Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Banklardan pullarımızı necə qoruyaq?

Məsələni araşdırmaq üçün iqtisadçılara müraciət etdik.

24.05.2023 14:49
19
A+
A-

Məlum olduğu kimi, mayın 16-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. “Günay Bank” tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış əmanətlər 38,5 milyon manat təşkil edib. “Günay Bank”ın ümumi depozitlərinin həcmi isə 108 milyon 566 min manat olub. Bu da o deməkdir ki, sığortalanmış əmanətlərin yalnız 38,5 milyon manatı geri qaytarılacaq. Yerdə qalan 70 milyon manatın aqibəti necə olacaq, məlum deyil.

Məsələni araşdırmaq üçün iqtisadçılara müraciət etdik.

İqtisadçı-ekspert Natiq Cəfərli dedi ki, qanunvericiliyə görə, əmanətlərin 100 min manata qədəri sığortlanır. ƏSF bank bağlanarkən həmin sığortalanmış hissəni bir ay müddətində vətəndaşa qaytarmağa borcludur: “Burada mexanizm necədir? Bütün banklar ƏSF-nin üzvüdür, ora üzvlük haqqı ödəyirlər. Hətta vəsait çatışmadıqda fond dövlət büdcəsindən dotasiya alır. Bank bağlandığı təqdirdə ləğvetmə komissiyası yaradılır və bu komissiya həmin sığortalanmış əmanətlərin sığortasını çıxardır. Daha sonra əmanətləri olan şəxslərə müraciət edilir. Ya sığortalanmış hissəni götürmələri və yaxud da müqaviləni yeniləmək şərtilə həmin vəsaiti digər banklara köçürmək təklif olunur. Beləliklə də, sığortlanmış əmanətlərin, yəni 100 min manatadək olan hissənin geri qaytarılması təmin edilir. Göründüyü kimi, burada sığortalanan əmanətlərlə bağlı heç bir problem yoxdur. Əsas problem sığortalanmayan hissə və kommersiya müəssisələrinin hesabları ilə bağlıdır.

Əslində bilirsiniz, vətəndaşlar pulunu hissələrə bölüb müxtəlif banklarda sığortalaya bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur, istənilən qədər hesab aça bilərlər. Yəni əgər bir şəxsin 300 min manatı varsa, o, hərəsi 100 min manat olmaqla, 3 müxtəlif bankda əmanətlərini sığortalayar və belə hallarda da çətin vəziyyətdə qalmır. Ancaq, təəssüf ki, ya məlumatsızlıqdan, ya da arxayınlıqdan bu cür addım atan, demək olar ki, yoxdur”.

İqtisadçı-ekspert Rəşad Həsənov dedi ki, sığortalanan əmanətin iki indiqatoru var. Birinci, əmanətin məbləği, ikinci onun faizi: “Siz 100 min manata qədər əmanəti 13-14 faizlə qoymusunuzsa, bu, sığortlanan əmanət deyil. Sığortalanan əmanətin faiz dərəcəsi əgər manatladırsa, 12,5 faizdən aşağı, xarici valyutailədirsə, bu zaman 2,5 faizdən aşağı olmalıdır. Yəni asan dillə açıqlasam, məsələn, siz banka 100 min manat əmanət yerləşdirdiniz. Həmin gün üçün 100 min manat sığortalanandır. 6 ay sonra sizin 100 min manatınız hesablanmış faizlərlə bir yerdə, tutaq ki, oldu 105 min manat. Bank bağlandığı zaman siz ancaq sığorta olunan hissəni alacaqsınız, faiz hissəsini almayacaqsınız. Yox, əgər siz 90 min manat qoysanız, növbəti aylarda məbləğiniz faizlə birgə, tutaq ki, 98-99 min manat olubsa, o halda kompensasiya zamanı sizə əmanətiniz faizlə birgə veriləcək. Yəni bu o deməkdir ki, həmin faizlər də artıq sığortlanıb. Bir sözlə, 100 min manata kimi məbləğin həm əsas, həm də faiz hissəsi vətəndaşa kompensasiya olunur.

Ancaq burda bir məsələ var. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ləğvə gedən, yəni defolt olunmuş bankların bütün öhdəlikləri, əgər bankın imkanları buna şərait yaradırsa, yerinə yetirilir. Yəni dediyimiz o faiz hissənin sizə kompensasiya olunma sırası 7-cidir. Ona kimi isə kreditorların öhdəliklərinin, fiskal öhdəliklərinin, vergi öhdəliklərinin yerinə yetirilməsi, ƏSF-nin kompensasiya üçün xərclədikləri pulun geri toplanması və sair məsələlər gəlir. Bir sözlə, bundan sonra əgər bankın kapitalı, aktivləri imkan verərsə, o zaman sizə o faizlər geri qaytarıla bilər. Ancaq bu halda da faizlərin tam qaytarılması mümkün olmaya bilər. Çünki sizin kimi minlərlə zərərçəkən insan var”.

Rəşad müəllim dedi, yaxşı olar ki, vətəndaşlar pullarını banka qoymamışdan öncə həmin bankın maliyyə vəziyyətləri ilə tanış olsunlar: “Əslində hər bir bankın özünün qanunvericiliyin tələbinə uyğun olaraq rüblük hesabatları açıqlanır, burda baxılmalı olan əsas məsələ bankın nə qədər aktivinin, nə qədər öhdəliyinin olmasıdır. Yəni borcu, problemli kreditləri nə qədərdir, hansı faizi təklif edir, bütün bunları araşdırmaq lazımdır. Məsələn, tutaq ki, xüsusiyyətlərindən biri yuxarı faizin təklifidir. Bazarda orta hesabla banklar əmanətləri 8-10 faizə götürür. Hər hansı bir bank da öz reklamında görürsünüz ki, sizdən 14 faizə əmanəti götürəcəyi vədini verir, bilin ki, həmin bankın nəsə problemi var. Çünki heç bir halda bazar qiymətinin üzərində alıcı qiymət təyin eləmir. Əgər təyin edirsə, o zaman bunlar bir işarə, siqnal kimi qəbul edilməlidir”.

Rəşad müəllim vətəndaşlara vəsaitlərini banklara etibar etməmişdən öncə o sahənin mütəxəssisləri ilə söhbət aparmağı da məsləhət gördü: “Burda dövlət, yoxsa özəl bank seçilməlidir sualını versəniz, deyərdim ki, bunun heç bir fərqi yoxdur. Əsas Mərkəzi Bankın xüsusi səhifələri var ki, həmin səhifələrdən istifadə edərək bankların göstəriciləri, onların əmanətlərinin faizləri ilə tanış ola, müqayisələr apara bilərlər. Amma istənilən halda yenə də peşəkar tövsiyəsinin alınması, düşünürəm ki, daha məqsədəuyğundur”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: