Yeni tədris ilindən gözləntilərimiz...
İşğaldan azad edilmiş ərazilərdə dörd məktəb fəaliyyətə başlayacaq

2004-cü il avqustun 21-də Respublika Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və həmin gün “Bilik Günü” kimi qeyd edilir.
Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, orta məktəblərdə, kolleclərdə, peşə və ali təhsil sahəsində, məktəbdənkənar müəssisələrdə yeni tədris ilinin gətirdiyi həyəcan, xoş təlaş hiss olunur.
“Bu il ölkə üzrə birinci siniflərə təxminən 130 minə yaxın şagirdin gedəcəyi proqnozlaşdırılır. Onlardan 47 min 962 şagird paytaxt Bakının payına düşür. Ümumilikdə isə 4447 orta ümumtəhsil məktəbimizdə 1.6 milyon şagird təhsil alacaq”. Bunu təhsil üzrə mütəxəssis Elçin Əfəndi bildirdi. Dedi ki, təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllimlər arasında keçirilən sertifikasiya imtahanları, bütün orta ümumitəhsil müəssisələrində uniformanın tətbiqi şagirdlərdə motivasiyanın yaranmasına, təhsildə nəticələrin yüksək olacağına dəlalət edir. Bu il məktəblərdə mobil telefonlardan istifadənin qadağan edilməsi də gözlənilir. Bu da təhsilin keyfiyyətinə müsbət mənada təsir göstərəcək amillərdən biridir.
Mütəxəssisin qeyd etdiyi yeniliklərlə yanaşı, bildirim ki, builki tədris ilində işğaldan azad edilmiş ərazilərdə dörd məktəb fəaliyyətə başlayacaq.
Onlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun verdiyi məlumata əsasən, bu ilin sentyabr ayında açılışı planlaşdırılan Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 960 şagird təhsil alacaq. İkimərtəbəli inzibati binada yerləşən bu tədris ocağında hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, kiçik amfiteatr mərkəzi var.
Məktəb üçün ayrılan 3 ha. həyətyanı ərazidə futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi avtonom qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası yekunlaşmaqdadır.
Füzuli şəhərinə planlaşdırılan geriqayıdış proqramına əsasən, ilkin mərhələdə 95 ailədə 349 nəfərin məskunlaşması həyata keçirilib ki, həmin ailələrdə 104 nəfər məktəbyaşlı uşağın müvafiq məktəbə yerləşdirilməsi təmin edilib (sentyabrın 11-də daha 24 ailə olmaqla, 92 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Bununla da Füzuli şəhərində 119 ailə olmaqla, 441 nəfərin daimi məskunlaşması təmin edilib-red.).
G.Əbdülov bildirdi ki, ərazidə və yaxınlıqda yerləşən Hadrud qəsəbəsində fəaliyyət göstərən hərbçi ailələrinin övladlarının da Füzuli şəhər 1 nömrəli tam orta məktəbə cəlb edilməsi ilə bağlı işçi qrup yaradılıb. Qrup müvafiq sahədə lazımi tədbirlər həyata keçirir. Beləliklə, cari dərs ilində həm geriqayıdışda iştirak edən , həm də həmin ərazidə çalışan hərbçi övladlarının təhsilə cəlb olunması ilə Füzüli şəhər 1 nömrəli tam orta məktəbdə 11 sinif komplekti və 14 nəfər uşaqdan ibarət 1 məktəbəhazırlıq qrupunun fəaliyyətə başlaması planlaşdırılıb.
Həmsöhbətim qeyd etdi ki, məktəbdə pedaqoji prosesə 22 nəfər müəllim cəlb olunacaq. Köç mərhələsində iştirakı təmin olunmuş, hazırda pedaqoji fəaliyyət göstərən 2, MİQ-də uğur qazanmış 2, yerdəyişmə vasitəsilə 1 müəllimin təyinatı ilə bağlı rəsmi işlər həyata keçirilib. Digər ixisasların təmin olunması MİQ-in növbəti mərhələsində elan olunmuş və Füzuli rayon ümumitəhsil müəssisələrində çalışan müəllimlərin ikinci iş yeri üzrə müraciətlərinə əsasən aparılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, məktəb üzrə yaranacaq digər yardımçı vəzifələrə təyinat (müsabiqə tələbi olmayan) yeni məskunlaşan ailələrin üzvlərindən müəyyənləşdirilib. Məktəbin şagirdləri dərsliklərlə tam təmin olunub.
Sonda əlavə etmək istərdim ki, Füzuli rayonu ilə bərabər, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin təhsil alacağı bildirilir. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndində də məktəb tikintisinə başlanılıb.