Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi

2023-cü ilin son 8 ayı ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 242 ailəyə ümumi dəyəri 54300 manat məbləğində maddi yardım göstərilib.

13.09.2023 11:28
50
A+
A-

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 2023-cü ilin 8 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilib.

İclası giriş sözü ilə açan Şuranın sədri Qəzənfər Abdullayev bildirib ki, son 8 ayın yekunlarına nəzər salsaq görərik ki, ötən dövr Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəaliyyəti uğurlu hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə bağlı Şura, ona üzv olan muxtar respublika və rayon birləşmiş həmkarlar ittifaqi komitələri özlərinin tutduğu Tədbirlər Planına uyğun olaraq, təşkilatlarda “Heydər Əliyev və həmkarlar ittifaqları”, “Sosial-iqtisadi və hüquqi mənafelərimizin müdafiəçisi” və sair mövzularda yığıncaqlar keçirmiş, ittifaq üzvlərini işçilərin əmək və hüquqi mənafelərini tənzimləyən bir çox müddəalar və hüquqi aktlarla məlumatlandırıblar. Bundan başqa, Şura istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı aprelin 28-də “Layiqli əmək həyatımızın göstəricisidir” mövzusunda silsilə tədbirlər həyata keçirib.

Şura Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyə xarakterli məktublarından irəli gələn vəzifələri də layiqincə yerinə yetirib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 28 aprel 2023-cü il tarixli məktubuna uyğun olaraq muxtar respublikamızda yaşayan 2700 aztəminatlı, şəhid və qazi ailələrinə 245.768 manat dəyərində ərzaq sovqatı verilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şuranın dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında gənc Heydərçilər üçün Yay istirahət düşərgələri təşkil edilib. “Ağbulaq” İstirahət Mərkəzində təşkil olunan “Yay düşərgəsində” xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olunmuş, tək valideynli 44 uşağın istirahəti təşkil edilib. Daha sonra isə gənc idmançılar üçün Yay düşərgəsi təşkil olunub. Bu proqramlarla yanaşı, hər həftənin şənbə və bazar günləri muxtar respublikanın nazirlik və komitələrinin, dövlət qulluqçularının və ailə üzvlərinin tərəfimizdən mütəmadi olaraq istirahətləri həyata keçirilməkdədir.

Şuranın sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən Qurban bayramı münasibətilə muxtar respublikada yaşayan şəhid, qazi, aztəminatlı 1250 ailəyə ümumi dəyəri 118000 manat məbləğində olan sovqat yardımı göndərilib.

2023-cü ilin son 8 ayı ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasından aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 242 ailəyə ümumi dəyəri 54300 manat məbləğində maddi yardım göstərilib.

AHİK-in İcraiyyə Komitəsinin 1 iyun 2023-cü il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciətləri nəzərə alınaraq, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na 50000 manat məbləğində vəsait köçürülüb.

Diqqətə çatdırılıb ki, Şuranın iş strukturunda da müsbət dəyişikliklər aparılmış, yeni kadrlar işlə təmin olunmuşlar. Bu dövr ərzində Şuranın inzibati binasının foyesində “Heydər Əliyev” guşəsi yaradılmış, otaqlarda əməkdaşlar üçün münbit iş şəraiti təşkil edilmiş, həyətyanı sahəsində abadlıq işlərinə rəvac verilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş, gül kolları əkilmiş, “Ağbulaq” İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Culfa rayonunda yerləşən “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və tikintisi başa çatmaqda olan “Darıdağ Arsenli Su Müalicə” kompleksi, “Darıdağ” sanatoriyası Şuranın balansına keçirilib. Vurğulanıb ki, yaxın gələcəkdə istirahət guşələrimizin sayını artırmaq üçün yeni düşərgələr açılacaq.

Şuranın sədri qeyd edib ki, bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində tədbirlər həyata keçirilir. İttifaq üzvlərinin sağlamlığının qayğısına qalınması da daim diqqətdə saxlanılır. Onların “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Günəşli”, “Naftalan” və sair sanatoriyalarda müayinəsinin, müalicəsinin və istirahətinin qayğısına qalınır. Bu dövr ərzində yüzlərlə ittifaq üzvi və 26 nəfər şəhid ailəsi Şuranın bu qayğısından yararlanıb.

Sədr çıxış zamanı vurğulayıb ki, 15 Sentyabr - Bilik Günü ərəfəsində aztəminatlı ailələrin uşaqlarına, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud , təkvalideynli, çoxuşaqlı, şəhid və qazi övladları və digər kateqoriyadan olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatları, noyabr ayında isə qış geyimi verilməsi üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 100 nəfər məktəbli uşağa ümumi dəyəri     10 000 manat məbləğində maddi yardım ayrılıb.

İclas zamanı həmçinin aidiyyəti sahələr üzrə üzv təşkilatların nümayəndələri tərəfindən hesabatlar və 2023-cü il üzrə planların təqdimatı olub və müfəssəl müzakirələr aparılıb.

Sonda AHİK-in yaranmasının 30 illik yubileyi münasibətilə 10 nəfər həmkarlar ittifaqı fəalı “AHİK-30 il”  yubiley döş nişanı və pul mükafatı ilə təltif olunub.

ETİKETLƏR: