Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial xidmətin inkişafına dair yeni Proqram

hansı meyar və prinsipləri əks etdirir?

30.08.2023 10:46
6
A+
A-

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın və sosial səmərəlilik prinsiplərinin təmin edilməsi və digər tədbirlər nəzərdə tutulub.

Sosial xidmətlər nədir və ölkəmizdə bu xidmətlərlə kimlər əhatə olunub?

Sosial xidmət çətin həyat şəraitində yaşayan şəxslərin və ya ailənin sosial problemlərinin aradan qaldırılması, cəmiyyətin digər üzvləri ilə sosial bərabərlik imkanlarının yaradılması məqsədilə dövlətin göstərdiyi xidmətlər təminatıdır. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da həmin xidmətlərə ehtiyacı olan minlərlə insan mövcuddur. Bura fiziki sağlamlıq məhdudiyyəti olan və müxtəlif xəstəliklərlə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlar, kimsəsizlər, ahıllar, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmişlər, bir sözlə, cəmiyyətin sosial təhlükə ilə üzləşmiş üzvləri daxildir. Dövlət həmin şəxslərə həm evdə səyyar və yarımstasionar (gün ərzində baş çəkmək) qaydada xidmət göstərir, həm də birbaşa stasionar yolla, yəni sosial xidmət müəssisələrində yerləşdirməklə ehtiyaclarını qarşılayır. Bura uşaq evləri, sosial-psixoloji mərkəzlər, əlillər və qocalar evi, sosial reabilitasiya və tibbi-sosial sağlamlıq mərkəzləri, sosial-məsləhət yardımı müəssisələri daxildir. Bir sözlə, hökumət həmin sosial müəssisələrdə məskunlaşmış insanların zəruri sosial-məişət və tibbi-psixoloji xidmətlərlə təminatını həyata keçirməklə onların, cəmiyyətin digər üzvləri kimi, eyni sosial hüquqlara malik olmasına çalışır.

Yeni Proqramın qəbul edilməsində məqsəd nədir?

Azərbaycanda qeyd edilən sahədə son illər məqsədyönlü tədbirlər həyata keçirilib, sosial xidmətlərə ehtiyacı olan şəxslərin sosial müdafiəsinin və şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı layihələr icra edib. Ancaq bununla yanaşı, sosial xidmətə ehtiyacı olan şəxslərə və ailələrə sosial xidmətin keyfiyyətində və xidmət çeşidlərində bir sıra çatışmazlıqlar qalmaqdadır. Çünki həmin insanlara təkcə yaşadığı ünvanlarda və sosial müəssisələrdə xidmət göstərməklə iş bitmir, bu şəxslərin cəmiyyətin digər kateqoriyaları kimi müxtəlif həyat standartları ilə əhatə olunması, mənzil və ya fərdi evlərlə, avtomobillərlə təminatı, əmək qabiliyyəti imkan verdiyi halda işlə təmin olunması, cəmiyyətə adaptasiya olunaraq rifahlarını qurmaq kimi arzu və tələbləri vardır. Hökumət imkanı çatdığı qədər bu tələbləri yerinə yetirir, ancaq bu istiqamətdə tam sosial təchizat məsələlərini həll etməyə ehtiyac duyulur. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın məqsəd və vəzifələri də məhz qeyd edilən ehtiyacların həllini nəzərdə tutur. Eyni zamanda Azərbaycan insanların sosial müdafiəsini və sosial xidmətlərlə əhatə olunmasını təmin etmək üçün müxtəlif beynəlxalq və regional təşkilatların müqavilə və sazişlərinə qoşularaq üzərinə öhdəlik götürüb. Ona görə də yeni proqramın qəbul edilməsi zamanı həmin faktorlar da nəzərə alınıb və proqram hazırlanarkən qabaqcıl Avropa ölkələrinin sosial xidmətlər sektoru dərindən öyrənilib, Avropa İttifaqının Tvinninq layihəsi əsasında bir sıra sosial meyarlar mənimsənilib.

Hansı sosial dəyişikliklər gözlənilir?

Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji inkişaf mərhələsinə daxil olub, başlıca hədəflərdən biri vətəndaşların daha keyfiyyətli və layiqli sosial müdafiə tədbirləri ilə əhatə olunmasıdır. Qarşıdakı illər ərzində sosial sektorun bütün bölmələrində artımı təmin edən siyasətin yürüdülməsi, əməkhaqlarının artırılması, xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsinə çatdırılması, təqaüd və müavinətlərin, ehtiyac meyarının həddinin yüksəldilməsi, sosial ödəmələrin və ünvanlı yardımların məbləğinin artırılması, sosial xidmətlərin maddi dəyərinin yüksəldilməsi, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığının artırılması nəzərdə tutulur. Hökumətin sosial niyyəti “Yoxsulluğa son” şüarına fokuslanıb.

Həmin sosial müdaifə tədbirləri çərçivəsində sosial xidmət çeşidlərinin təkmilləşdirilməsi, ənənəvi stasionar formalardan uzaqlaşaraq sosial xidmətin müasir modellərinin tətbiqi prioritetlərdən biridir. Sosial xidmətin məzmununun sosial-iqtisadi xidmət modelinə keçidi prinsiplərdən biridir və əsas məqsəd həmin şəxslərin həyat səviyyəsinin möhkəmləndirilməsi və layiqli sosial hüquqlarla təmin edilməsi, ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılmasıdır. Digər başlıca məqsədlər sosial ədalət, humanizm, əlçatanlıq və ünvanlılıq, sosial inteqrasiya və layiqli həyat keyfiyyət meyarlarının təmin edilməsidir ki, bunlar Dövlət Proqramının əsas məzmununu təşkil edir.

Beləliklə, Dövlət Proqramının həyata keçirilməsi sosial xidmətlər sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə səbəb olacaq, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsini təmin edəcək. Qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin tətbiqi sayəsində sosial xidmətlərin ucraq bölgələrdə və bütün regionlarda bərabər səviyyədə təmin edilməsinə imkan yaradacaq.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: