Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əkin sahələri azalır

bu, bazarlarımıza necə təsir edəcək?

24.05.2023 13:15
7
A+
A-

2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan dəyərləndirmələrə görə, hesabat dövründə yazlıq buğda səpini 3310.4 hektarda aparılıb ki, bu da 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 20.4% azalma deməkdir.

Qeyd edək ki, cari ilin ilk 4 ayında kartof əkin sahələri 7.1%, tərəvəz əkin sahələri 7.9%, bostan əkin sahələri isə 22.4% azalıb.

Əkin sahəsinin azalması birbaşa məhsul istehsalında da özünü göstərir. Bu da ölkəmizin ərzaq təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə problemin səbəblərini, fəsadlarını və həlli yollarını araşdırmağa çalışdıq. O bildirdi ki, Azərbaycan, əhalisinin məşğulluğuna görə, kənd təsərrüfatı ölkəsi sayılır. Yəni əhalinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Təəssüflər olsun ki, əkin sahələrinin azalması iqtisadiyyatın geriləməsi deməkdir.

Ekspert bildirdi ki, istehsalın azalmasının xeyli səbəbləri var: “Kənd təsərrüfatı ilə məşğul olan fermerlər ili zərərlə başa vurur. Yəni onlar əkib-becərdiyi məhsuldan xeyir götürə bilmir. Zərər etdikcə əkinçilikdən vaz keçir. Digər məşğuliyyət növlərinə üz tutur. Bəs niyə bizim fermerlərimiz zərərə düşür? Birincisi, ölkədə fəaliyyət göstərən fermer təsərrüfatlarına dövlət dəstəyi yalnız subsidiyalardan ibarətdir. Verilən subsidiyaların 75 faizi səmərəsizdir. Çünki hər 100 manat subsidiyanın yalnız 25 faizini nağdlaşdırırlar. Bununla yalnız əkin işlərini həyata keçirmək mümkündür. Qalan 75 faiz subsidiya ilə fermer Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən vəsaitlər (toxum, pestisit, gübrələr və s.) almalıdır. Həmin şirkətlər isə vəziyyətdən sui-istifadə edib, xaricdən ucuz, keyfiyyətsiz toxum, gübrə alıb gətirirlər və Azərbaycan bazarında keyfiyyətli məhsul qiymətinə satırlar. Nəticədə, yüksək məhsuldarlıq götürmək mümkün deyil”.

A.Nəsirli digər vacib problemə toxunub bildirdi ki, ölkə daxilində əkiləcək məhsulların toxumunun seleksiyası ilə məşğul olunmur: “Hər bir ölkənin iqlim şəraiti var. Tutaq ki, qonşu Rusiyadan kartof, buğda toxumlarını Azərbaycana gətirib tətbiq etməklə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Çünki iqlim şəraiti fərqlidir. Həmin sortlar mütləq Azərbaycanda toxumçuluq təsərrüfatlarında aqro texniki qaydalara nəzarət etməklə becərilməlidir. Onlar iqlimə, mühitə uyğunlaşdırılmalıdır. Ölkə daxilində seleksiya ilə məşğul olunmalıdır. Toxumçuluq təsərrüfatlarının yaradılmasını stimullaşdırmaq lazımdır. Yüksək məhsuldarlıqlı toxum yetişdirən təsərrüfatlar yaradılmalıdır”.

Həmsöhbətim kənd təsərrüfatında ən əsas suvarma probleminin olduğunu qeyd etdi. Söylədi ki, suvarmanın texnika və metodologiyasında yeniliklərə ehtiyac var. Ölkəmizdə fermerlər selləmə suvarma texnikasından istifadə edirlər. Bu texnika isə ildən-ilə torpağın şoranlaşmasına və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Selləmə sistemindən yağış və damcı suvarma sisteminə keçid zəruridir. Bu addım Azərbaycanda suya olan tələbatın bir neçə dəfə aşağı düşməsini təmin edəcək.

Əkin sahələrinin azalmasının fəsadlarına gəldikdə isə, ekspert bildirdi ki, daha çox kənd təsərrüfatı məhsullarını idxal etməyə başlayırıq, idxal ildən-ilə artır. Statistikaya əsasən, bu ilin üç ayı ərzində kənd təsərrüfatı məhsullarının idxalına xərclənən vəsait 20 faiz artıb. Azərbaycan hər il təxminən 2-3 milyard dollar civarında kənd təsərrüfatı mənşəli ərzaqlar idxal edir. Beləliklə, xarici valyutaya tələbat artır. Hökumət məcbur qalıb manatın məzənnəsini saxlamaq üçün daha çox vəsait xərcləməli olur. Manatın dəstəklənməsi üçün milyonlarla vəsait xərclənir. Bu ilin birinci rübü ərzində hər ay təxminən 350 milyon dollar hərraca çıxarılıb.

İkinci tərəfdən, xarici ölkələrdən ərzaq asılılığımız yaranır. Bu da ölkənin strateji milli təhlükəsizliyinə təhdiddir. Gələcəkdə hər hansı bir qlobal problem yaranarsa, asılılıq ucbatından ölkədə qıtlıq yarana bilər.

Akif Nəsirli əkin sahələrinin artırılması üçün ilk növbədə Azərbaycanda suvarma sistemlərində sudaşıyıcı kanalların kəmərləşdirilməsinin vacib olduğunu vurğuladı. Potensial əkin sahələrinin suvarılması iki dəfə arta bilər. Eyni zamanda, ekspertin fikrincə, fermerə verilən subsidiya yetərincə olmalıdır. Fermerin tələbatı ölçülməlidir. Tələbat nə qədərdirsə, o qədər də subsidiya verilməlidir, dəstək göstərilməlidir: “Bakıda kabinetlərdə oturub fermerə subsidiya hesablanmamalıdır. Gedib bir il ərzində monitorinqlər aparıb ölçülməlidir ki, bir hektar ərazini becərmək üçün fermerə nə qədər vəsait lazımdır. Bundan başqa, həmin vəsait 100 faiz nağdlaşdırma hüququna malik olmalıdır”.

“Elə şərait yaradılmalıdır ki, kənd təsərrüfatı məhsullarının qiymətləri bazarda sabit olsun. Beləliklə, gələn illər üçün fermerlər nə əkə biləcəklərini rahat şəkildə planlaya biləcəklər. Ötən illərin birində yerli bazarda sarımsağın qiyməti 8-10 manata qədər bahalaşdı. Fermerlər sadə düşüncə ilə daha çox qazana biləcəyini düşünüb sarımsaq əkdi və gələn il məhsulun qiyməti 50 qəpiyə düşdü . Hökumət müxtəlif vasitələrlə kənd təsərrüfatı məhsullarının qiymətini tənzimləməlidir. Bunun üçün dünya praktikasında tənzimləmə yolları var. Məsələn, fermerlər kiçik anbarlar ilə təmin olunmalıdır. Onlar yetişdirdikləri məhsulları meyvə-tərəvəz anbarlarına rahat şəkildə yerləşdirərlərsə, əhalini ilboyu meyvə-tərəvəzlərlə təmin edə bilərlər.

Hökumət əvvəlcədən məhsuldarlığı qiymətləndirir. Məhsuldarlıq yüksək olduqda, artıq məhsulu sabit qiymətə alır və bazardan çıxardır ki, qiymət ucuzlaşmasın”, - deyə A.Nəsirli söylədi.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: