Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisin Regional məsələlər komitəsinin iclasında 3 məsələyə baxıldı

Fevralın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

20.02.2021 13:44
30
A+
A-

Fevralın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

İclasda əvvəlcə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələyə baxılıb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov diqqətə çatdırıb ki, 2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması, bələdiyyələr tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması və ya qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, mövcud qanunvericiliyə müvafiq  dəyişikliklər olunub. Hesabat dövründə Ədliyyə Nazirliyində 79.858 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. 76.433 akt (95,7%) qanunvericiliyə uyğun hesab edilib, normativ-hüquqi aktların tələblərinə zidd olan 2.939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkliflər verilib, digər 486 akt isə icraatdadır.

Hesabat dövründə bölgələrdə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 86 maarifçilik tədbiri həyata keçirilib.

Natiq deyib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində də bir sıra tədbirlər görülüb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə yerli özünüidarəetmə institutunun təkmilləşdirilməsinə, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, yerli əhali arasında bələdiyyələrə etimadın artmasına yönəlib.

Sonra komitə üzvü, AHİK sədri, millət vəkili Səttar Möhbalıyev gündəlikdə duran növbəti iki məsələni təqdim edib. Deyib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək  rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha. torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir.

S.Möhbalıyev qeyd edib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Bildirib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə aparılır.

Onlayn iclasda çıxış edən komitə sədri Siyavuş Novruzov, komitənin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Elşən Musayev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə fikirlərini bildirərək təkliflərini səsləndiriblər. Deputatlar Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə nəzərdə tutulan dəyişiklikləri də dəstəkləyiblər.

Müzakirələrin sonunda hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitə üzvləri Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə iştirak ediblər.

ETİKETLƏR: