Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İlin peşəkar gənci” adına layiq görülmüş gənclərin mükafatlandırılma mərasimi

Sonra 2022-ci ilin nəticələrinə görə, “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edildi.

22.09.2023 00:08
92
A+
A-

Sentyabrın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə mükafatların təqdimolunma mərasimi keçirilib.

Tədbirdə AHİK rəhbərliyi, aparat işçiləri, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, mətbuat nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı  Səttar Möhbalıyev bildirib ki, gənclər cəmiyyətin əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla, hər bir dövlətin gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayırlar. “Ulu Öndər Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil respublikamızın Prezidenti olarkən gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu.

AHİK sədri qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası onların potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. Dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında gənclərin fəaliyyəti təmin olunur, yaradıcı potensialı, bilik və bacarığı yüksək qiymətləndirilir. Gənclərin mənzillərlə təmin olunması üçün İpoteka və Kredit Zəmanət Fondunun yaranması da belə təqdirəlayiq addımlardan biridir. Gənclər də bu imtiyazdan bəhrələnib öz ailə-məişət problemlərini həll edirlər. Eyni zamanda tələbə-gənclər üçün Tələbə Kredit Fondunun yaranması da onlara dövlətin qayğısının bariz nümunəsidir. Qeyd edim ki, biz də, həmkarlar ittifaqı təşkilatı olaraq, Tələbə Kredit Fonduna uzun müddətdir yüz minlərlə manat vəsait köçürdürük. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əlaçı və universitetlərin ictimai həyatında fəal iştirak edən tələbə-gənclər üçün “Adlı təqaüd”lər təsis edilir və onlara mükafatlar təqdim olunur. Bu günə qədər 3 mindən artıq tələbə “Adlı təqaüd”lə təlfif olunub. 

AHİK sədri vurğulayıb ki, həmkarlar ittifaqları dövlətimizin gənclər siyasətinə fəal dəstək verir: “İttifaqımızın 22,2 faizini 29 yaşadək gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və digər qərar və sənədlər qəbul edərək həyata keçirib. Hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, maarifləndirmə kursları təşkil olunur. Əlaçı tələbələr üçün təqaüdlər təsis edilir. İndiyədək 3000 nəfərə qədər gənc bu təqaüdə layiq görülüb. Bir neçə ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, onlarla imkansız tələbənin təhsil haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan 2 mindən çox kursantı diplom və qiymətli hədiyyələrlə mükafatlandırmışıq”.

S.Möhbalıyev bildirib ki, bugünkü tədbirdə mükafat alan gənclərin arasında Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş 13 nəfər qazi və veteranın olması ayrıca qürurvericidir. Parlaq Zəfərlə başa çatan 44 günlük müharibə Azərbaycan gəncləri üçün bir sınaq idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər, Vətənin müdafiəsinə qalxdılar, rəşadətlə döyüşərək bu sınaqdan alnıaçıq çıxdılar. Vətən müharibəsi göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar.

Qeyd edim ki, AHİK tərəfindən də  “Yaşat”, “Qarabağ Dirçəliş Fonduna” və digər lazımi yardım kampaniyalarına müharibə və postmüharibə dövrlərində ianələr edilib və bu gün də davam edir. Hazırda da qazilərimizin, şəhid ailəsi üzvlərinin  məşğullluğunun təmini ilə bağlı həmkarlar ittifaqı təşkilatı müəyyən maddi dəstək göstərir.  Biz şəhid ailələrinin problemlərini həll etməyə, dəstək olmağa, bizə müraciətlərinə dərhal, müsbət cavab verməyə çalışırıq və bu, borcumuzdur.

Sonra 2022-ci ilin nəticələrinə görə, “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edildi. Onların 42 nəfəri kişi,  22 nəfəri isə qadındır və ən azı 3 il və daha çox əmək stajına sahibdirlər.

 Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.

Əsli TELMANQIZI

ETİKETLƏR: