Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türk dövlətləri həmkarlar ittifaqı  nümayəndələrinin iştirakı ilə Şuşa şəhərində keçirilən konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin

ÇIXIŞI

02.08.2023 12:06
15
A+
A-

-Hörmətli tədbir iştirakçıları,

əziz qonaqlar,

Xanımlar və cənablar!

Sizi Azərbaycan mədəniyyətinin beşiyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində salamlamaqdan çox məmnunam. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın tacı Şuşa şəhərinə xoş gəlmisiniz.

Bugünkü tədbirimizin əlamətdarlığı ondadır ki, burada dost və qardaş olan dövlətlərin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri iştirak edir.

Bizi bir-birimizə yaxınlaşdıran dəyər eyni dildə danışmağımız, eyni soykökdən gəlməyimizdir. Biz ayrı-ayrı dövlətləri təmsil etsək də, bir millətin nümayəndələriyik. Bir sözlə, bir atanın, bir ananın övladlarıyıq. Odur ki, Siz burda qonaq yox, öz evinizdəsiniz.

Tədbirimizin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var. Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Yəqin bunu Siz də hiss etmisiniz ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır. Nəzərinizə çatdırım ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə Azərbaycanın ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsində əlamətdar səhifələr yazıb.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldı. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdıldı.

Yəqin Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Şuşaya gələrkən keçdiyimiz o yolların sağı-solu vaxtilə möhtəşəm şəhərlər, qəsəbələr, kəndlər olub.

Bu ərazilərdə 1 milyondan artıq azərbaycanlı yaşayıb. İşğal zamanı ermənilərin törətdiyi insanlığa sığmayan vəhşiliklər nəticəsində xarabalığa çevrildi.

Əziz həmkarlar!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən Şuşanın azad olunması ilə bağlı bir məqamı diqqətinizə çatdırmaq istərdim. Özünüzün də gördüyünüz kimi, Şuşa şəhəri təbii istehkam olduğu üçün bura tanklarla, yaxud digər ağır silahlarla girmək böyük dağıntılara gətirib çıxara bilərdi. Ona görə də Azərbaycanın qəhrəman əsgər və zabitləri yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, gördüyünüz o uca qayaları, dağları aşaraq düşməni üzbəüz, əlbəyaxa döyüşdə məğlub etdilər və şəhəri işğalçılardan təmizlədilər. Yəni Şuşanı bizim əsgər və zabitlərimiz əlbəyaxa döyüşlə azad ediblər.

Hörmətli tədbir iştirakçıları!

Hazırda Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işlərini davam etdirir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə “Böyük qayıdış” planına start verilib. Bu gün Azərbaycan dövləti yalnız öz gücü hesabına işğaldan azad edilmiş şəhər və rayonlarını, kəndlərini yenidən qurur.

Bu prosesdə Heydər Əliyev Fondu da yaxından iştirak edir. Artıq xeyli müddətdir ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb.

Xanımlar və cənablar!

Bildiyimiz kimi, ölkələrimiz arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri də Azərbaycandır. Müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, “bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olublar. Biz bir kökdənik, biz bir dildə danışan xalqlarıq”. Ulu Öndər Prezident olduğu dövrdə hər zaman türkdilli ölkələrlə Azərbaycanın münasibətlərini inkişaf etdirməyə çalışırdı, bu istiqamətdə əhəmiyyətli işlər görürdü. Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub.

Heç də təsadüfi deyil ki, 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan sazişlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır. İkitərəfli qaydada möhkəmlənən bu əlaqələr sonda bir mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri, səyləri və qətiyyəti dayanır. Cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, Qazaxıstanın ali ordeni ilə təltif olunması dövlətimizin başçısına beynəlxalq platformada verilən yüksək dəyər, Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərə münasibətin ifadəsidir. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlətimizin başçısı deyib: “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq”.

Hörmətli tədbir iştirakçıları!

Hazırda Türk ölkələri arasında münasibətlərin daha da inkişafı istiqamətində dövlətlərimiz tərəfindən mühüm addımlar atılır.

Məlumdur ki, dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə, təbii ki, Zəngəzur dəhlizi olacaq. Diqqətinizə çatdırım ki, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bunun yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Xüsusi olaraq vurğulayım ki, Azərbaycanın Türk dünyası ilə əlaqələri çərçivəsində qardaş Türkiyə ilə münasibətlərimiz mühüm yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır. Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən Qardaş Köməyində gördük.

Hörmətli qonaqlar!

Türkdilli dövlətlərin həmkarlar ittifaqları arasında da münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Baş tutan ikitərəfli səfərlər, aparılan fikir və təcrübə mübadilələri, həmçinin imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək və həmrəylik əlaqələrimizin dərinləşməsinə səbəb olub. Beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının Azərbaycanda keçirdiyi, demək olar ki, bütün tədbirlərdə türkdilli ölkələrdən olan həmkarlarımız yaxından iştirak edir. Eləcə də bizim qurultaylara, yubiley tədbirlərinə gələrək öz ürək sözlərini çatdırırlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir çox türkdilli ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa dair müqavilələri var.

Xatırladım ki, 2021-ci ildə biz Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası ilə əməkdaşlığa dair Memorandum imzaladıq və bu sənəd iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərdə yeni səhifələr açıb, mövcud əlaqələri daha da dərinləşdirib. Həmçinin bu yaxınlarda biz Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına üzvlüyünün bərpası ilə bağlı böyük dəstək verdik.

Eləcə də mən ötən il iyunun 5-də Özbəkistanın həmkarlar ittifaqları ilə əməkdaşlığa dair imzalanan muqaviləni vurğulamaq istərdim. Bu sənəd imkan verir ki, biz həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrimizi daha da inkişaf etdirək və möhkəmləndirək.

Qardaş Qırğızıstanın həmkarlar ittifaqları ilə də sıx təmasdayıq, əlaqələrimiz davamlı olaraq inkişaf edir. Təşkilatlarımız arasında mütəmadi olaraq təcrübə və fikir mübadilələri həyata keçirilir. Müvafiq beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizdə həmrəylik nümayiş etdiririk. 

Dost və qardaş Türkiyənin həmkarlar ittifaqları ilə münasibətlərimiz dövlətlərimiz arasında olduğu kimi çox yüksək səviyyədədir. Hər zaman bir-birimizə dəstək oluruq. Çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd modul tipli ev - konteyner göndərdi. Həmçinin zəlzələdən zərər çəkənlərə maddi dəstək üçün 500 min manat vəsait köçürdük. 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə etdik. Biz bundan sonra da türkdilli ölkələrin həmkarlar ittifaqları ilə münasibətlərimizi daha da inkişaf etdirəcəyik və bu, bizim strateji xəttimizdir.

Hörmətli tədbir        iştirakçıları!

Bu gün biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyası, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyası olaraq Türkdilli Dövlətlərin Həmkarlar İttifaqları Təşkilatını yaradırıq. Məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir. Bu ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək. Həmçinin Biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışacaq, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdirəcəyik. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək.

Diqqətinizə görə, hər birinizə dərin təşəkkür edirəm.

Çox sağ olun.

ETİKETLƏR:

Foto