Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiyalar da divident gətirəcək...

Özəl pensiya fondları pensiyaçılara əlavə yığım imkanı verəcək

24.05.2023 15:08
24
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sığorta-pensiya sisteminin yeni inkişaf konsepsiyası ilə bağlı mühüm yenilikləri tətbiq etmək niyyətindədir. Əsas istiqamətlərdən biri işləyənlərin fərdi uçot sistemi bazasının genişləndirilməsi, pensiya təyinatı zamanı sığorta hesabında toplanmış vəsaitlərin şaxələndirilməsi və digər maliyyə təyinatlı fondlarda toplanmasıdır. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, bu siyasətə uyğun olaraq Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Hazırda həmin fondun yaradılması üçün normativ-hüquqi sənədlərin layihələri hazırlanır.

Özəl pensiya fondları nə deməkdir?

Özəl pensiya fondları qeyri-dövlət pensiya fondudur və beynəlxalq təcrübədə neçə illərdir ki, geniş istifadə edilir və alternativ pensiya yığımıdır. Belə ki, hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Amerika və Asiyada da fərdi pensiya fondlarının fərqli modelləri mövcuddur. Ümumilikdə dünyada 300-dən çox özəl pensiya fondu mövcuddur ki, onların toplam idarə olunan aktivləri təxminən 24 trilyon ABŞ dolları təşkil edir. Dünya ölkələrində tətbiq edilən fərdi pensiya modelləri ümumi olaraq bir mexanizmə əsaslanır, bu da vətəndaşların aylıq gəlirlərinin bir hissəsinin divident xarakterli yığımlara yönəldilməsidir. Belə ki, vətəndaşlar hər ay maaşlarından ödədiyi sosial sığorta haqqından əlavə, təxminən 1-2 faiz intervalında pullarını həmin fonda köçürürlər. Özəl fondlar həmin vəsaitləri investisiya məqsədilə yığır və müxtəlif iqtisadi sahələrə sərmayə, maliyyə investisiyası kimi yönəldir, dividentlər əldə edir. Həmin dividentlər illər üzrə yığılır və bankdakı əmanət hesabı kimi formalaşaraq təqaüdçülərə pensiya yaşında geri ödənilir.

Özəl pensiya institutu kommersiya strukturudur və ona görə də bu fondun fəaliyyətə başlaması o demək deyil ki, vətəndaşlar icbari sosial sığorta haqqından azad olunacaqlar, yəni Dövlət Sosial Müdafiə Fonduna aylıq 3 faiz həcmində vəsaiti ödəməyəcəklər. Çünki Dövlət Fondu fərdi uçot sisteminə uyğun olaraq hər bir vətəndaşın gələcək pensiya təminatı üçün öhdəliklərin məcburi ödəniş mənbəyidir. Ona görə də məcburi sosial sığorta haqqından heç kim imtina edə bilməz. Qeyri-dövlət pensiya fondlarının yığımları, yəni sosial sığorta haqları isə məcburi qaydada deyil, vətəndaşların öz istəklərinə uyğun müəyyən ediləcək. Vətəndaş özəl pensiya fonduna istədiyi qədər sığorta haqqı ödəyəcək. Özəl pensiya fondunun ən mühüm üstünlüklərindən biri bura toplanan pulların bank kreditləri kimi illik dividentlərlə əhatə olunmasıdır. Yəni vətəndaşların bura qoyduqları pullarının üzərinə illik faiz hesablanır və bu məbləğ onların hesabındakı məbləğinə əlavə edilir. Eyni zamanda hər il həmin vəsaitlər inflyasiyadan da qorunur. Vətəndaş gələcəkdə pensiya yaşına çatdıqdan sonra özəl fonda yığılmış pulları hər ay deyil, birdəfəyə, yaxud il ərzində bir neçə hissəyə bölüb götürə də bilər. Ona görə də özəl pensiya fondlarına yığılan vəsaitlər bir növ vətəndaşın bank depoziti hesab oluna bilər. Beləliklə, o, pensiya yaşı tamam olan zaman həm dövlət, həm də özəl pensiya fondundan pensiya yığımını əldə etmək imkanı qazanacaq. Bu isə ona daha böyük məbləğdə pensiya almasına imkan verəcək.

Məsələ ondadır ki, özəl pensiya fonduna pul qoymaq üçün vətəndaşların ödədiyi aylıq məcburi sosial sığorta haqqından əlavə, müəyyən qədər ödəniş imkanları da olmalıdır. Hazırda vətəndaşların aylıq maaşlarından çıxılan vergilər və s. ödənişləri nəzərə aldıqda onların bir qisminin özəl pensiya fonduna əlavə pul köçürmək imkanı olmaya bilər. Bunun üçün hazırda mövcud olan məcburi sosial sığorta haqqının diferensiallaşdırılmasına ehtiyac yarana bilər. Avropa və digər region ölkələrində də belə bir təcrübə mövcuddur.

Başqa bir məsələ bank-kredit təşkilatları ilə bağlıdır. Çünki özəl pensiya fondlarının yaradılmasında əsas yük qeyri-dövlət sektorunun təmsilçilərinin, yəni bank-sığorta, qeyri-bank, maliyyə qurumlarının üzərinə düşür. Bank sektoruna daimi olaraq likvidlik və təminat əsas tələb kimi Mərkəzi Bank tərəfindən izlənilir. Yəni likvidliyini itirmiş hansısa bankın, yaxud sığorta, kredit təşkilatının  bağlanması hər il mümkün ola bilər. Bu baxımdan həmin kredit və ya bank qurumunun bağlanması özəl pensiya fondlarının hesablarındakı vəsaitlərlə bağlı da problemlər yarada bilər. Ona görə də gələcəkdə belə bir fondun yaradılması zamanı bura toplanacaq vəsaitlərə dövlət zəmanətinin verilməsi əsas şərt olmalıdır. Fondun vəsaitləri sığortalanmalıdır. Bütün bu məsələlərin hər biri həll edildikdən  sonra qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması üçün heç bir əngəl qalmayacaq.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: