycanı öz layiqli davamçısına etibar edən Ulu Öndər bununla da ölkəmizin parlaq gələcəyinə yatırım qoymuş oldu.

Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanı dünyada etibarlı tərəfdaşa, söz sahibinə çevirdi. Son 20 ildə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Ordu quruculuğunda mühüm nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan Ordusu döyüş qabiliyyətinin yüksək olması, şəxsi heyəti, maddi-texniki təminatı və digər parametrlərə yüksək səviyyədə cavab verməsinə görə dünyanın ən güclüləri sırasındadır. Cənubi Qafqazda isə şəriksiz liderdir.

Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürən Vətən müharibəsində şahid olduq. Cənab İlham Əliyev bununla iki əsrlik münaqişəni, 30 illik müharibəni, yüzminlərlə keçmiş məcburi köçkünün yurd həsrətini sonlandırdı. Bu böyük zəfər də vaxtilə Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu bəhrəsi idi. Məhz bu səbəbdən cənab Prezident müharibənin başa çatdığı gün Fəxri xiyabana gəlib Ulu Öndərin məzarını ziyarət edərək Müqəddəs Ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi.

Heydər Əliyev ideyaları Azərbaycanın inkişafını müəyyənləşdirdiyi kimi, həm də bəşəri mahiyyət daşıyır. Bu iki amil Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun layihələrində öz əksini tapır. Mədəniyyət, incəsənət, təhsil, səhiyyə sahələrində və digər sahələrdə gördüyü çox böyük işlərlə Fond Ulu Öndərin ideyalarını uğurla yaşadır. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursu uğurla davam edir və daim davam edəcəkdir.

Səttar müəllim çıxışını Amerika siyasətində, bütövlükdə dünya siyasətində xüsusi yeri və çəkisi olan ABŞ Dövlət katibinin keçmiş birinci müavini Riçard Armitacdan gətirdiyi sitatla bitirdi: “Heydər Əliyevin ölümü ilə dünya bir qədər də kiçildi”. Bəli, Heydər Əliyev yüz ildə, min ildə bir dəfə yetişən nadir şəxsiyyətdir.

Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim qəlbində yaşadacaq, onun müəyyənləşdirdiyi işıqlı ideyalarla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaqdır.

Ardınca Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Yaqut Ələsgərova çıxışlar ediblər. Çıxışçılar əsasən Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən, gənclərə qayğısından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün sferalarda uğurlu göstəricilərindən, həmçinin Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.

 

ETİKETLƏR: