Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanunla ölən şəxsin əmlakını qəbul etmisənsə, onun borcuna görə də cavabdehsən

Bu cavabdehliyi həyat sığortası qarşılayırmı?

31.05.2023 17:41
316
A+
A-

Konstitusiya Məhkəməsinin Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi qərarda göstərilir ki, Mülki Məcəlləyə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Yeni qərara əsasən, vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

Bəs sığortalı kreditləri necə? Onu da varisləri ödəməlidir?

Millət vəkili Vüqar Bayramov bildirdi ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.

Həyat sığortasının da əsas özəlliyi borc alan dünyasını dəyişdikdə, qalan borcun sığorta şirkəti tərəfindən ödənilməsidir. Bu baxımdan əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən ödəniş tələb edilə bilməz. Həyat sığortası ona görə bağlanır ki, varislərdən vəsait tələb olunmasın.

Qeyd edim ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtlərdəndir. Bu baxımdan nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditləri, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır.

Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.

Hüquqşünas Əkrəm Həsənov məsələyə aydınlıq gətirərək bildirdi ki, bu qanun yeni deyil, elə əvvəldən belə idi. Sadəcə, insanlara düzgün izah edilməyib. Deyirlər ki, vərəsələr ipoteka krediti ödəyəcək. Vərəsə kimdir? Vərəsə - ölən şəxsin əmlakını qəbul edən şəxsdir. Qanun da deyir ki, mirası, yəni ölən şəxsin əmlakını qəbul etmisənsə, həmin əmlak həddində də onun borcuna görə cavabdehsən. İstəmirsənsə, qəbul da eləmə və heç nəyə görə qanunla cavabdeh də deyilsən. Vəssalam”.

Əkrəm Həsənov deyir ki, kredit götürən şəxsin ödəmə qabiliyyəti yoxdursa, o zaman bank onu məhkəməyə verəcək və evi şatışa çıxardacaq. Eyni vəziyyət insan öləndən sonra da baş verir.  Lakin həyatını siğorta etdirən zaman, yəni əgər kredit götürən şəxsin həyat sığortası varsa və o, dünyasını dəyişərsə,  o zaman borc yenə ödənilməlidir, amma  sığorta şirkəti  tərəfindən. Bir sözlə, həyat sığortası həyatınızın və ya əmək qabiliyyətinizin itirilməsi halında sizin kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilməsi üçün lazımdır. Yəni ipoteka götürmüş və həyat sığortası olanlar rahat olsunlar ki, onlardan qalan ipoteka krediti olarsa, onu vərəsələri deyil, sığorta şirkəti ödəyəcək.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: