Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək qanunvericiliyinin tətbiqi sahəsində seminarlar

Tibb müəssisələrinin mütəxəssisləri, həmkarlar ittifaqı şura sədrləri və fəalları üçün əmək qanunvericiliyinin tətbiqi sahəsində və əmək qanunvericiliyində baş verən dəyişikliklər mövzusunda seminarlar keçirilir.

24.05.2023 12:48
6
A+
A-

AHİK-in Sağlamlığın mühafizəsi və sosial təminat üzrə şöbəsinin etimadlı həkimləri, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının baş texniki əmək müfəttişi Bakının Xətai və Nizami tibb mərkəzlərindəki,  Sumqayıt Şəhər Tibb Mərkəzi və Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində sağlamlığın mühafizəsi, normativ-hüquqi aktların tələblərinin tətbiqi vəziyyətinə baxış keçiriblər. Sənədlərlə tanışlıq zamanı müəyyən olunub ki, Səhiyyə Nazirliyi və Səhiyyə İşçiləri HİRK arasında 2022-2024-cü illər üçün nəzərdə tutulmuş sahə (tarif) Kollektiv Sazişi bağlanmış və üzv təşkilatlara göndərilmişdir.

Sazişin bir sıra müddəalarını rəhbər tutaraq tibb müəssisələrində çalışan işçilərin məzuniyyət hüququndan istifadə etmələri və sağlamlıqlarının daha da möhkəmlənməsi məqsədilə istirahət evləri və sanatoriya-kurort müəssisələrinə yollayışların verilməsi tam təmin olunur. İşçilər ildə 1 dəfə dövri tibbi müayinədən keçirilir. Sağlamlıq üçün zərərli, ağır iş şəraitində işləyənlərə qısaldılmış iş vaxtı təyin edilir. Aztəminatlı işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onlara ildə bir neçə dəfə maddi yardımlar verilir.

Tibb müəssisələrinin mütəxəssisləri, həmkarlar ittifaqı şura sədrləri və fəalları üçün əmək qanunvericiliyinin tətbiqi sahəsində və əmək qanunvericiliyində baş verən dəyişikliklər mövzusunda seminarlar keçirilir.

Tibb müəssisələrində çalışan III qrup əlillərin (31-60%) əməkhaqqının digər işçilərə nisbətən 10-15 % və II qrup əlillərin (61-100%) əməkhaqlarının 20-25% artırılması təmin edilir.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Şurası Tibb Mərkəz ilə bağladığı kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə hər ilin sonunda əmək kollektivinə hesabat verir.

Son 2 ildə işəgötürənin vəsaiti hesabına 4973 işçi icbari tibbi müayinəyə cəlb olunub. Onlardan 2250 işçi obliqat qrupa (cərrah, ginekoloq, rentgen kabineti və laboratoriya işçiləri) aid olduğuna görə ildə 2 dəfə, qalan 2723 nəfər isə ildə 1 dəfə icbari tibbi müayinədən keçib.

Müdiriyyətin təşəbbüsü ilə işçilərin işdən azad olunması  ilə əlaqədar həmkarlar ittifaqı təşkilatlarına daxil olan 4 təqdimata razılıq verilməyib.

Əmək məzuniyyətlərinin verilməsində növbəlilik qaydalarına  əməl olunur. Məzuniyyət cədvəlləri müdiriyyət tərəfindən tərtib edilərək həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırılır. Əlavə məzuniyyətlərin verilməsi xüsusi diqqət mərkəzindədir və həmkarlar ittifaqı təşkilatları buna nəzarər edir. Belə ki, işləyən əlillərin əmək məzuniyyəti 42 təqvim günü, staja və övladlarının sayına görə, torpaqların bütövlüyü uğrunda müharibədə xəsarət alan işçilərə  46 təqvim günü əlavə məzuniyyətin verilməsi tam təmin olunur.

Səhiyyə işçiləri işəgötürən tərəfindən bədbəxt hadisələrdən sığorta olunur. Hər il “Qala Həyat” Sığorta Şirkəti ilə müqavilə bağlanılır.

Hazırda səhiyyə müəssisələrində 151 nəfər əlillik dərəcəsi olan işçi çalışır. Onlardan 53 nəfəri II qrup əlil (61-80 %), 98 nəfəri isə III qrup (31-60%) əlildir.

Əmək Məcəlləsinin 91-ci bəndini rəhbər tutaraq 53 nəfər əlil işçidən 32 nəfərinin iş saatları 36 saata qədər qısaldılmışdır, qalan 21 işçinin iş saatı həftə ərzində cəmi 36 saat təşkil etdiyi üçün bu güzəşt onlara şamil olunmayır. Cəmi 8 nəfər əlil işçi yazılı razılıq əsasında gecə növbəsində çalışıb. 1,5 yaşadək övladı olan işləyən qadınlara fasilələr verilməsi təmin olunmuşdur. 3 yaşa qədər övladı olan qadınların isə, ümumiyyətlə, gecə növbəsində çalışmasına icazə verilməyib.

2020-2022-ci illər ərzində 16 tibb işçisi koronavirusdan dünyasını dəyişmişdir. Onların ailələrinə ümumilikdə 9600 manat məbləğində pul yardımı verilmişdir. Bundan əlavə, koronavirusa yoluxmuş 356 nəfər aztəminatlı  tibb işçisinə müalicə və yardım məqsədilə 28 917 manat pul vəsaiti və ərzaq yardımı göstərilib.

II Qarabağ müharibəsi günlərində və postmüharibə dövründə səhiyyə müəssisələrində çalışmış  16 şəhid ailəsinə, 32 nəfər müharibə iştirakçısına və 10 nəfər müharibə əlilinə mütəmadi olaraq pul və ərzaq yardımları edilib.

2021-2022-ci illərdə Şuranın büdcə vəsaiti hesabına 4 şəhid ailəsinin səhiyyə müəssisələrində çalışan valideynlərinə “Sehrli Naftalan” sanatoriyasına, hər birinin ümumi dəyəri 2600 manat olan, yollayışlar hədiyyə olunub. Müharibə iştirakçılarına istirahət evlərinə, dəyəri qismən ödənilməklə, növbədənkənar 7 ədəd ailəvi yollayış  verilib. Qeyd edək ki, ailəvi yollayışların hər birinin ümumi dəyəri 5040 manat təşkil edir.

AHİK-in İcraiyyə Komitəsinin 23.05.2001-ci il tarixli qərarını rəhbər tutaraq ilk təşkilatların həmkarlar ittifaqı komitələrinin nəzdində işçilərin sağlamlığının mühafizəsi üzrə ictimai nəzarət komissiyası fəaliyyət göstərir.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Şurasının verdiyi hesabata əsasən, tibb işçilərinə 2021-ci ildə 819 xəstəlik vərəqəsi, 2022-ci ildə isə 832 xəstəlik vərəqəsi verilmişdir. Zərərli iş şəraitində işləyən tibb işçilərinin sayı 289 nəfərdir. Bu işçilər ildə 2 dəfə dövri tibbi müayinədən keçirilir və onların istirahəti tam təmin olunur.

2020-2022-ci illərdə COVID-19 pandemiyası dövründə aztəminatlı tibb işçilərinə - 47 həkimə 4750 manat, 60 tibb bacısına 3000 manat, 10 sanitar işçi qadına 500 manat məbləğində maddi yardım edilib.

COVID-19-un müalicəsi sahəsində işləyən 163 həkimə 16 300 manat, 233 tibb bacısına 11 600 manat, 75 sanitar işçiyə 2250 manat məbləğində maddi yardım olunub.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Şurasının verdiyi hesabata əsasən,  zərərli iş şəraitində işləyən tibb işçilərinin sayı 960 nəfərdir. Bu işçilər ildə 2 dəfə dövri tibbi müayinədən keçirilir  və onların istirahəti tam təmin olunur.

Şura büdcəsindən 2020-2022-ci illərdə COVID-19 pandemiyası dövründə aztəminatlı tibb işçilərinə ümumilikdə 96 230 manat maddi yardım verilib.

COVID-19-un müalicəsi sahəsində çalışan tibb işçilərinə ümumilikdə 46 700 manat, COVID-19 virusuna yoluxan tibb işçilərinə 45 930 manat məbləğində maddi yardım edilib. Pandemiya dövründə yaşı 65-i keçmiş, təqaüddə olan 17 nəfər tibb işçisinə 476,34 manat məbləğində ərzaq yardımı göstərilib.

Vətən müharibəsi dövründə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, eləcə də cəbhəyə ezam olunmuş tibb işçilərinin ailələrinə 5600 manat məbləğində maddi yardım və dəyəri qismən ödənilməklə bir neçə yollayış verilib.

 

Calaləddin HƏMİDOV,

AHİK-in Sağlamlığın mühafizəsi və

sosial təminat üzrə şöbəsinin müdir əvəzi

ETİKETLƏR: