Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçilərin qorunması

Araşdırmalar göstərir ki, havanın temperaturu 30 dərəcədən yuxarı qalxdıqda iş yerlərində bədbəxt hadisələrin başvermə riski 5-7 faiz, temperatur 38°C-dən çox olduqda isə qəzaların başvermə ehtimalı 10-15 faiz artır.

17.05.2023 13:09
3
A+
A-

Avropa Komissiyası Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) apardığı  kampaniyadan sonra işçiləri isti hava şəraitinin təsirlərindən qorumaq üçün ilk addımları atdı.

Stokholmda keçirilən Avropa İttifaqının (Aİ) “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” sammitində Aİ-nin Sosial Hüquqlar üzrə Komissarı Nikolas Şmit işəgötürənlərin yüksək temperaturda (isti və soyuq havada) işləyən insanlara qarşı öhdəlikləri ilə bağlı yeni təlimatı açıqlayıb.

Avropa Əməyin Təhlükəsizliyi və Gigiyenası Agentliyi tərəfindən tərtib edilmiş təlimatlar ETUC-un Komissiyaya təzyiq etməsindən sonra tərtib olunub. Ötən ilin yay fəslində anomal istilərdə işləyən  işçilərin huşunu itirməsi, ölməsi və baş verən digər faciəvi hallar insanların həyat və sağlamlığının qorunmasına diqqəti artırdı. İqlim dəyişikliyi zamanı baş verəcək belə hallar əməyin mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsini də aktuallaşdırdı.

Təlimatlar işəgötürənlərin işçilər qarşısında aşağıdakı öhdəliklərini müəyyən edir:

-İş yerində risk qiymətləndirilməsinin aparılması və həssas işçilərin qorunması.

-Həddindən artıq istilər zamanı qorunmanı həyata keçirmək üçün işçilər və onların nümayəndələri ilə məsləhətləşmək.

-İş saatlarının uyğunlaşdırılması və işçilərə nə vaxt fasilə veriləcəyinə qərar vermək imkanı.

-İşçilərin içməli su təchizatı, kölgəli əraziyə giriş və qoruyucu geyimlə təmin edilməsi.

-Risk qrupunda olan işçilərə isti havada günəş şüalarından qorunmaqla bağlı təlim keçmək.

“Eurofound”un məlumatına görə, Aİ-də bütün işçilərin 23 faizi iş vaxtının ən azı dörddəbir hissəsində isti hava şəraitinin təsirlərinə məruz qalır, kənd təsərrüfatı və sənayedə bu göstərici 36 faizə, tikintidə isə 38 faizə çatır.

ETUC-un üzv təşkilatlarının sorğusu göstərdi ki, yalnız bir neçə Avropa ölkəsində anomal istilər zamanı işçilərin təhlükəsizliyini təmin etmək üçün qanunvericilik mövcuddur. Məhdudiyyətlər havanın temperaturunun yüksək (28-36 dərəcə arasında) olması ilə tətbiq edilir.

Araşdırmalar göstərir ki, havanın temperaturu 30 dərəcədən yuxarı qalxdıqda iş yerlərində bədbəxt hadisələrin başvermə riski 5-7 faiz, temperatur 38°C-dən çox olduqda isə qəzaların başvermə ehtimalı 10-15 faiz artır.

ETUC Baş katibinin müavini Klays-Maykl Ştal deyib ki, Avropada hər yay dözülməz isti havalarda işləmək məcburiyyətində qalan insanların əksər hissəsi qoruyucu vasitələr olmadığı üçün həyatını itirir. İqlim dəyişikliyi isti hava kütləsinin axınını sürətləndirir və daha ekstremal edir. Biz iş metodumuzun bütün baş verən hadisələrə uyğunlaşdırılmasını təmin etməliyik.

Aİ-nin bu yeni təlimatı bir ilk addımdır. İşəgötürənləri bu yay işçilərin təhlükəsizliyini təmin etmək məsuliyyətinə dair heç bir şübhə yeri qoymur.

Komissiya indi bu təlimatı işçilərin daim artan təhlükədən qorunmasını qanuni bir öhdəlik halına gətirən  maksimum iş temperaturu ilə bağlı məcburi qaydalara çevirməlidir.

ETİKETLƏR: