Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sığortasız evlər cərimə toplayacaq...

Suallarımızı hüquqşünas Əkrəm Həsənov və əmlak məsələləri  üzrə mütəxəssis Elnur Fərzəliyev cavablandırdı.

24.05.2023 14:29
28
A+
A-

İyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlərin sahibləri avtomatik cərimələnəcək. Əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub. 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. 2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki,   icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə, cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər. Bəs evlərin icbari sığortası məcburi ola bilərmi və qanuna nə dərəcədə uyğundur? Elə ərazilər və evlər (tikinti normalarına cavab verməyən) var ki, sığorta şirkətləri üçün cəlbedici deyil, yəni heç bir şirkət maraqlı olmayacaq onlarla müqavilə imzalasın. Orada qanun necə tətbiq olunacaq? Müqavilə sənədi olan yaşayış mənzillərinə də şamil olunacaq?

 Bu və digər suallarımızı hüquqşünas Əkrəm Həsənov və əmlak məsələləri  üzrə mütəxəssis Elnur Fərzəliyev cavablandırdı.

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirən Əkrəm Həsənov dedi ki, dövlət reyestrində qeydiyyatı olan, yəni mülkiyyət haqqında çıxarışı olan daşınmaz əmlaklara aid olan qanun 2011-ci ildən  qüvvədə olsa da, əhalinin mütləq əksəriyyəti mənzillərini sığortalamırdı. Bir neçə il əvvəl, 2019-cu ilin sonunda bu problemin həllinə  yenidən cəhd edildi. Sığortası olmayan evlər üçün cərimə tətbiq olunacağı bildirildi. O zaman da pandemiya başladı və məsələ aktuallığını itirdi.

Hüquqşünas bu qanunu ədalətsiz və məntiqsiz sayır. Deyir ki, icbari sığortadan həm beynəlxalq praktikada, həm də ölkəmizdə başqasına vurulan zərəri ödəmək üçün  istifadə olunur. Daha doğru olardı ki, mənzil və ev mülkiyyətçilərinin mülki məsuliyyəti sığortalanardı. Belə ki, çoxmərtəbəli binalarda yaşayan birinin evində yanğın, subasma və s. digər hadisələr baş verən zaman digər evlərə də zərər dəyirsə, bu halda icbari sığorta olunmaqda məntiq var. Məsələn, avtomobildə də qəza olan zaman başqasına dəyən zərəri ödəmək üçün avtomobilimizi icbari sığortalyırıq. Öz avtomobilimizə dəyən zərəri isə könüllü sığortalayırıq. Düşünürəm ki, eyni məsələ evlərə də aid olmalı, könüllülük prinsipi qorunmalı idi. Amma qanuna görə, ölkədə bütün vətəndaşlar məcbur olub öz mənzillərini sığortalamalı olacaqlar.

Ə.Həsənov qeyd etdi ki, sığorta şirkətləri üçün cəlbedici ərazi olub - olmaması kimi seçim etmək şansı olmayacaq. Evlərin sığortalanması ilə məşğul olan şirkət deyə bilməz ki, sizin evi sığortalamırıq. Qeyd edim ki, sığorta ödənişləri sığorta şirkətlərinin xalis gəlir yeri olacaq. Çünki daşınmaz əmlaklarda  yol-nəqliyyat hadisələri kimi qəzalar tez-tez baş vermir.

Azərbaycanda sığortanın bir formasının olmasından danışan hüquqşünas dedi ki, bu da digər problemli məsələdir. Bizdə kommersiya sığortası var. Müştərək sığorta növü, təəssüf ki, bizdə yoxdur. Kommersiya sığortasında şəxs əgər evini, avtomobilini sığortalayırsa və bir il ərzində heç bir hadisə baş vermirsə, birillik sığorta pulu olur şirkətin mənfəəti. Amma müştərək sığorta formasında isə sığorta şirkəti fond yaradır, ödənilən məbləğin 20 faizi şirkətin, qalan 80 faizi isə məhz sığorta hadisələri baş verərsə xərclənir, baş verməzsə sığorta ödəyənin növbəti ili üçün ödənişinə əlavə olunur. Bu da vətəndaşa sərf edir. Həm də sığorta şirkətləri kommersiya sığortasında ödənişdən yayınmağa cəhd etmək istəsələr də, müştərək sığortada şirkət tərəfindən 20 faiz götürülür deyə, heç cür yayınma söhbəti ola bilmir.

 Elnur Fərzəliyev isə bildirdi ki, evlərin sığortalanması  Bakı şəhərində 50 manatdır. 50 manata sığortalanmış bir əmlakda hər hansısa bir yanğın və subasma hadisəsi baş verərsə, sığorta şirkətləri qiymətləndirmə aparır. 25 min manata qədər dəymiş zərəri qarşılayır. Şəhərdəki əmlakların böyük əksəriyyəti kirayələr üçün alınıb, kirayə verilir. Ən çox sığorta hadisələri də həmin o kirayəyə verilmiş mənzillərdə baş verir. Subasma, yanğın, qısaqapanma, hamamda partlayış və s. hadisələr baş verən zaman sığortalanmış əmlaka dəymiş zərəri sığorta şirkəti qarşılayır.

E. Fərzəliyev hesab edir ki, əmlak sığortasının məcburi olması daha çox əmlak sahiblərinə fayda verəcək. İnsanlar 10 minlərlə, yüz minlərlə dəyəri olan əmlakları alır, amma onu icbari sığorta ilə belə sığortalamırlar. Nə vaxtsa bir hadisə baş verən zaman, artıq mənzil sahibi, əmlak sahibi böyük bir zərərlə qarşı- qarşıya qalır.

Mütəxəssis burada əsas problemlərdən biri kimi, 100 minlərlə çıxarışı olmayan əmlakları görür. Bildirdi ki, onların çıxarışı olmadığına görə, mülkiyyət hüququ tanınmadığına görə bu əmlaklar sığortalana bilmir. Bu baxımdan bu sahədə məcburiyyət olacaqsa, mütləq şəkildə həmin əmlaklara çıxarış verilməlidir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: