Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İttifaq üzvlərinin istirahəti, əmək qabiliyyətinin bərpası,

sağlamlığının qorunması və möhkəmləndirilməsi, məzuniyyət dövrünün daha səmərəli və mənalı təşkili üçün əlimizdən gələn hər şeyi edirik”

10.08.2023 23:35
26
A+
A-

Avqustun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri , Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərində olub. Vəziyyətlə tanışlığı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzindən başlayıb. “Əsas korpus” adlandırılan 4 mərtəbəli binanın, kotteclərin yataq otaqlarına, yeməkxananın zalına, mətbəxinə, ərazinin abadlığına baxış keçirib. Turistlərə göstərilən xidmətin səviyyəsi ilə maraqlanıb. Turistlərlə görüşüb, onların arzu və istəklərini dinləyib. AHİK sədrini əhatə edən çox sayda turist yaradılmış şəraitə görə təşəkkürlərini bildirib. Xidmət personalından razı qaldıqlarını, hər cür qayğı ilə əhatə edildiklərini söylədilər. Nabranın ən gözəl, istirahət üçün əlverişli ərazisində salınmış “Xəzər”in bütün komponentləri ilə müasir insanın tələblərinə cavab verdiyini vurğuladılar. Təkliflər də səsləndirdilər. Səttar müəllim bildirdi ki, bizim bura gəlişimiz, sizinlə görüşməyimizin əsasında istirahət mərkəzlərimizin ildən-ilə təkmilləşdirilməsi istəyi durur. Bu istəyimiz yalnız sizin təklifləriniz hesabına reallaşa bilər. Çünki keçirdiyiniz 15 gün ərzində mövcud vəziyyəti siz daha yaxşı görürsünüz. Biz dediyiniz təkliflərin hamısını qeydə alacağıq. İmkanımız daxilində onların hasilə gətirilməsinə çalışacağıq.

S.Möhbalıyev dedi ki, sizin bir neçəniz ərazidə hovuz tikilməsi məsələsini qaldırdı. Açığı, elə biz də bu barədə söhbətlər aparmışıq. Nə gizlədim, hətta yerini də müəyyənləşdirmişik. İnşallah, qismət olsa, növbəti mövsümə qədər onun tikilib istifadəyə verilməsini planlaşdırmışıq.

Digər təkliflər də oldu. Onlar, bir o qədər böyük xarakter daşımasa da, hər halda diqqətimizdə olacaq.

“Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin “Şahdağ” İstirahət Evi ərazisinə və turistlərinin sayına görə bir o qədər də böyük deyil. Amma, xüsusilə, ailəvi istirahətə üstünlük verənlərin ən sevimli ünvanlarındandır. Bunu AHİK sədri ilə görüşən turistlər də etiraf etdilər. Səttar müəllim kotteclərin bir neçəsində turistlərin “qonağı” oldu. Lüks tipli bu kotteclər mövsüm ərəfəsində təmir olunmuş, məişət avadanlıqları ilə təchiz edilmişdi. Hər kottecin həyətində ailənin birlikdə əyləşib çay süfrəsi açması və sair üçün stollar quraşdırılmışdır.

AHİK sədri mərkəzin yeməkxanasındakı vəziyyətlə də tanış oldu.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzi 2010-cu ildə istifadəyə verilsə də, sahə işçiləri arasında böyük imic qazana bilib. Qısa müddətdə mərkəzin ərazisində böyük tikinti-quruculuq işləri aparılıb. Səttar müəllimə məlumat verildi ki, artıq bir neçə ildir istifadəyə verilmiş kotteclər, istirahət korpusları, idman meydançaları, hovuz, uşaqlar üçün əyləncə “şəhərciyi” hər il mövsüm ərəfəsində təmir olunur, geniş ərazini əhatə edən park abadlaşdırılır. Turistlərin istirahətinə mənfi təsir göstərə biləcək heç bir  nöqsana yer qoyulmur. Açıq hovuz xüsusi nəzarətdə saxlanılır. Texniki nasazlıq, qəza almaq halları burada istisnadır.

Mərkəzdə eyni vaxtda 98 nəfər dincələ bilir. Mövsüm ərzində isə bu göstərici 1000 nəfərdən artıqdır.

Yeganə istirahət mərkəzidir ki, ərazisində meyvə bağı salınıb. Bağ salınarkən yerli iqlimə uyğun ağac növləri seçilib. Artıq ağaclar bəhər verən həddədir. Turistlər, heç bir məhdudiyyət olmadan, istədikləri vaxt sərbəst şəkildə bağda yetişdirilən almadan, armuddan, şaftalıdan, albalıdan, gavalıdan, badamdan... dada bilirlər.

S.Möhbalıyev turistlərin qida ilə təmin edilməsi məsələsinə də diqqət yetirdi. Yeməkxanadakı şəraitə baxdı. Mətbəxdə yeməklərin hazırlanması, keyfiyyəti, eləcə də təmizlik məsələlərini nəzərdən keçirdi. Yaşayış otaqlarını yoxladı. “Sakinlər” razılıqlarını ifadə etdilər. Dedilər ki, otaqlar, foye hər gün ətirli maddələrlə təmizlənir. Xoş ətir qoxusu əhval-ruhiyyəmizi bir qədər də artırır.

Səttar müəllim burada da turistlərlə görüşdü, söhbət etdi. Dedi ki, biz ittifaq üzvlərinin istirahətinin təşkilini, sağlamlığının mühafizəsini missiyamızın ayrılmaz, tərkib hissəsi bilirik.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” İstirahət Mərkəzində də AHİK sədri yaradılan şəraitlə tanış oldu. Bu istirahət mərkəzində də turistlərin yay məzuniyyətinin bir hissəsini yaddaqalan keçirməsi üçün hər cür şərait yaradılmışdı. Xüsusilə hovuz olduqca orijinal üslubda tikilmişdi. Hovuza kənardan durub baxmaq özü bir zövq, mənəvi ləzzət idi.

İdman zalı hətta peşəkar idmançıların özlərinin arzusunda olduğu avadanlıqlarla təchiz olunmuşdu. Səttar müəllim bunların hər birini diqqətlə nəzərdən keçirdi.

Sonra yeməkxanada, mətbəxdə oldu. Daha sonra yaşayış otaqlarına getdi. Hər yerdə səliqə-sahman hökm sürürdü. Narazılıq edən tapılmadı. Dedilər ki, həmkarlar ittifaqına istənilən işçi insan üçün əlçatan olan belə gözəl şərait yaratdığına görə ancaq təşəkkür düşür.

Ardınca AHİK sədri Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəldi. 2013-cü ildə istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya iki üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 570-dən artıq şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. İstirahət mərkəzinə baxış keçirən AHİK sədri burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. Səttar Möhbalıyev həmçinin bu il istifadəyə verilən 220 yerlik yaşayış korpusuna da baxış keçirib.

Bu korpus dizaynı və rahatlığı baxımından əvvəlki tikililərdən geri qalmır. Otaqların genişliyi və texniki təchizatı ilə diqqət çəkir.

Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Belə ki, ittifaq üzvlərinin istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması və möhkəmləndirilməsi, məzuniyyət dövrünün daha səmərəli və mənalı təşkili üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzi, sanatoriya-kurort müəssisəsi, sağlamlıq düşərgəsi fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır”.

S.Möhbalıyev dedi ki, biz büdcəmizdən qənaət hesabına istirahət mərkəzlərinin, sanatoriyaların şəbəkəsini genişləndirmək yolu tutmuşuq. Nə ediriksə sizin üçün, bizdən sonrakı nəsil üçündür. Bir neçə ay əvvəl “Şıx” sanatoriyasının ikinci korpusunu istifadəyə verdik. Adı təmir olsa da, biz onu, demək olar ki, yenidən qurduq. Özü də necə! Şərq və Qərb arxitekturasının ən yaxşı memarlıq nümunələri əsasında. Şərq və Qərb tibbinin ən yaxşı üsullarının tətbiqi misalında. Tibb inkişaf etmiş İsrail kimi ölkənin vətəndaşlarından burada müalicə almaq barədə sifarişlər alırıq. Biz bütün bu sifarişlərə “hə” deyə bilmirik. Axı bizim öz vətəndaşlarımızın da “Şıx”dakı müalicəyə ehtiyacı var.

“Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mən, demək olar ki, hər il istirahət mərkəzlərinə, sanatoriyalara baş çəkirəm. Biz istəyirik ki, gələn qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar, onlar üçün yaradılmış şəraitdən məmnun qalsınlar. Həmçinin qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümi işlərlə təmin olunub”, - deyə AHİK sədri vurğulayıb.

“ÜLFƏT” qəzeti

ETİKETLƏR: