Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Hakimlərin Seçki Komitəsinin fəaliyyəti hansı qanunla tənzimlənir?

 Hakimlərin Seçki Komitəsinin fəaliyyəti hansı qanunla tənzimlənir?

27.02.2021 13:53
12
A+
A-

 Hakimlərin Seçki Komitəsinin fəaliyyəti hansı qanunla tənzimlənir?

  

   Asiman ƏLİYEV, Bakı şəhəri.

- Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata keçirən orqandır.

Hakimlərin Seçki Komitəsinin fəaliyyəti “Məhkəmələr və hakimlər haqqında” qanunla, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir.

 

Xüsusi notariuslarda hansı əməliyyatlar həyata keçirilir?

    

Sahib VƏLİYEV, Şəki şəhəri.

- Ölkəmizdə notariat hərəkətlərini dövlət notariusları, rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri, Mülki Məcəlləyə uyğun olaraq notariusa bərabər tutulan vəzifəli şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri və xüsusi qaydada notariat fəaliyyətini həyata keçirmək üçün Ədliyyə Nazirliyində müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək xüsusi notariusun qeydiyyat vəsiqəsini almış xüsusi notariuslar həyata keçirir.

“Notariat haqqında” qanunda qeyd edilən qurumların hər birinin apara biləcəyi notariat hərəkətləri göstərilmişdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, xüsusi notarius notariat hərəkətlərini Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qaydada aparır. Qanunun 17-ci maddəsi isə dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərini əks etdirir. Maddəyə əsasən, dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:

1) əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;

6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

9) şəxsin sağ olması faktını təsdiq edir;

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;

14) pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir;

15) icra qeydləri aparır;

16) veksellərə protestlər tərtib edir;

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;

18) sənədləri saxlanmaq üçün qəbul edir;

19) dəniz protestləri tərtib edir;

20) sübutları təmin edir.

Xaricdə istifadə edilən sənədlərin təsdiqi, dəniz protestlərinə baxılması və daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında olan notariat hərəkətlərinin aparılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir inzibati ərazi vahidində fəaliyyət göstərən müəyyən bir notariusa həvalə edilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər. Odur ki, istər dövlət notariuslarının, istərsə də xüsusi notariusların apardığı notariat hərəkətləri eynidir.

 

Cəzaçəkmə müəssisəsində olan şəxslə nikah münasibətinə xitam verilərkən ərazi aidiyyəti məsələsinə əməl edilməlidirmi? Qeyd edim ki, azyaşlı uşağım da var.

 

Sevda BAXŞIYEVA, Gəncə şəhəri.

 

- Ərazi aidiyyətinin ümumi qaydalarına görə, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Lakin bəzi hallarda iddiaçının müraciət edəcəyi məhkəməni seçmək hüququ da vardır.

Mülki Prosessual Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyət məsələsini nəzərdə tutur. Belə ki, iddiaçı həm yanında yetkinlik yaşına çatmamış uşağı olduqda, həm də azadlıqdan məhrumetmə növündə cəzaçəkən şəxsə qarşı nikahın pozulması haqqında iddia qaldırdıqda iddianı həm cavabdehin yaşayış yeri üzrə, həm də özünün yaşadığı yerə görə verə bilər. Odur ki, Siz qeyd etdiyiniz halda nikahın pozulması haqqında iddianı öz yaşayış yeriniz üzrə məhkəməyə verə bilərsiniz.

ETİKETLƏR: