Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pandemiya dövründə gənc işçilərin maarifləndirilməsi necə təşkil olunur?

Pandemiya dövründə gənc işçilərin maarifləndirilməsi necə təşkil olunur?

20.02.2021 12:20
119
A+
A-

Fevralın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin Gender Məktəbi çərçivəsində “Koronavirus (COVID-19) pandemiyası dövründə həmkarlar ittifaqı komitələri tərəfindən gənc işçilər arasında maarifləndirmə prosesinin həyata keçirilməsi” mövzusunda vebinar keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin sədri Cəmilə Səttarova əvvəlcə Vətən müharibəsinin yeganə şəhid qadını, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqqında danışıb. Qeyd edib ki, Arəstə xanım 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olmuşdur. Qadınların hər zaman dözümlü, iradəli, vətənpərvər olduğunu vurğulayan Cəmilə xanım bildirdi ki, ölkədə pandemiya dövründə ən çox zərər çəkən sahə məhz qadın işçilərin üstünlük təşkil etdiyi azgəlirli sahələr olduğu üçün onların iqtisadi və sosial ehtiyaclarına xüsusi diqqət yetirilməlidir. Məhz buna görə də, zərif cinsin nümayəndələri hökumətin və həmkarlar ittifaqı təşkilatlarının hər zaman diqqət mərkəzindədir. 

Cəmilə xanım qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (2020) apardığı araşdırmalara görə, pandemiya qadınların həm iş yerlərinin itirilməsinə səbəb olub, həm də gəlirlərinə mənfi təsir edərək ağır zərbə vurub. Dünya ölkələrinin əksəriyyətində bütün sosial və yaş qruplarından olan qadınlar iş, gəlir itkisi və ödənişli iş saatlarının azalmasından təsirlənib.

Daha sonra C.Səttarova koronavirus dövründə həmkarlar ittifaqı komitələri və onların “Gender bərabərliyi və qadın prolemləri üzrə komissiyaları hansı addımları ata bilər, maarifləndirmə prosesində iştirakları nədən ibarətdir” mövzusunda geniş məlumat verdi: “Bizim sahədə ilk növbədə sahə sazişlərinin  mətninə düzəlişlər edildi və yeni şərtlər qoyuldu.

Bunlar sırf COVID-19-la bağlı şərtlərdir. Rayon komitələri və ilk təşkilatlar səviyyəsində əməyin mühafizəsi ərazi sazişlərinə və kollektiv müqavilələrə konkret tələblər və maarifləndirmə tədbirləri daxil edilib”.

Sonra  tədbirdə iştirak edən AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov çıxış edərək pandemiya dövründə “Gənclər şuralarının fəaliyyəti, Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” adı uğrunda Respublika-baxış müsabiqəsinin keçirilməsi, “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi, gənc əməkçilərin rifah halının yaxşılaşmasına yönələn tədbirlərdən danışdı. Gənc kadrların hazırlanması və peşə hazırlığının yüksəldilməsi, gənclərin hərbi vətənpərlik tərbiyəsində həmkarlar ittifaqı təşkilatlarının rolu, gənclərin sağlamlığının qorunması naminə narkomaniyaya qarşı mübarizə və sairə maarifləndirmə işləri barədə geniş məlumat verdi.

Vebinarda iştirak edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komtəsinin sədr müavini Mirzə Cəfərzadə dedi ki, pandemiyanın yayılmağa başladığı ilk vaxtlarda, 2020-ci ilin mayın 31-də  biz Rəyasət Heyətinin xüsusi iclasını çağırdıq. Həmin iclasda pandemiya dövründə  ittifaq üzvlərinin  sosial hüquqlarının müdafiələrinin gücləndirilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərarda ilk növbədə gigiyenik qaydalara əməl etmək, məsafə saxlamaq, bir sözlə, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bütün təlimat və tövsiyələrə  riayət etmək və ittifaq üzvləri arasında bu barədə maarifləndirmə işi aparmaq tələbi əks olunurdu. Respublika Komitəsi mütəmadi olaraq üzv təşkilatlar qərarda nəzərdə tutulan məsələlər üzrə həyata keçirdikləri tədbirləri qeydə alırdı. Sonra biz ittifaq üzvlərinin sosial müdafiəsinin daha yaxşı təşkili üçün  işəgötürənlərə tövsiyə xarakterli məktublar göndərdik. Məktubda yazılırdı ki, işdən qeyri-qanuni azad olunma hallarının qarşısı alınsın, insanlar incidilməsin, onlara həm maddi, həm mənəvi dəstək göstərilsin, ehtiyacı olanlara yardım edilsin. Təşkilatımızın böyük hissəsi - 75 min ittifaq üzvümüz 29 yaşına qədər olan gənclərdir. Gənclər arasında pandemiya ilə bağlı mütəmadi olaraq vebinarlar, seminarlar keçirilir. Hesab edirəm bu pandemiyadan biz alnıaçıq çıxacağıq.

Mirzə müəllim dedi ki, pandemiya dövrü Vətən müharibəsi ilə üst-üstə düşdüyü üçün biz ikinci bir məsələni də üzv təşkilatlarımızın nəzərinə çatdırdıq ki, onlar müharibədə iştirak edən təhsil işçilərinin qeydiyyatını aparsınlar. Şəhidlərimizin sayı haqqında dəqiq məlumat versinlər, ailələrinin sosial vəziyyəti ilə maraqlansınlar. Vətən müharibəsində 20 nəfər təhsil işçimiz şəhid olub, onlardan 11-i ailəli idi, övladları var. Sözsüz ki, şəhid ailələri  qayğı ilə əhatə olunacaq.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: