Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyəti 42 gündür?

Rasimə ƏHMƏDZADƏ,

17.05.2023 15:05
29
A+
A-

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyəti 42 gündür?

 

Rasimə ƏHMƏDZADƏ,

Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, aşağıda qeyd edilən  işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi müəllimlərinə, metodistlərinə, defektoloqlarına, loqopedlərinə, musiqi rəhbərlərinə, psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

Kollektiv əmək mübahisələrinə vasitəçinin iştirakı ilə necə baxılır?

 

Sevda CƏFƏROVA,

 Şirvan şəhəri.

 

- Vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksəkixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir.

Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımi sənədləri və məlumatları tələb etmək hüququna malikdir.

Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib edilir.

Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.

Mənim hələ 18 yaşım olmayıb. İşləyirəm. Məzuniyyətə çıxmalıyam. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür?

 

Kənan MƏMMƏDOV,

Gəncə şəhəri.

- Yaşınızı dəqiq göstərmədiyinizə görə, sizin məzuniyyət müddətinin 35, yaxud 42 gün olmasını deyə bilmirik. Ancaq nəzərinizə çatdırırıq ki, qanunvericiliyə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.

ETİKETLƏR: